İman ABDULLA:Güldün sonu kin oldu, Sərhəd çəkdin, din oldu. Dərd bir idi min oldu, Şələyə bax, şələyə!

İman ABDULLA:Güldün sonu kin oldu, Sərhəd çəkdin, din oldu. Dərd bir idi min oldu, Şələyə bax, şələyə!

Gəlirəm

Ziyarət eyləyin məni,
Pirdən, ocağdan gəlirəm!
Bu dünya imtahan yeri,
Odam,sıcağdan gəlirəm!
.
Buludlar başımın tacı,
Gəl ol dərdimin illacı.
Dağların gözəl turacı,
Yamacdan,dağdan gəlirəm!
.
Köynəyi geymişəm saya,
Gələn yoxumdur ki, haya.
Pambığlıdan enib çaya,
Damcı bulağdan gəlirəm!
.
Köhnə dünyada təzəyəm,
Aya, ulduza bəzəyəm.
Sanki qartala bənzəyən,
Düşüb uçağdan gəlirəm!

Yapış ətəyindən təkcə Allahın

Dünyada ən güclü səs surətidir,
Yetişməz dadına vaxtında o da.
Dürdən də qiymətli olsa da öyüd,
Qırxında yetişər fəqət övlada.
.
Hər nəfəs alanda şükranlıq eylə,
Uzaq ol pislikdən, şərdən, günahdan.
Vaxta qənaət et, şərini düşün,
Xeyrini istə sən uca Allahdan!
.
Özünə dönəndə özün olursan,
Özünə kənarda dost arama sən.
Anadan qeyrisi dost ola bilməz,
Özgə tellərini gəl darama sən!
.
Ağıllı adamla dost ol ki, həm də,
Doğma tək qoynuna alacaq səni.
Büksən də gədanı qızıla,  zərə,
İlan tək haçansa çalacaq səni!
.
Yaxşı ol, dəyərin yaxşılar bilsin,
Daşıma yalançı dostun günahın.
Tüpür dabanına gidi dünyanın,
Yapış ətəyindən təkcə Allahın!

Ürəyə bax, ürəyə

Haqq nazilər üzülməz,
Söz bitdisə çözülməz.
Ömür sürdüm dözülməz,
Ürəyə bax, ürəyə!
.
Güldün sonu kin oldu,
Sərhəd çəkdin, din oldu.
Dərd bir idi min oldu,
Şələyə bax, şələyə!
.
Rahat ölmür, öləndə..,
Dərdə mən tək bələn də.
Bizə hiylə gələndə,
Kələyə bax, kələyə!
.
Nə tin bildin, nə dalan,
Ay məni dərdə salan.
Bizi  hədəfə alan,
Fələyə bax, fələyə!
.
İmanı yox arayan,
Nə abrın var,nə hayan..
Saçlarını darayan,
Küləyə bax, küləyə!

Share: