BİLİNƏN SON
Üstündə şaxta cığırı –
Yarpaqlar yağır həvəssiz…
Budurmu ömrün axırı –
Yarpaqlar baxır nəfəssiz!..
.
Hönkürtü tıxaca dönür,
Göz qalır əlimyandıda…
Yaxında bir işıq sönür –
Uzaqda biri yandı ta….
.
Tozlanır əlin yaddaşı,
Ötən günlərin odunda…
Bax o, yazılan ad daşı –
Göyərdir təzdən yadında!..
.
Seyrələn sıra , kədəri
Su kimi çəkir canına…
Lap başdan bəlli qədəri –
Kimsə almadı yanına!.
HƏRDƏN
İçimdə kirkirəm də var –
Eləyər ağnavaz , hərdən…
Kipriklərim də xəlbirdi –
Suyunu saxlamaz, hərdən…
.
Heç kim bilmir nədir sirri
Ürəyi saxlayan diri!
Mənə qoşulubdu biri –
Amma, o, ağlamaz hərdən!..
.
Tüstülənir , çoxdan, kömrüm
Gözləməklə ötür ömrüm…
Sınaqdan keçəndə səbrim –
Qapını bağlamaz ,hərdən!..
.
Əbülfət ütüb ismətin,
Göstərir aşkar xislətin!
Osa , yanağın həsrətin –
Baxışla dağlamaz, hərdən!..
.
GECƏNİN TƏƏSÜRATI
Baxdım və gözlərimə
özün təpdi qaranlıq…
Ətraf zülmət büründü –
mənim üçün bir anlıq…
.
Ruhum özün itirdi,
dilim sözün itirdi…
Səsin özün yetirdi –
hardadı o, piranlıq?!.
.
Qar olsun, sazaq olsun…
lap gülmək yasaq olsun..
Tək eşqdən iraq olsun –
İlahi, o viranlıq!..
.
Mən dözən, hakim zaman
qandı gözümə daman…
Yaraşır amma, yaman –
həsrətimə tiranlıq!..
TAPMISAN…
Sən, məni küsdürməyin –
Asan yolun, tapmısan…
Bir az soyuq baxışla –
Yazan, yolun tapmısan!..
.
Ürək əgər yardasa
Fikir, xəyal dardasa…
Hislərimin hardasa –
Azan, yolun tapmısan!
.
Çox güvənmək özümə
Çən gətirdi , gözümə…
Son quyunu özümə –
Qazan yolu, tapmısan!
.
Uğur var hər naxışda
Qoy öyünüm, bağışla -..
Ay Əbülfət, bu yaşda –
Ozan yolun, tapmısan!
















