Mənim bu şəhərə yazığım gəlir
Bu necə oyundu, necə yarışdı?
Tərəzi gözündə daşır günahlar.
Göydə buludlara gedib qarışdı,
Ev- ev, bina- bina ucalan ahlar.
Mənim bu şəhərə yazığım gəlir.
.
Gecələr səs- küydən yata bilmirsən,
Yuxun, neyləsən də getməz dərinə.
Vaxtında evinə çata bilmirsən,
Maşınlar yol kəsir adam yerinə.
Mənim bu şəhərə yazığım gəlir.
.
Payızda şıdırğı yağışlar yağır,
Qorxuram, hər tərəf selə dönəcək.
Sular yol götürüb evlərə axır,
Yer altı keçidlər gölə dönəcək,
Mənim bu şəhərə yazığım gəlir.
.
Küləyi başlardan papaq aparır,
Gah xəzri, gah da ki, yel ağzındayıq.
Ay sükut əlindən haray qoparır,
Gecəsi sərxoşdu, gündüzü ayıq.
Mənim bu şəhərə yazığım gəlir.
.
Küçədən tələbə qoxusu gəlir,
Hər tinin, döngənin həyası kənddi.
Ürəyə qəriblik duyğusu gəlir,
Şəhər unutmasın, mayası kənddi.
Mənim bu şəhərə yazığım gəlir.
.
Daha indən belə nə duman, nə çən,
Döyməz yağış məni, nə də qar məni.
Diksinməz küçələr ayaq səsimdən,
Bir azdan yolları unudar məni,
Mənim bu şəhərə yazığım gəlir.
07. 10. 2025.
Küçələr yazıqdı
Ömrünü kəsirsən, yaşın alırsan,
Qəza olanda da göydən enirsən.
A bəy, sevgilinə maşın alırsan,
Sonra da tıxacdan gileylənirsən.
.
Kimə oxşamışıq, bizdən harda var?
Hər işin, əməlin yeri var axı.
Görmüşük qadına paltar alarlar,
Dəbə mindirməyin maşın almağı.
.
Bəsdi, özümüzü oda salmayaq,
Kim istər şəhərin dərdi çoxalsın?
Bəlkə ara verib maşın almayaq,
Küçələr yazıqdı, qoy nəfəs alsın.
03. 10. 2025.
Ürəyimin rəngi
Mənim ürəyimin rəngi qaradı,
Ümidim, arzum da sarı rəngdədi.
Altından qəm axır, üstü yaradı,
Məni çalan dərdim arı rəngdədi.
.
Ürək də Tanrının verdiyi paydı,
Bir ömür bəsidi abrı, həyası.
Qayğılar içində boğulmayaydı,
Kaş ki, daş olaydı himi, mayası.
.
Bir zülmət gecənin səhəri varmış,
Nə yaxşı sevgidi yükü, kin deyil.
Sən demə ürəyin gözləri varmış,
Nə vaxtdı ağlayır, günü gün deyil.
.
Dünyanın dərdinə isinmək olmur,
Kimsə deməsin ki, gülür ürəyim.
Bu necə taledi, sevinmək olmur,
Qəzzada ölənlə ölür ürəyim.
Mənim ürəyimin rəngi qaradı,
Ümidim, arzum da sarı rəngdədi.
Altından qəm axır, üstü yaradı,
Məni çalan dərdim arı rəngdədi.
20. 09. 2025.
















