“…xatirələri kölgəmə həyan qoyub gedirəm…” – Sona VƏLİYEVA

“…xatirələri kölgəmə həyan qoyub gedirəm…” – Sona VƏLİYEVA

Sona xanım Vəliyevanın yaradıcılığına heç biganə qalmadım, qala bilmədim, qalmaq mümkün olmadı.

İmzasını izlədim, bütün yazılarını oxudum, oxucusu olaraq zövqümü oxşadı, sözə, sənətə bağlı olan adam kimi, oxuduqlarımdan həzz aldım, toxdadım, nə gözəl yazıb, necə vaxtında özünün yaşantısını, müşahidəsini oxucuya ünvanlayıb, hər kəs bacardığı, dərk etdiyi, anladığı qədər faydalanıb.

Mən daha çox onun şeirlərinin həndəvərində özümü görmüşəm, içimdən keçirdiklərimi, lakin ifadə etmədiklərimi, yazmadıqlarımı onun şeirlərində “özümünküləşdirmişəm”. Bizim tərəflərdə deyildiyi kimi, ürəyimdən tikan çıxarıb bu şeirlər.

İndi “Müstəqil.Az”-ın oxucularına təqdim etdiyim şeirlər də bu sıradan olan əsl ədəbiyyat nümunələridir. Xanım əfəndinin feysbuk sosial şəbəkədəki divarından oxudum. “Məndən sonrakı kölgəm” şeiri məni özünün aurasında saxlamaqdadır. Misralar, ifadə olunan fikir, yaşantı məni əsl poeziyaya “çidarladı”, şeirdəki həzin, bir qədər giley, lakin əminlik və etibardan kənara çıxa bilmədim, xatirələrimə qısıldım, ötənlərə tərəf boylandım, həə, bunları kimsəyə etibar etmək olmaz. Mənimlə gedəcək, mənimlə daima olan kölgəm mənsiz olmayacaq və bu yaşananlar da özümlə qalacaq, kölgəm heç kəslə paylaşmayacaq, deyə düşündüm. Sona xanım deyir:

Mən kölgəmə
tapşırıb gedirəm
məndən sonra
mənlə bağlı
olanları, qalanları…

Bu misralar isə mərhəm hisslərin, duyğuların, müşahidələrin ən etibarlı varlıqla bölüşməsinin etirafıdır:

…xatirələri kölgəmə
həyan qoyub gedirəm.
İçimin gileyini,
nigaranlığımı,
yorğun ömrümün qaçaqaçını,
dostlardan aldığım zərbələrə
səbrimi yalnız kölgəm bilir,
bir də özüm…

Şairə xanımın “Əsgər xanımına” və “Allahın yanındayam, Ana” şeirlərinin də yükü çox ağırdır. Cərrah bıçağı ilə şırım-şırım olunmuş ürəyimə suçəkən kimi çəkdim, hopdurdum bu şeirlərin misralarını qəlbimə. Fikrim Sona xanımın yaradıcılığı haqqında hər hansı bir məqalə yazmaq olmadığı üçün (əvvələr yazmışam) eləcə şeirlərin təsirindən çıxmamış öz təəssüratlarımı oxucularımızla bölüşmək istədim.

Faiq Balabəyli, şair,
Müstəqil.Az saytının baş redaktoru

 

MƏNDƏN SONRAKI KÖLGƏM
Kölgəm ən doğmalardan belə
ürək isitdiyim,
sirr böldüyüm
əzizimtək
ayrılmaz məndən.
Kölgəm Tanrının bizə
verdiyi əkizlik,
ikilik sirridir.
Gah sağımda,
gah solumda,
bəzən arxamca mənə
dua etmək üçün dayanar,
ləngiyər.
Sonra mənə də
söylənməyən sirrinə
bələnib gizlənər.
Son mənzilə
yola salanda
kölgəmə mənimlə getməyə
izin verilməz…
Mən Tanrıma
bir can borcluyam,
kölgəmsə mənə.
Odur ki, xatirələri kölgəmə
həyan qoyub gedirəm.
İçimin gileyini,
nigaranlığımı,
yorğun ömrümün qaçaqaçını,
dostlardan aldığım zərbələrə
səbrimi yalnız kölgəm bilir,
bir də özüm.
Mən kölgəmə
tapşırıb gedirəm
məndən sonra
mənlə bağlı
olanları, qalanları,
məndən sonra
kölgəm sizə
özüm qədər vəfalı.
Günəşin üzündə güzgülənib
böyüyüncə
əli, ayağı məndən sonra
hər şeyi sahmanda saxlayıb
unutdurar yoxluğumu.
Tək özünü,
göz yaşını
göstərməz insanlara.
Məndən sonra
kölgəmə qoyub gedərəm
olanları, qalanları,
yarımçıq qalan arzuları
yalnız kölgəm bilir.
ƏSGƏR XANIMINA
Göz yaşını sil, ay gözəl,
Duyuq düşər ayrılıqlar.
Ala gözlərin yaşını
Göylərə çəkər yağışlar.
.
Bu payız döyüş günündə,
Bil, cəbhə də, ev də səngər.
Sən yollara ümid səpsən,
Dualardan yol göyərər.
.
Əli qoynunda durma ki,
Gedənin küsər səndən.
Belə hönkürüb ağlama,
Ömrüm düşər əllərimdən.
.
Otuz ildir səbr üzmüşdü,
Bir də sən üzmə qəlbimi.
Gedənin zəfərlə dönər,
Sevinc udar dərdlərini.
.
Evin qala bilir əsgər,
Ağlama, nigaran qalar.
Payızdı, durnalar köçür,
Səndən xəbər apararlar.
.
Sil gözün yaşını, bil ki,
Bayraqtək ucadır sevgin,
Dur, süfrə aç, sevinc payla,
Qayıdır qalib əsgərin.

Allahın yanındayam, Ana

Salam, Ana!
Nigaran qalma məndən,
Allaha əmanət etdiyindən,
Allahın yanındayam…
Üfüq ağappaq,
Günəş süd rəngindədir burda…
Şəfəqləri əllərin yerinə
yaramı oxşadıqca sağalmışam.
Evim çiçəklərdən,
Libasım dualardan tikilib.
Yurdun dağlarına
Sancıb gəldiyim
bayraq dalğalandıqca
çiçək evimə rahatlıq gətirir…
Ana, Şəhidlik
Tanrı mükafatıymış,
çoxu sənin payına düşmüş.
Sən öyrətdiyin yol
bura gətirdi məni.
“Cənnət anaların ayağı altda” deyincə,
ayaqlarına əyilib yığdığım öyüdlərdən
mələklər başıma tac qoyublar, indi…
Ana demə, sənə bir gəlin gətirmədim,
Mən zümrüd gözlü,
Qara telli Qarabağı sevdiyimdən,
Könlümdə heç bir qıza yer vermədim.
Leyladan başqa,
Məcnunun kimsəni
Sevə bilmədiyi kimi…
Allahın yanındayam, Ana!
Dualarımın qanadları var burda…
Bir ağız duam yetişincə,
Bir damla qanım tökülən torpaqdan,
çinar boylu,
dəli-dolu, Vətən sevdalı,
min-min oğul göyərəcək.
Allahın yanındayam, Ana!
Vətən üçün döyüş
Tanrıdan buyruqmuş,
Haqq yolunda cihadmış,
Vətən qurban diləyəndə
Demə, Allah ən çox sevdiyini çağırarmış…
Dostlarım Şuşaya bayrağı,
Adımı anıb sancdığı gün
Adım Vətən olacaq!
Cənnətdən, ağappaq
Üfüqlü məkandan,
Üçrəngli bayraqlı elimə,
sənə yazıram,
Nigaran qalma, Ana!
Allahın yanındayam!
Share: