Yavaş-yavaş dan sökülür,
Gün çıxır sənin xətrinə.
Min şükür olsun, bu səhər
Bir də büründüm ətrinə.
.
Dözə bilmədi quşların
Sonunda yuxusu gəldi..
Saçından ovcuma qədər
Bənövşə qoxusu gəldi..
.
Keçdi, getdi ağrıları
Baltaların, bıçaqların.
Kürəyimdəki ən dərin
Yaraları qucaqladın..
.
Bilməzdim ki, sakitliyi
Bir az içəndə taparam.
Dönüb ayaq izlərimi
Sənin küçəndə taparam..
.
Min şükür mənim olduğun,
Saçın, gözün, qaşın üçün..
Sağ ol, sonsuz məhəbbətin,
Sağ ol, anlayışın üçün..
.
Yavaş-yavaş dan sökülür
Gün çıxır sənin xətrinə..
Min şükür olsun, bu səhər
Bir də büründüm ətrinə..

****
Bu səhər yaxşı deyiləm
ürəyim məni anlamır,
darıxmıram,
bir az yarpaqlar üşüyür,
Hərdən bir də göy qopur üstümə düşür..
Boş şeydi..
Heç bilmirəm sən necəsən..
Yəqin fikirlərin qarışıqdır yenə..
Səndəki də bu nə yaraşıqdır belə,
unudulmur..
Baxışlarına sarılmaq istəyirəm
qollarım doğranır..
Etmə…
Etmə-nin önünə bir hərf də
yaza biləydim kaş..
Yox e yox , et..hətta get..
Bu səhər yaxşı deyiləm.
Saçlarımı kəsmək istədim,
ətirlərimdən küsmək,
bir az, bir az yoxa çıxmaq,
divarlara adını yazmaq,
bu şəhəri dağıtmaq
şəkillərini yollara asmaq,
səhərəcən içib-içib ölümünə qusmaq..
Sonra da həbsə düşmək
orda da vəba kimi
Sənə- sənə tutulmaq..
Tavanların arasından gözlərini
bir az dəli, bir az da vəhşi gözləmək,
heç üzünə doğmayacaq o günəşi gözləmək..
Hər payız belə olur içimdə,
Sən də payız adamı çıxdın başıma,
İlin günün bu vaxtı.
Arazın quruyan çağı
Yamanakanın qu vaxtı..
Bilirsən də unudardım səni çoxdan
Tərin bədənimə qarışmasaydı,
Səsini eşidəndə
əlim ayağıma dolaşmasaydı..
Bu səhər yaxşı deyiləm
Qorxma sən bu qadından,
Neyləyəcək?!
Uzağı şeir yazacaq dönüb sənin adından..
Sən özünə yaxşı bax
Onu burax, burax keçmişiylə burax..
****
Keç bulud yaddaşından
Su səp tikanlı zəmilərə
yalın ayaqlara batmasın.
Bu payız
ağaclar yarpaqlarını,
ilanlar dərilərini,
güllər ləçəklərini atmasın.
Çərpələnglər uçmasın.
Pəncərə kənarları buz tutmasın.
Sevgi ilə açılsın evlərin qapıları…
Qış gəlməsin bircə il,
uşaqlar yıxılmasın,
pambıq olsun qartopuları.
Sevgi isitsin evləri
Sobalara atmayaq
odunları..
Günahında yanmasın
dünyanın gözəl qadınları.
Hey, fikirlər,
başımdan dağılışın…
Mən səninlə yaşadım,
səninlə açdım gözümü
təbrik eylə doğuluşumu..
Sənə gələn təyyarə var
açıb bütün ağuşunu..
Toparlayıb buludlardan
İki bilet hazırlamışam.
Elə üstündədir ünvan,
həminki…
*****
Məndən elə qaçmışam daha tapılmaz mənim
güzgüdə görsə məni tanımaz ki, bədənim..
Bax dəyişir biləsən saçlarımın düzümü,
dünən küçəndən atdım ayağımın izini..
İnan ki, tam olacaq sən də məni unutsan
hey üstümə yağırsan, nə allahsız bulutsan..
Bilmədim son zəngini əlim ötürdü getdi,
səni məndən de hansı qatar götürdü getdi..
Sən hara getdin belə dünya oldu qaranlıq
nə verməzdim ki, səni görmək üçün bir anlıq..
Qayıt iş formandaca küçədə kəs qarşımı,
bu dəfə mən siləcəm gözlərinin yaşını…
Bilirsən ki, küsərsəm bir də barışmaram, gəl
bütün olanlar üçün it kimi peşmanam gəl..
Sonuncu məktubumdu yazırdım əl saxladım
təkcə öpüşlərinçün vərəqdə yer saxladım..
Gedişin bəs edirsə məni gömməyin üçün
daha nə gözləyirsən geri dönməyin üçün..
Gəl saçıma bürün yat, gözlərim gecən olsun
bircə sən qal yanımda, nə varsa keçən olsun..
Ömrümüzdən hamını gəl dağıt vandal kimi,
qollarını belimdən çarpazla qandal kimi..
Kimin kimsən olmasın, ürəyimə sarıl yat
üşüyürəm sübhəcən kürəyimə sarıl yat..
Bax içilir hər gecə qanım qaşıq- qaşıq, gəl..
gəl gözümün gördüyü sonuncu yaraşıq gəl..
Gəl adını bircə an könlümdən atmadığım,
əllərini doyunca əlimdə tutmadığım..
Qayıt keç bu ayrılıq sənin üçün nədir ki?!
hər dəfə gətirdiyin çiçəklərdən gətir ki..
Səhərəcən yolumu gözlədiyin yoldayam
bu qədər “gəl”dəyəmsə,görki hansı haldayam..
aldığın üzüyün də itirmişəm qaşını
İtirmişəm gözümü, itirmişəm başımı..
Səhər dənizə getdim sularda batmağımçün
hamı hər şeyi etdi , səni unutmağımçün..
Eh nəisə e , nəisə gəlmirsən heç gəlmə də.
aramızda bir də heç kəsilməsin kəlmə də!
Gələ bilməzsən onsuz bilirəme əslində
Yenə də saxlayıram telefonu səslidə..
Necə dedin son dəfə səsində ağır kədər
“Bu dünyada heç kimi sevmədim sənin qədər”..
















