“Qara gözlü bilərziy”in qara taleyi”

“Qara gözlü bilərziy”in qara taleyi”

Yaxud, keçmiş Sovet İttifaqının  qara əməlləri

Amerikalı yazıçı Nobel mükafatı laureatı U.Folkner yazırdı:  “Hər bir insan öz yaddaşının məhsuludur. Xalqın maddiləşmiş yaddaşı isə onun ədəbiyyatıdır. Bu mənada ədəbiyyatı xalq yaratmır, ədəbiyyat xalqı, milləti yaradır.”  Sonuncü fikrin üzərində dayanıram…

Ədəbiyyat xalqı, milləti yaradır…

Bəli, xalqın, millətin soyunu, kökünü, keçmişini, tarixini, başına gətirilən faciələri, bu gününü, gələcəyini ədəbiyyat yazmasa, yaratmasa, kim tanıya bilər o xalqı, o milləti?! Ədəbiyyatı olmayan xalq, millət yox kimidir.

Keçmişindən xəbərsiz olan, gələcəyini qura bilməz. Bu mənada öz gördüklərini,bildiklərini  kitabların yaddaşına köçürüb, gələcəyə miras kimi xalqa çatdırmaq ədəbiyyatın vəzifəsi sayılır.  Ədəbiyyat keçmişi bu günə, bu günü isə gələcəyə daşıyan ən böyük maarifləndirici vasitədir. Ədəbiyyatın bundan böyük mahiyyəti yoxdur.  Yazıçı isə həqiqəti yazmalıdır. Yalan ədəbiyyata ayaq aça bilər, amma həqiqi ədəbiyyat ola bilməz.  Həqiqi ədəbiyyat isə əzablar içində doğulur. Götürək keçmiş sovet dönəminin klassik detektiv janrının Azərbaycandakı banisi Cəmşid Əmirovu. Onun “Sahil əməliyyatı”, “Qara Volqa”, “Şəhər yatarkən”, “Brilyant məsələsi” kimi detektiv əsərləri milyonlarlarla oxucu kütləsinin sevimlisinə çevrildi. Nə üçün, niyə? Çünki xalq cəmiyyəti çirkləndirən ünsürlərdən, gizlin oyunlardan xəbərsiz idi. Bunları isə bilməmək şeytan qoynunda yatıb cəhənnəm yuxusuna  dalmaq kimi bir şey idi. Bu çirkin oyunları xalqa çatdırmaq ədəbiyyatın vəzifəsi olsa da, belə bir addımı atmaq üçün  cəsarət əsas amil idi. Gizlin getsə də, cinayətkarlar məsuliyyətə cəlb olunsa da, cəmiyyəti bu  quldurlardan  təmizləmək, tamamilə yox etmək mümkün deyildi. Çünki onların arxasında böyük qüvvələr dayanırdı.  Bu oyun böyük qüvvələrin sadə ailələrin məhvi, gənclərin ölümü üzərində asan qazanc   mənbəyidir. Sovet qanunlarının “möhkəm və ciddi” bir zamanında belə qanunsuzluqların baş verməsi ağlasığan olmasa da, sovet rejiminin iç üzünü açıb ortaya qoydu. Zamanında yazılmaqla,  milis orqanları ilə, cinayətkarlarla dəfələrlə söhbət aparan müəllif, xalqa dəqiq olanları çatdırmaq  niyyətini həyata keçirərək   oxucu qarşısına çıxara bilmişdir.

Bu da bizim özümüz qədər inandığımız sovet qanunlarının şahlığı…   Vaxtılə özümüzü “Mən sovet vətəndaşıyam”- deyə təqdim edərkən qürur duyardıq.  Sanki sovet vətəndaşı olmaqla əsl insan olmaq eyni şeymiş.

Halbuki, əli milyonlarla türkün qanına bulaşmış bu  imperiya bizim parçalanmağımızın, torpaqlarımızın bölünməsinin, türkçülüyümüzün məhv olunmasının  əsl səbəbkarlarındandır. Əslində dədə- babalarımızın qanı üzərində qurulmuş bir rejim tərəfindən tariximiz, bayrağımız gizlədilib, bizi sovet gerbi, bayrağı altında böyütməklə  onun” sevimli vətəndaşı” ediblər. Bu ad altında bizi əzizləyən, başımıza sığal çəkən bu rejim əl altından onları “ağ ölüm”lə  zəhərləməklə milyonların sahibi olmağa çalışıb.

Zaman isə ən gözəl hakimdir…

Müharibədən yenicə çıxmış  sovet qanunlarının kəskin dönəmində Bakıda mütəşəkkil cinayətkar dəstənin yarandığı, hər cür cinayət törətdiyi  narkotik, qumar, oğurluq, quldurluq, zorakılıq, qətl hadisələrinin baş alıb getdiyi çətin bir dövrdə Cəmşid Əmirov qələmi danışdı, nə danışdı.

O bir-birinin ardınca qatı cinayətkarların törətdiyi  quldurluq, qətl hadisələrini,

onlara qarşı mübarizə aparan orqan işçilərinin fəaliyyətini və  həyata keçirdikləri əməliyyatları müəllifi olduğu kitabların yaddaşına köçürdü.

Əsərlərinin sonunda bu çinayətkarlar ədalət məhkəməsi qarşısında mühakimə olundular.

Onun əsərlərinin əsas mahiyyəti insanın cinayətkar kimi doğulması deyil, cəmiyyətin insanları cinayətkar kimi formalaşdırmasıdır. Bir sözlə o dedektiv janrın yaranmasına  təsir göstərərək gələcək nəslin ədəbiyyatın bu qoluna gəlməsinə yol açdı. Cəmşid Əmirov yolunu davam etdirənlərdən biri də çağdaş ədəbiyyatımızda dedektiv janrda qələmini sınayan ilk qadın yazıçımız Rəna Nəcəfqızıdır. Əvvəli yüksək dairələrdən başlayan və Sovet İttifaqının bir sıra müttəfiq respublikalarında davam edən bu kriminal hadisələr sanki geniş və şaxəli şəkildə vüsət almış xərçəng xəstəliyinə  bənzəyir.

C.Əmirovun əsərlərindəki hadisələr Rəna xanımın əsərindəki hadisələrin bir hissəsidir, desəm yanılmaram. O, hadisələrin baş verdiyi əsas mənbədən və lap əvvəlindən – başlanğıc nöqtədən, Cəmişid Əmirov isə hadisələrin ortasından başlayıb. Yəni, təkcə Azərbaycandakı hadisələrdən. Deməli, C.Əmirovun əsərindəki hadisələr həmin əməliyyatların davamıdır, yaxud bir qoludur…

“Qara gözlü bilərzik” romanının anatasiyasını filologiya üzrə fəlsəfə doktoru Firuzə Məmmədli yazıb. Cəmi İki cümləni mayak kimi tuş  tutan oxucu  onun arxasınca düz  hadisələrin sonunacan gedib çıxır.

Mərkəzdən idarə olunan “Qaragöz əməliyyatı” podsovet məkanlarında cərəyan edir. Özü də seçilmiş və bu işdə səriştəli olan adamlarla.

Müəllifin dediyi kimi Qalina Leonidovna, Vladimir, Mariya Koşilova, Nara, Ayka və başqalarının   sayəsində Moskva, Moldava, Tbilisi, Kazanda narkotik biznesi  əlaqələri geniş vüsət alır.

Əsərin  sambalı maraqlı və tez – tez dəyişən hadisələrin vahid süjet xətti üzərində məharətlə və çox ustalıqla  qurulmasındadır. Bir çox epizodları oxuyada ürəyinin sürətlə döyündüyünü, gözlərinin yaşardığını, bəzənsə qəzəbdən qeyri- iradi  yumruğunun düyünlədiyini hiss edirsən. Səbəb isə müəllifin təbii, inandırıcı qələminin qeyri -adi gücündədir.

…Yenicə müharbədən çıxmış ölkəni  narkotika alovu bürüyür. Bu alovun bir ucu  Azərbaycana da gəlib çıxır.

Baş verən hadisələrin məcmusu sovet rejiminin məhsuldur.

Serb yazıçısı İ.Andriç yazırdı: “ Mən yaşayıb həyatdan zövq alanda – yazdığım əsər qış yuxusuna dalır və yalnız hərdən yuxuda sayıqlayır. Yaşaya bilməyib əzab çəkəndə əsərim dərhal cana gəlir, boy atıb böyüməyə başlayır. Belə çıxır ki, əsərlərim iztirablarımdan doğulur.”

Bəli, yazıçının yazdığı əsər onun çəkdiyi iztirablardan, gördüyü acı həqiqətlərdən, dəhşətli əzablardan yaranır. O əzablar ki,  gündən-günə doğulur, yaşıyır, məhv edir.

Əsərdə aparıcı qüvvə kriminal dəstənin başçısı keçmiş  Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi, hər birimizin sülhsevər kimi tanıdığımız L.İ.Brejnevin qızı , “Kremlin Kraliçası”  Qalina Leonidovna olsa da o, əsas qəhrəman deyil. Çünki bu azğın və əyyaş qadın yalnız qan qoxuyan əmirlər verir. Bir azərbaycan atalar sözündə deyildiyi kimi: “Babam mənə kor deyib, gəlib- gedəni vur deyib! “prinsipi ilə yaşayan baş katibin əziz- xələf qızı ancaq öz əlaltılarına əmrlər verir, onlar isə Kraliçanın əmrlərini ağıllı, cəsarətli və peşəkar cinayətkarlara həvalə edir. Qalinanın tədbirtökəni  Vladimir hər işin ustası olan bic, fəndgir bir tip idi. Müəllif bizi onunla əsərin lap əvvəlində qarşılaşdırır.

O, Mariya Korşilova kimi bir çoxbilmiş xanımı brilyant alverinə cəlb edir. İlk malı ona verərkən daha saf və məsum gürcü qızı Naranı da caynağına keçirməklə Gürcüstanda da  Qalinanın postunu yaradır.

Nara Gürcüstan narkotik yuvasının “ana canavarı”na çevrilir.

Bu gürcü qızının tez bir zamanda varlanması, bahalı və dəbli geyimləri Tbilisi şəhər  Milis Bölməsinin rəisi Qabel  Çilaçavanın nəzarindən yayınmır. Onu idarəyə çağırıb sorğu-suala tutduğu hissə  Rəna Nəcəfqızının    qələmindən elə peşəkarlıqla çıxıb ki, şəxsən məndə böyük  rəğbət və heyranlıq doğurdu.

Əsərdə ən əsas surətlər Gürcüstandakı   mafiyanın başçısı Ayka ləqəbli Elza və onun oğlu Cəbrayıldır. Ayka brilyant, həm də narkotik  alverçisidir.Oğlu Cəbrayılın isə narkotiklə heç bir əlaqəsi olmur.

Elzanın kimliyi haqqında məlumatda  müəllif bizi çox keçmişə; “Sarıqamış” döyüşünə aparır. Hansı ki, bu əməliyyat  Türk dünyasının hələ də yaddaşından  silinməyən  qanlı tariximizdir.

Rus işğalına məruz qalan ərazilər; Qars, Ərzurum, Ərdahan və daha nə qədər türk torpaqlarında yaşayan qardaşlarımız ağır və məşəqqətli  faciə yaşadı. Hərəkatda əsir götürülənlərin arasında altı yaşlı Aişə Mətini milyonçu İsrafil ağanın həyat yoldaşı Sona xanım rus generalna rüşvət verərək ölüm adası olan Nagindən qaçırdı. Bir neçə gün sonra onu əsirlərdən birinə qoşaraq Gürcüstana göndərdi.

Gürcüstanda 18 yaşına çatan Aişə bir coban oğlanla ailə qurur.

-Bu evlilikdənTərlan adlı oğlu, Sona adında bir qızı olur. Oxucuya aydın olur ki,

Aişə Mətin Aykanın nənəsi, Sonanınsa  anasıdır. Hansı ki, Sona və əri Sadıxla  müəllif kiçik bir epizodda bizi tanış edir.         Sadıx müharibəyə gedənə qədər Sonanın qardaşı Tərlandan gözü su içmədiyinə görə evinə gəlməsini istəmir. Sadığın müharibəyə getməsi Tərlanın əl-qolunu açır və bacısı hələ ölüm ayağında ikən onun evini satır, evin yeni sahibəsi  balaca Elzanı zalımcasına qaranlıq və qorxunc   küçələrə salır.

Tərlan evin pulundan hərbi kimisara rüşvət verib  müharibəyə getməkdən  canını qurtarır. O, Qafqaz dağlarının ətəyində məskunlaşmış  svan millətindən olan bir qrup yeniyetmənin olduğu quldur dəstəsinə qoşulur.   Əsərdə həqiqətin gerçək üzü, bəzəksiz hadisələr var.  Həyatda baş verən ən qorxunc və insanların iç üzünü aça bilən, keçmişimizin bu günümüzə qoyduğu bağışlanılmaz acı mirası var. Hansı ki, bizlər onlardan xəbərsizik…

Hansı ki, o hadisələr hələ də davam edir.

Unutmayaq ki, narkotik vasitələrin vüsət aldığı bir dövrdə, gənclərimizi “ağ ölüm”ə sürükləyən, onların həyatını məhv edən, gələcəyimizi kölgələyən bu iyrənc, qorxunc, dəhşətli ağrılar cəmiyyətimizin yaxa qurtara bilmədiyi ən böyük bəlalardan biri yox, birincisidir.

“Qara gözlü bilərzik” də bu baxımdan keçmişimizdən bu günümüzə boylanan qara taleli romandır…

Qalina Brejneva 30 yaşındaykən onda gözü olan  Kremlin yüksək vəzifəli şəxslərini  heyrətdə qoyaraq    özündən 18 yaş böyük olan  sirk ustası Yevgeni Milayevlə ailə qurdu. Əsərin adıyla bağlı olan  hadisələr məhz Milayevin  SSRİ xalq artisti, vəhşi heyvanların  təlimçisi, İrina Buqrimova ilə ilə İtalyadan qastrol səfərindən qayıtmasından sonra başlayır.  Səfər zamanı italyalı  milyarder Mişel  Feraro gənc və gözəl İrinanı evinə qonaq dəvət edərək ona  qiyməti  yeddi- səkkiz  milyon dəyərində olan  qara brilyant qaşlı bilərzik bağışlayır.

Yevgeni bu xəbəri Qalinaya çatdırır.  Bu, qeyri-adi bilərzik  İmperatorun öz zərgərinə hazırlatdırdığı və 150 ildən sonra hərraca çıxarılan göz formasında  çox bahalı, qara  brilyant qaşlı  zinət əşyası idi. Gözün ətrafına  hansı materialdan olduğu bilinməyən bahalı daşlarla işlənmiş kipriklər parıltısı ilə gecənin qaranlığını belə işıqlandırırdı.

Onu əldə etmək üçün planlar cızan Qalina, israrla ərindən   bilərziyi ona gətirməsini istədi. Gənc və gözəl xanımının istəyini yerinə yetirmək üçün Yevgeni bu işin ustası olan  brilyant və narkotik alverçisi qaraçı  Boris Buryatzeni evlərinə qonaq gətirib xanımı ilə tanış etdi. Boris Moskvada yerləşən  “Romen” qaraçı teatrının solisti idi. O, son dərəcə centlmen bir gənc olmasını nümayiş etdirərək Qalinanı ovsunladı.Tezliklə onlar sevgili oldular.

Ancaq Boris bu işi ən yaxşı bacaran Cəbrayıla həvalə etmək üçün onun anası  Gürcüstandakı narkotik və briliant mafyasının başçısı olan Aykanın yanına gedir.

“Qaragöz” əməliyatı Qalinanın istədiyi kimi başa çatmır. İrina Buqrimovanın evinə oğurluğa girən quldurlar qətlə yetirilir briliantlar isə müəmmalı şəkildə yoxa çıxır.

Aparılan  istintaq heç bir nəticə vermir. Çünki Cəbrayıl törətdiyi bütün  cinayətlərdə      özündən sonra heç bir iz buraxmırdı.

Elza Borisdən o daş-qaşın qiymətini eşidəndə bir qadın olaraq  içində onu öz qolunda görmək istəyi baş qaldırdı. Oğlu Cəbrayıla tapşırıq verd:

-O bilərziyi anana gətir.

Cəbrayıl anasının istəyini yerinə yetirmək üçün Borislə birgə üç nəfəri öldürür…

Əsər o vaxt  samballı olur ki, mövzusu da, məzmunu da, sujet xətti də müasirliklə səsləşə bilsin. Müəllif də o vaxt oxucu tərəfindən sevilir ki, nəsr dili rahat və qəlbə yatımlı olsun. Əsər ruhun tələbində özünü tapsın, qəlbin aynasında isə görə bilsin. Hər iki eyniliyi özündə birləşdirən əsər xalqın yaddaş məhsuluna çevrilir. Olduqca maraqlı və oxunaqlı romanı müəllif həm öz rəvan təhkiyə dili, həm də  obrazların nitqi vasitəsi ilə  oxucuya elə  peşəkarlıqla çatdırır ki, onlar mütaliə zamanı bir an belə kitabdan ayrılmaq istəmir.         Əslində cinayət əməlli hadisələr yazıçıdan həm də xüsusi bacarıq tələb edir. Bu bacarıq isə məncə Rəna xanımın özünü bu janrda sınamaq  potensialına malik olmasından xəbər verir. Və o bu işin öhdəsindən çox məharətlə gəlib.

…Böyük Vətən müharibəsinin milyonlarla insana vurduğu zərbə əsərdə Ayka ləqəbli Elzadan da yan keçməyib. Müəllif bu obrazın kiçik yaşlarından başına gələn bəlalarla oxucunu tanış edir. Vaxtsız ata-anasını itirən Elzanın zirzəmilərdə keçirdiyi məşəqqətli həyatı, zibil yeşiklərindən çətinliklə əldə etdiyi tullantı qidaları qəbul etməsi onu sıxsa da, içindəki ümid işığı yaşamağa sövq edib.

Soyuq zirzəmidə tənha keçirdiyi  qorxunc və vahiməli gecələrin biri bir il qədər uzun olur.

Əsərdə rastlaşdığımız ən mükəmməl səhnələrdən biri də Elzanın sonralar adını Gümüş qoyduğu itlə olan tanışlığıdır.

Məşəqqətli taleyi olan  Elzanı bu tənhalıqdan  əvvəl dostu gümüş, sonra isə onun cəbhədən qayıdan sahibi  Zəfər adlı bir zabit qurtarır. Zəfər onu evinə gətirir və sonra həm öz, həm də anası Yasəmənin istəyi ilə onunla ailə həyatı qurur. Günlərin birində Zəfər küçədə quldur dəstəsi ilə qarşılaşır. Qul durvaşı Georgi olsa da, dəstədə vaxtilə Elzanı küçələrə salan dayısı Tərlan  törədilən qarət və qətllərdə çox böyük rol oynayırdı. Elza ilə evlənməzdən öncə gizlicə  onun ailəsi  haqqında məlumat toplayan Zəfər Tərlan adlı bir dayısının olduğunu da öyrənir. O bu haqda gənc xanımına bir kəlmə də danışıb onu utandırmaq istəmir. Tərlanı quldur dəstəsində görəndə isə törətdiyi alçaqlıqları  üzünə  deməkdən çəkinmir. İnsanlığını itirmiş narkoman Tərlan onu tanıdığı üçün  Zəfərin sonuna çatır…

Zəfərin ölümündən çox sonra dörd yaşlı oğlu Cəbrayılın əlindən tutub gəzməyə çıxan Elza nimdaş çit donda daş səkidə oturub bir qızcığazın diləndiyini görür.  İllər önçəki Elzanı  ürəkağrısı ilə xatırlayır. Həm Sara adlı bu qızı xilas etmək, həm də öz qisas planlarını həyata keçirmək üçün özü onun yerinə Naranın başçılıq etdiyi mafyaya qoşularaq ömürlük  narkoman dəstəsinin tələsində yaşamağa məhkum olur.  Əsərin ağrılı-acılı məqamlarını qəbul etmək ağır olsa da, müəllifin fikri   mənəviyyat aləmindən tamamilə uzaqlaşmış insanlığını, narkotikə qurban vermiş məxluqların son aqibətini oxucuya çatdırmaqdır. Əslində belə əsərlər maarifləndirici bir vasitədir…

Elza narkotik aləmində “Kraliça” nın əlaltıları Nara, Vladimir və Safina üçlüyü ilə tanış olur. Bu işin peşəkarlarından çox şey öyrənən  Elza daha da mükəmməlləşir. “Tbilisi-Moskva” qoluna Nara nəzarət edir. Demək olar ki, Tbilisidən tutmuş Gürcüstanın bütün regionlarını narkotiklə o təmin edir. Nara Elzanı narkotacir dostları ilə tanış etdikdən sonra  o Ayka ləqəbi ilə tanınaraq bu yolun mükəmməl yolçusuna çevrilir.

Aykanın bir dilənçi kimi qida axtarmaq adıyla zibil yeşiklərinə atılan narkotik dolu bağlamalarını götürməsi heç kəsi şünhələnbirmir.

Zibil yeşikləri onların təyinat nöqtəsi olur. Heç kəsin nəzərini cəlb etmədən “mal”ı  evinə aparıb səliqə ilə paketləyərək ünvanına çatdırmaq bacarığı Elzanı dəstə başısının ən etibarlı adamına çevirir…

Azadlığın nə olduğunu bilməyən insanlar vəhşi heyvanlardan betər olurlar.

Bu həqiqətin gerçək üzüdür…  Hətta ölümlə üz-üzə olduğumuz zaman belə nəfsimizə hakim ola bilmirik.  Madiyyat hər yerdə  mənəviyyatı üstələyir. İnsanlıq isə tamamilə yox olub gedir. Bax, belə bir cəmiyyətin sakini olmaq nə qədər ağırdısa,  olanları, baş verənləri qələmə almaq da müəllif üçün o qədər çətindir.

Ayka əlini çox sayda insanların qanına batırmaqla işini həyata keçirir və  “mal” ın satışının çoxalmasına,  daha geniş yayılmasına nail olur. Kriminal dəstənin görüş yeri onun Qaratəpədəki dəbdəbəli sarayıdır. Vaxtilə mafiya başçılarından olan gürcü qızı Naranın pəncəsindən qurtargığı Sara ilə oğlu Cəbrayılı Azərbaycan kəndlərinin birinə yola salan Elza bunun onlardan xəbərsiz olmasını istəyir. Əslində oğlu da cani kimi böyüyür. Əsərin əvvəlində qeyd etdiyim “Qaragöz” əməliyyatının qatı cinayətkarlarından biri Cəbrayıl olur. O, dəstə üzvülərini qətlə yetirib iz buraxmadan İrinanın bütün brilyantlarını ələ keçirərək, aradan çıxır. Oğurladığı qızılları gətirib anasına verir.

Rus tənqidçisi V.Belincki yazır, “Cəmiyyət kimi ədəbiyyatın da plebeyləri, qara camaatı var, qara camaat isə hər yerdə həm nadan, həm də azğındır”. Məncə müəllifin bu əsərindəki qara camaat da elə eynidir, nadan və azğın.

Əsər boyu Cəbrayılla bağlı süjetlərdə çox şeylərdən xəbərdar oluruq. O Nuralılar kəndinə ayaq qoyandan kənddə avaraçılıq və savadsızlığın baş alıb getməsinin şahidi oluruq. Cənrayıl tay-tuşlarını  təhsildən yayındırmaqla, onları cahilliyə aparır. Nuralılar kəndində ailə daxili münaqişə və planlı şəkildə ölüm hallarının başında dayanır. Əmisi oğluna nişanlı olan Alagöz adlı qızı götürüb qaçırmaqla onun qardaşının hücumuna məruz qalır. Cəbrayılın bıçaqla onu yaralaması və həbs edilməsi, dörd ildən sonra həbsdən qayıdanda Alagözün öldüyünü, qızı Yasəmənin isə anası bildikləri Saranın umuduna qalması məsələləri onda hiddət doğurur. Məcbur olub çox keçmədən Sənubərlə ailə həyatı qurur. O gündən daha da çətin tale yaşayır.

Həmkəndcisi Talıbla birgə içki qəbul etməsi, arvadı Məsumənin ölümünə səbəb olur. Və qarışılıqlı epizodların bir-biri ilə əlaqəli şəkildə cərəyan etməsi çox sirlərin açılmasına gətirib çıxarır.

Hələ 14 yaşında ikən əli qana batan Cəbrayıl artıq cani kimi özünü təsdiqləmişdi. Anasının tapşırığı ilə atasının qisasını aldığı Georginin diri-diri gözünü çıxarmış və ona min bir işgəncə vermişdi. Bu, bir qisas olsa da 14 yaşlı bir gəncin əsil cani olmasına yol açmışdı. Ona barmaq silkələyn adamın ölümünə dərhal fərman vermək və yerində əməl etmək anası Aykadan ona qalan mirasdı.  Anası heç kəsə tabe olmayan və ona qarşı çıxan hər kəsi susdurmağı bacaran bir cinayətkardır.

Böyük bir canilik məktəbi keçən

Cəbrayıl arağına dərman qataraq ağlı başında olmayan Talıbın  Məsumənin üstünə getməsinə şərait yaradır. Özü isə Talıbın arvadını çəkiclə vuraraq öldürür. Otağı tər-təmiz təmizləndikdən sonra çəkiçi yerə yıxılan Talıbın əlinə qoyaraq çölə çıxır.Talıbın istintaq zamanı    “Sərxoş idim, döydüyüm yadımdadır, amma onu mən öldürməmişəm” -sözünə heç kəs inanmır. Çünki Cəbrayıl heç bir iz qoymadan məharətlə öz cani rolunu gözəl oynamışdı. Əslində o, Məsumədən həm də öz sevgi qisasını almışdı.

Müəllif həbsdə olan zaman Talıbı Zaxarla rastlaşdırır. Rüstəm Adıgözəlovu Zaxarın əliylə öldürtdürən Ayka onu qurtarmağa söz versə də, vədinə əməl etmir, qatil beləcə  həbs olunur. Düz 27 il sonra Zaxarın tezliklə çıxacağını bilən Talıb ondan “Qədirə de ki, anasını mən öldürməmişəm “xahişini edir. Bunları Qədirə çətinliklə də olsa çatdıran Zaxar Cəbrayılla da görüşür. Əli qanlı Cəbrayıl onun da sonuna çıxır. Bu da bir haqsızlığın haqq üzərində qələbəsi…

Cəbrayılın ikinci dəfə evləndiyi Sənubərin qızı Yasəmənə, “anası” Saraya qarşı soyuq münasibəti Cəbrayılda narahatçılıq yaradır. Saranın yatıb qalxmaması münaqişənin böyüməsinə gətirib çıxarır. Canını Sənubərdən qurtarmaq  fikrinə düşən Cəbrayıl onu zəhərləyib öldürməyi Talıbın əliylə həyata keçirmək qərarına gəlir. Lakin Talıb onu aldadır. Cəbrayıl özü bu işi həyata keçirir. 8 yaşlı qızı zəhərlənərək ölür, arvadı Sənubər isə sağ qalır.

Təsadüfən  evində sahə müvəkkili ilə Sənubərin arasındakı münasibətdən xəbər tutan Cəbrayıl qisas hissi ilə yaşayır və hər ikisini qətlə yetirir.  Əslində həm burda, həm atasının qatili Georginin, eləcə də anasının dayısı Tərlanın ölümündə Cəbrayıla haqq qazandırıram. Sənubər kimi qadın, ana adına ləkə olanların  bu cəmiyyətdə yaşamağa haqqı yoxdur. Cəmiyyətimizin çirklənməsində belə qadinların olması, onların  iyrənc hərəkəti qadın adına ləkədir. Yaxud Tərlan kimi şərəfsiz dayını, Zəfər kimi igidə qıyan Georgi kimisini işgəncə ilə öldürmək haqlı intiqam olduğunu düşünürəm.   Cəbrayıl mənfi obraz olsa da onu burda alqışlayıram. Unutmayaq ki, hər bir mənfinin müsbət tərəfi də ola bilir. Onun brilyant bilərziyi geri almaq üçün   müstəntiq Ağalarovun  kiçik yaşlı oğlunu oğurlaması və uşağa qarşı son dərəcə mülayim davranması, şəfqət göstərməsi oxucuda ona rəğbət oyadır. Bilərziyi geri alandan dərhal sonra onu ailəsinə təhvil verməsi Cəbrayılda  insanlıq hissinin  hələ də yaşamasına  işarədir. Əslində hər şeyini itirmiş belə canilərdən belə münasibəti görmək ağılalmaz bir məsələdir. Oğurluq, quldurluq, qətl  törətməkdə gözü açıq olsa da, həyatda uduzduğunu, həyatını insan kimi yaşaya bilməməsindən çəkdiyi əziyyəti sonralar çox aydın dərk edən Cəbrayılın  gözündə həyat çoxdan ölmüşdü.

“Qaragöz” əməliyyatını öz dəstəsi ilə həyata keçirən Cəbrayılın izi itirmək üçün Moskvaya getməsi və dostu Vladimirlə görüşməsindən sonra növbəti bir cinayətə imza atır. Dostu kraliçanın bu gün iqamətgahda olacağını ona xəbər verir. Kraliça ilə birlikdə Moskva şəhərinin zəngin, Kremlin nüfuzlu vəzifə sahiblərinin qadınlarının da bu ziyafətdə iştirak edəcəklərini vurğulayır. Məclisdə, hər birisi qızıl, brilyant içində par-par yanan xanımların zinət əşyalarında gözü olan Qalina xəyalında qurduğu planlarını həyata keçirmək üçün SSRİ Dövlət Plan Komitəsi sədrinin qızı İnqanın dostu sehirbaz Andreydən  istifadə etməyi qabaqcadan düşünsə də hər şey əksinə cərəyan edir;

SSRİ-nin “Almaz fondu”ndan bir günlük götürüb  yaxasına taxdığı bir milyon manatlıq “broş”la bərabər məclis iştirakçılarının da bahalı daş-qaşları yoxa çıxır.

Böyük bir səs- küyə səbəb olan hadisəni kənardan müşahidə edən Cənrayıl Andreyi gözdən qoymur.

Məclisdə iştirak edən kriminal aləmdə tanınmış avtoritet Kolya Basyak Andreyi nəzarətçi otaqlarının birinə çağırtdırır. Məşhur cibgir onun yanına gələndə Basyak artıq qətlə yetirilmişdi.

Andrey səsə salmadan, qorxu içində zala, İnqanın yanına qayıtmaq istəyəndə Cəbrayıl gizləndiyi yerdən çıxaraq tülkü bıçağının dəstəyi ilə boynunun arxasından vuraraq onu yerə sərir. Sehirbazı sürüyüb pilləkənin altına çəkib ciblərindən zinət əşyalarını götürür.

Aradan çıxmaq istəyərkən Vladimirlə qarşılaşır və  yeganə şahidini öldürməyə məcbur olur.

Ətrafı milis maşınlarının sardığını görən Cəbrayıl binanın zirzəmisinə enərək şitə gələn yüksək cərəyan xəttini dartıb qoparır, zalı qaranlığa qərq edir və bu dəfə də iz buraxmadan binadan çıxmağı bacarır.

Hər tərəfi qaranlıq zindana döndərən Cəbrayıl əvvəlcədən planlaşdırmasa da ağlı və zirəngliyi sayəsində hadisə yerindən uzaqlaşır. Qızıla, daş-qaşa həris, puldan, dünya malından gözü doymayan baş katibin qızının  bu dəfə də planları pozulur.

Cəbrayıl böyük bir milic qrupundan yayınmaq üçün özünü kanalizasiyaya atır. Qaranlıq kanslizasiyada xeyli yol dedəndən sonra qəflətən qarşısındakı yol bağlanır. O qatı qaranlıqda çətin vəziyyətə düşəndə bütün ümidlərini itirir. Əlini köynəyinin döş cibinə atanda  kibrit qutusuna toxunur. Nəmlənmiş kibrit çöplərindən birini saçlarına sürtərək qurudub birtəhər alışdırır. Sonra digər cibindən sovet pasportunu çıxarıb onu vərəq-vərəq yandıraraq yolu tapır.

Havasızlıqdan, üfunət iyində boğulan Cəbrayıl bezərək sonda öz-özünə: “Bax, Cəbrayıl, dünya malı ovuclarındadır, amma onlar bir kibrit çöpünün işığı qədər yolunu işıqlatmadı. Əksinə səni işıqlı dünyadan  məhrum edən də elə bu dünya malıdır, – deyərək zinət əşyalarını  cidindən çıxarıb var gücuylə çirkabın içərisinə çırpır. Sovet pasportunu yandırmaqla Cəbrayıl sanki sovet rejimindən qisas alır, sovet vətəndaşı olmağından və bu rejimin belə çirkin siyasətinə bulaşdığından  peşmaçılıq hissini keçirir.  Çünki anası, ailəsi, (sonda yeganə qızı ), hətta özü  də, bu rejimin çirkin oyunlarına qurban gedir…

Göründüyü kimi Cəbrayıl çox təhlükəli bir cani olsa da, müəllif  onu  sıxıntılara salaraq dilə gətirir. Sonda həyata keçirdiyi gah günahlı, gah da günahsız ölümlərdə heç vaxt iz buraxmasa da,

qızını və onun ailəsini qorumaq üçün özü milis şöbəsinə gedərək təslim olur. Dindirilmə zamanı çox sərrast cavabları ilə orqan işçilərini təəccüb və heyrət içərisində qoyur.

Sən demə caninin keçdiyi məktəb də adi deyilmiş. Hər kəs özünə məxsus olduğu mühitdə peşəkarlaşır. Onun kimilər çirkin cəmiyyətin üzvü olsalar da, təcrübəsi sayəsində öz sahələrinin bilicisinə çevrilir.

Müəllifin belə bir qarışıq, həm də çətin  epizodlarla süjet xətləri qurması möhkəm iradənin, zəngin ağlın, dərin düşüncənin nəticəsidir məncə. 10 il ərzində apardığı tədqiqat və araşdırmaların sayəsində   yazılan əsər təbii ki, öz dəyərini oxucu qarşısında bildirməli idi. Əsərdə oxucunu həyacanlandıran, heyrətə salan qəfləti  qarşılaşma, emosional görüşlər  müəllif peşəkarlığının nəticəsi, hisslərin ali dərəcəsidir.  Yüksək dəyərə malik olan əsər həyatın dərin qatlarını, insanlığın bilinməyən sirlərini, insan mənəviyyatının nələrə malik olduğunu, heyrətamiz bir səhnələrlə təsvir etdiyi üçün  oxucunu əsərə kilidləyərək kitabı birnəfəsə oxumağa “məcbur” edir.

Elza dilənçi libasında zibil yeşiklərinin yanında öz işlərini həyata keçirdiyi zaman Qaraxan adlı birisi ilə rastlaşır. Qaraxan dilənçi  Elzanın kimliyindən tam xəbərdar olmasa da, atasının qatili Ayka haqqında öyrənmək istəyi ilə ona yaxınlaşır. Müəllif bu epizodları o qədər məharətlə işləyib ki, bir anlıq özünü hadisənin içində hiss edir, həyacan dolu gərgin anlarla izləməyə davam edirsən. Burda C.Əmirovun “Brilyant məsələsi”əsərindəki Klaranın verdiyi bir müsahibə yadıma düşür: “Cəmşid Əmirov məni tez tez sorğu-sual edirdi, mən onu  yazıçı deyil, hüquqşünas bilirdim. Amma mənimlə çox səmimi rəftar edirdi”. Əslinə qalsa yazıçı hansı mövzuda yazır yazsın, o sahəni bilməlidir. Və əsərin gözəlliyi oxucunu həyacanlandırmasıdır. Düşünürəm ki, Rəna xanım bu əsəri yazana qədər arxiv materiallarından istifadə etməsi bir yana, hüquqla bağlı bilgilərini də bir müstəntiq qədər gözəl öyrənib. Belə ki, son anda Cəbrayılın dindirilməsi zamanı verdiyi cavablar, eləcə də hadisələrin ardıcıl olaraq hüquqi aspektdən kamilliklə davamı da bunun təsdiq edən əyani vasitədir.

Qaraxanın kim olduğunu öz işçilərindən birinin Elzaya deməsi və Elzanın isə ona ölüm planını hazırlanması olduqca maraqlı və qandonduran bir səhnədi. Təbii ki, Elza kimi təhlükəli adamla oyun oynamağın nə qədər çətin olduğunu müəllif Elzanın diliylə bizə çatdırır. Elza ailə qurub inandığı adamın kim olduğunu biləndə dünya gözlərində qaralır. O, qatı cinayətkar olaraq oyuna salınmasını heç cür qəbul etmir. Qəflətən Qaratəpəyə gedib qayıtması və qara pobedadan düşən zaman Qaraxanın nəzərlərinə tuş gəlməsi və bütün bunların bir anda baş verməsi əsərin ən həyacanlı yeridir.  Axtardığı Aykanın  Elza olması epizodu yazıçı məharətini bir daha ortaya qoyur. Atasının qatili ilə bir evin içində üz-üzə olmağın nə qədər ağrılı olmasını əsl Qaraxanın oğlu Rüstəm  həzm edə bilmir. Lakin hər şey onunçun gec idi. Ayka artıq Qaraxanoğlunun ölüm səhnəsinin ssenarisini yazmışdi.

Burda U.Folknerin dediyi fikir tam yerinə düşür: ”Hər bir ədəbiyyatçının vəzifə borcu insanlığı, insan ruhunu axtalanmaq təhlükəsindən  xilas etməkdir”. Mənə elə gəlir ki, insanlığını itirmiş Elza kimiləri bu cəmiyyət üçün nə qədər təhlükəlidirsə, ədəbiyyat üçün insan ruhunun təhlükədən xilas olunması qədər önəmlidir.  Oxucunu ictimaiyyət üçün, cəmiyyət üçün hazırlayan müəllif onu hər an kiminsə ovuna düşməkdən nicat yolu  axtarır.

Yüksək dairələrdən idarə olunan Ayka Kremldən idarə olunmağın dayandırılması barədə xəbərdarlıq alır. Aykanın son olaraq cinayətinin izinə düşən Gürcüstandan gələn müstəntiq, axtarış şöbəsinin rəisi  mayor Rüstəm Adıgözəlovun oğlu, kapitan Qaraxan Adıgözəlovun nəvəsi idi. Haqq gec də olsa öz yerini tapır. Qisas qiyamətə qalmır.

Hər tərəfdən mühasirə olunduğunu bilən qatı cinayətkar Aykanın ələ düşməmək üçün özünü güllə ilə öldürməsi məndə ikrah hissi oyadır. Əslində mən Aykanın ədalət məhkəməsində dindirilməsini istəyirdim. Məhkəmədə isə özünü milis orqanına təslim edən oğlu Cəbrayıl oturur. Və hər şeyi açıq etiraf etməyə məcbur olan cani, müstəntiqin suallarına elə cani kimi də cavab verir. Cəbrayıl iz buraxmadan etdiyi qətllər üçün ədalət məhkəməsində dindirilməli idi…

Əsərdə hər şeydən xəbərsiz qatı cinayətkarların övladı müsbət obraz kimi tanıdığımız Yasəmənin atasının və nənəsinin kim olduğunu biləndən sonra, inandığı, sevərək ailə qurduğu Qədirdən özünə qarşı da haqsız ittihamlar eşitdiyi andaca intihar edir.

Bu zaman atasının onunla vidalaşmağa gələrkən nəvəsi Arzunun bələyinə qoyduğu brilyant daşlar tutduğu ovcundan tökülüb yerə dağılır.

Müəllifin bununla demək istədiyi çox şey var. Hər kəs öz əməlinin qurbanı olur. Amma insanlığa nümunə olan Yasəmən öz əməlinin yox, məhz ona doğma olan nənəsi və atasının oyunlarının qurbanına çevrilir. Cəbrayılın nəvəsinin bələyinə qoyduğu qara qaşlı bilərziyi isə balaca Arzu əlinə alıb yenicə çıxarmaq istədiyi dişlərinin yrinə sürtərək heç nədən xəbərsiz məsum körpə qığıltısıyla ayaqlarını oynadırdı.

Sənubərlə Yasəmənin   dialoqlarında da, əsər boyu müşahidlərimdə də Yasəmənin nə qədər təmiz, saf birisi olduğu aydın görünür. Qədirin özündən başqa dörd qardaş bacısını  böyüdən, bütün elin-obanın hörmətini qazanan bu saf, ağıllı, mədəni qız mənfi tiplərin iç üzünü öyrəndiyindən böyük təəssüf hissi keçirirərək qəbul edə bilmədiyi bu çirkinliyə ölümüylə cavab verir.Başı  bəlalı Nuralılar kəndinin üzünə doğmayan Günəş bu canilərdən canını qurtardıqdan sonra işıq saçır. Müəllif  insanların psixologiyasının müxtəlif istiqamətlərini özünəməxsus, fərdi təhkiyə üsulu ilə çözür. Hiss olunur ki, müəllif həyatın bu acı mərhələlərində təngnəfəs olur, onun həyacanı obrazları  yeni hiss və duyğuları ilə hərəkətə gətirir. Bu qədər məşəqqətləri əsərdə yaşadan müəllifin özü üçün də çox ağrılıdır əslində.

Müəllif SSRİ ilə İran arasındakı siyasi məsələlərə də toxunur. İran qoşunlarının Cənubi Azərbaycana hücum etməsi, on minlərlə soydaşımızı qətlə yetirməsi və zindana salınması tariximizin ən qanlı səhifələrindən biridir. Stalinin əhəmiyyət vermədiyi bu faciə çox qurbanlar aparır. Həmin dövrdə 24 yaşlı Heydər Əlirza oğlunun DTK-nın şöbə rəisi təyin olunması və xarici kəşfiyyatla əlaqəli olan ala gözlü adamı  öz tərəfinə çəkərək  onu agentlər məktəbinə göndərməsi, agent kimi yetişdirməsi çox əhəmiyyət daşıyır. Yerevan şəhərində Amerika kəşfiyyatının cəsusu ilə görüşən agent “Daşnaksutyun” partiyasının SSRİ-yə qarşı əməliyyatının faalçısı erməni Malukyanın  gizli sirrini öyrənir. Bütün sınaqlardan uğurla çıxan “Alagöz” əməliyyatı çox sirləri aşkarlayaraq lazımi istinad nöqtələrini verir.

Bu faktları müəllif xatırlatmaqla çox mətləblərə aydınlıq gətirir. Həmin dövrdə İran, ABŞ, İngiltərə və başqa dövlətlərin  kəşfiyyat orqanları öz cəsuslarını qaçqınlar arasında yerləşdirməklə çox güclü surətdə işləməyə başlayır. Lakin “Alagöz” əməliyyatı öz işini görmüşdü…

“Ağ ölüm” ün şaxəli və sifarişli şəkildə nə qədər ailələrin dağılması, insanların  qətlinə səbəb olması əsərin əsas mahiyyətini göstərir. Bu ölümə uzanan yüksək təbəqəli qara qüvvəllərin öz əməlində boğulması və çirkab pullarla yığılan var-dövlətin, qurulan malikanənin cəhənnəm yuvasına çevrilməsi, pula hərisliyin son aqibətinin boş və mənasız olduğunu  ortaya qoyur. Daxili ucuzlaşıb, xaricini bəzəməyə çalışan varlıqdır insan. Bəzən pis əməlləri ilə yaxşıları da cəmiyyətdən uzaqlaşdıran onların məhvinə susayan bu varlıqlar kökündən qopmuş yabanı meyvələrə bənzəyirlər.

Qəribədir ki, təbiətdə ən vəhşi canlı heyvanlardır. Onlar da vəhşi olmayan digər heyvanları yeyir, parçalayır. İnsan insanı parçalamır, amma gözlərini doyurmaq üçün onun ölümünə heyvani hissləri ilə qərar verir.

Əsər haqqın qələbəsi ilə nəticələnir.

Əslində cəmiyyəti düşdüyü bəladan qurtarmaq üçün belə əsərlərin  gücü xalqın gücü ilə eyni ölçüdə dayanır. Unutmayaq ki, tərbiyəvi əhəmiyyət daşıyan əsərlər nə qədər çox yazılsa, o qədər də xalqın yaddaşı təzələnər, cəmiyyəti uçuruma aparan  hadisələrin qarşısı alınar.Kitabların da öz taleyi olur. Əldən-ələ keçib müəllifə əbədiyyət qazandıran, bircə dəfə əl dəyməyib kitabxanaçılara  əziyyət verən kitabalar var. İnanıram ki, dəyərli yazıçımız Rəna Nəcəfqızının “Qara gözlü bilərzik” əsəri oxucuların böyük marağına səbəb olmaqla ona əbədiyyət gətirəcək. Çünki bu əsər cəmiyyətin  mənəviyyat  dərsidir. Bu əsər cəsarətin haqq qapılarını açacaq əsərdir. Zənnimcə bir ölkənin deyil, kiçik bir qurumun deyil,  böyük dairələrin bir neçə ölkədə yaratdığı kriminal hadisələri təfərrüatı ilə bədii əsərə çevirən yazıçı alqışlanmalıdır.  Sonda onu demək istərdim ki, “Qara gözlü bilərzik” Azərbaycan ədəbiyyatına böyük bir töhvədir. Əsərin özünə çoxlu sayda  oxucular topl!maqla Azərbaycan ədəbiyyatına şöhrət gətirəcəyinə tam əminəm. Belə əsərlərin dövlət tərəfindən yüksək tirajla çap olunmasını və təbliğ  olunmasını məqsədə uyğun sayıram.Əminliklə deyirdim ki,  “Qara gözlü bilərzik” romanı Nobel mükafatına tədqim olunmalıdır. Bu, həm əsərin, həm də müəllifin birbaşa haqqıdır. İnanıram ki, Azərbaycan Dövləti, Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyi bu sahadə uğurlu addım atacaq.

Hörmətli yazıçımız Rəna Nəcəfqızını təbrik edir və ona bu yolda böyük uğurlar diləyirəm.

 Nəcibə İLKİN

AYB,AJB və Dünya Türk Yazarlar Birliyinin üzvü,

“Azad Qələm” qəzetinin redaktoru prezident təqaüdçüs

Share: