T. Nurəlinin şeirləri bizə duyğularımızı dilə gətirməyə cəsarət verir – Şərafəddin İlkin yazır

T. Nurəlinin şeirləri bizə  duyğularımızı dilə gətirməyə cəsarət verir –  Şərafəddin İlkin yazır

Sənin gözlərinlə mənim taleyim,
Yaman bənzəyirlər biri-birinə
Tofiq Nurəli

Səksəninci illərin tələbə həyatı tamam başqa bir aləm idi. Auditoriyalarda uzun, yorucu mühazirələr, yataqxanaların dar otaqlarında doyumsuz söhbətlər, axşamlar isə şeir gecələri… Hər kəsin qəlbində gizli bir həyəcan vardı – ilk sevginin, ilk etirafın həyəcanı.
O vaxt sevgi elə də asan deyildi. Telefon yox, mesaj yox, sosial şəbəkə yox… Hissləri yalnız kağız üzərinə köçürmək lazım gəlirdi. Amma necə yazmalı, duyğularını necə çatdırmalı? O zaman köməyə Tofiq Nurəlinin misraları çatırdı. Gənclərin ilk sevgi məktubları çox vaxt elə onun sətirləri ilə başlayırdı:

“Sənin gözlərinlə mənim taleyim
Yaman bənzəyirlər biri-birinə…”

Bu bir sual idi, amma hər kəsin öz qəlbində bir cavabı da vardı. Tofiqin şeirləri bizə həm gizlənməyə yer, həm də duyğularımızı dilə gətirən cəsarət verirdi.
Payız axşamlarında yataqxana pəncərələrinə düşən yağış damlalarının səsi ilə dolu otaqlarda kimsə asta səslə oxuyurdu:

…Tənha bir qüssəni çəkib başıma,
Yenə şəkilləri töküb qarşıma,
Sığınıb ömrümün sevda yaşına,
Sənin ad gününü keçirəcəyəm…”

Biz o misralarda həm kədəri, həm də həyatın qəribə hikmətini görürdük. Bir yanda sevincin titrək nəfəsi, o biri yanda ayrılığın sərt kölgəsi vardı. Elə bil ki, o şeirlər bizim içimizdə gizlənən sözsüz söhbətləri dilləndirirdi.
Tofiq Nurəli yalnız sevgi şairi deyildi. Onun misralarında vətənin nəfəsi, qəriblik kədəri, ata-ana nisgili də vardı. Hələ 1985-ci ildə yazdığı o şeirdəki yanğı biz tələbələrin də ruhuna hopmuşdu:

“Qaldı qoca atam, xəstəhal anam,
Qarşıdan ilahi yazısı gəlir.
Mən çıxıb gedirəm, ötürmür heç kim –
Dalımca qonşunun tazısı gəlir.”

Bu sətirlərdə həm dövrün acı reallığı, həm də gəncin kövrək ürəyi vardı. Qəriblik duyğusu, köhnə həyətlərdə yanan xəzan tonqalları, qocaların gözlərindəki nigaranlıq – bütün bunlar bizə tanış idi. Çünki o illərin gəncliyi də qəribsəmişdi, nəsə axtarırdı, amma tapmırdı.
O, həkim kimi insan bədənini, şair kimi isə ruhu sağaldırdı. Sözü saf, təmiz idi. Qubanın dağlarından gələn nəfəs sanki misralarında yaşayır – dağların ucalığını, çayın pıçıltısını, insan qəlbinin dərinliyini gətirirdi poeziyaya.
Mənim üçün Tofiq Nurəli təkcə sevimli şair deyil, həm də həyatımda iz qoyan bir ustaddır. Kitablarımdan birinə yazdığı ön söz mənim üçün ən ali mükafatdan üstündür. Amma bu gün də stolumun üstündə onun kitablardır.. Hər dəfə ustadın şeirlərini oxuyanda elə bil yenidən o illərə qayıdıram – tələbəlik gecələrinin şeir dolu ab-havasına, ilk sevgi məktublarının həyəcanına, gəncliyin saf dünyasına.
Tofiq Nurəlinin şeirləri bizim üçün sadəcə ədəbiyyat deyildi. O misralar gəncliyimizin pasportu idi. İlk sevinclərimiz, ilk göz yaşlarımız, ilk xəyallarımız onun şeirlərində yaşayırdı. O, bizim həm səsimiz, həm də yaddaşımız idi.
Bu gün də o yaşayır, yazır, yaradır. Adını çəkəndə qəlbimdə qəribə bir işıq yanır. Çünki Tofiq Nurəli yalnız yazmır – hər gün yeni nəfəs gətirir, oxucularına yol göstərir.
Mənim Tofiq Nurəliyə bir etibar borcum, vəfa borcum var. O, bizə sadəcə şeir verməyib – gəncliyimizin ən saf duyğularını, ilk sevgilərimizi, qəlbimizin səsini verib. Ona görə də bu borcu heç vaxt unutmayacağam və hər zaman qəlbimdə daşıyacağam.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü,

“Rəsul Rza mükafatı” laureatı.

Share: