Fədakar ziyalı, unudulmaz müəllim… – Şərafəddin İlkin yazır

Fədakar ziyalı, unudulmaz müəllim… – Şərafəddin İlkin yazır

Bəzən bir ömür illərlə deyil, insanın qoyduğu izlərlə ölçülür. Elə insanlar var ki, onların həyat yolu başqaları üçün işığa çevrilir, hər addımı nümunə, hər sözü dərs olur. Bu işığın sönməsi isə sadəcə bir ailənin yox, bütöv bir cəmiyyətin kədərinə çevrilir.

Belə unudulmaz insanlardan biri də ömrünü elmə, gənclərə və insanlığa həsr etmiş hamımızın sevimlisi Möhübbət müəllim idi. Onun ölüm xəbəri hamını sarsıtdı – sevimli müəllimimiz, dəyərli ziyalımız haqq dünyasına qovuşdu.
Onun itkisi yalnız doğmaların deyil, minlərlə şagirdin, bütün Masallının və cəmiyyətimizin dərdidir. Çünki Möhübbət müəllim təkcə müəllim deyildi – o, həyatın özündə dərs idi. Sinif otaqlarında öyrətdiyi düsturlar qədər, insana dair söylədiyi kəlamlar, səbr və mərhəmət nümunələri yaddaşlardan heç vaxt silinməyəcək.
Möhübbət müəllim gənclərin yolunu işıqlandıran bir çıraq idi. Onun öyrətdiyi biliklə yanaşı, dürüstlüyə, mərhəmətə, ədalətə çağırışı bu gün də yüzlərlə şagirdin qəlbində yaşayır. O, gənclərə yalnız elm öyrətmədi – həm də doğru seçim etməyi, vicdanla yaşamağı, insan olmağı aşıladı.
Ömrünün hər anını faydalı işlərə sərf edən Möhübbət müəllim Masallı Rayon Ağsaqqallar Şurasının üzvü kimi də cəmiyyətin hörmətini qazanmışdı. Sözü keçən, haqqı qoruyan, nümunəvi ziyalı və müdrik ağsaqqal kimi yadda qaldı. Onu tanıyan hər kəs Möhübbət müəllimi ləyaqətli, fədakar, işıqlı bir insan kimi xatırlayacaq.
Bu gün onun yoxluğu ürəklərdə böyük boşluq yaradır. Amma əməlləri, öyrətdiyi dərslər, qoyduğu izlər daim yaşayacaq. Minlərlə şagirdi onun adını minnətdarlıqla anacaq, ruhunu hörmətlə yad edəcək.
Allah sənə rəhmət eləsin, əziz müəllimim.
Müqəddəs ruhunun qarşısında baş əyirəm.

Şərafəddin İlkin,
Şair -publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Rəsul Rza mükafatı” laureatı.

Share: