Bir mahnı gəzirdi küçədə, bir də mən… – Xosrov Barışan

Bir mahnı gəzirdi küçədə, bir də mən… – Xosrov Barışan

SƏN MƏNİ ONDA GÖR

Biz yuxudan daşlandıqda
Bütün daşla bitən kəlmələri daşlamışdılar daşlaşmışlar
Bir mahnı gəzirdi küçədə
Bir də mən
O yiyəsiz idi,
Mən vətənsiz
Onu heç kimsə dinləməyirdi
Məni heç kimsə anlamayırdı
mənsə onu anladım
O isə məni dinlədi
Bir siqar alışdırdım, xəyallarımla qaranlığa
Gözümün önündə əski bir əkis
Üzümdə yazılmamış bir yaz
Ürəyim ovucumda

Heç bir uşaqlığın donu açılmamışkən
Beton duvarlarda mahnılar
Bir durna tək köçərkən
Görmədin…
Görmədin sən
İçim savaş, dışım barış
mən içimdən düşdüm yerə
Aşmış qədəh kimi parçalandım
Şairi intihar etmiş bir şeir kimi
Yarım qaldım

Bir gün dönsə bu dünya
Və gülləşsə o çatılmaz rövya
Bəlkə bir nəğmə tutar əlimdən
Bəlkə onda anlayarsan səbəbini
Bu susğunluğumun
Onda görərsən bu çıxmaz küçədən necə çıxdığımı

Hələ bir qopsun bu əski əkisden bir üsyan
Hələ lal olsun bu kod addımlar
Şüşə sınıqları yerisin içimə
Ürəyim yumruğum olsun.
Adımı unut,
Addımımı xatırla
Bir ağıt burax səsimə
Sən məni onda gör

Hələ bir keflilik yansın gecəyə
Bir otobüs yola düşsün mənsizliyə
Yoxuşlar almasın derdimi
Enişlər çalmasın dərdimi
Ay, deliləşsin aramızı çatladan çatıların üstünde
Sən məni onda gör

Bir anlıq susğunluq qonuşsun
tökülsün
Mahnılar dillərdən yaşantıya
Şıltaqcasına
Duvarları aşsın
Yaşlanmış uşaqlıq
üzümdə niqabsz bir acı
Görülsün sırr olan açı
Sən məni onda gör

Hələ yağışlar küsməsin gözyaşlarıma
Kərəm kimi Külə dönsün bütün yarım qalmışlar
Qorxular düzülsün barmaqlarıma
Çalınsın qu quşunun son nəğməsi
Ürəyimdə yanğın, şeirim dumansız
Sən məni onda gör

Hələ ciblərimdə daşıyım daş
Yolumda yalqızlıqdaş
Hələ qoy gəlsin bahar
Rədd olsun bu güllə günlər
Açılsın güllər
Sən məni onda gör

Şeir: Xosrov Barışan

Təbriz

Qeyd: Şeirə yazılmış videonu buradan izləyə bilərsiniz

adf70e47-d358-4d37-a6de-2cbb01e33e2f

Share: