Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda 30 ilə yaxın davam edən münaqişəni tarixin arxivinə göndərən və təkrarlanmamasına zəmanət verən çox mühüm diplomatik əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsinin beynəlxlalq müstəvidə siyasi təsdiqi idi. Vaşinqtonda imzalanmış Birgə bəyannamə ilə regionda Azərbayanın yaratdığı status kvo bir daha təsbit olunur, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ yeni reallığı qəbul edir.
Vaşinqton görüşü çərçivəsində imzalanmış Birgə bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti tarixi qələbəsidir və məhz Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində, milli maraqlarımıza xidmət edən müddəlar bəyannamədə öz əksini tapdı.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat qeyd edib ki, Vaşinqtonda baş vermiş daha bir tarixi hadisə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanmasıdır. İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir. Paraflanma hələlik sülh sazişinin imzalanması demək deyil. Belə ki, bəyannamədə qeyd olunur ki, sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac var. Burada söhbət Ermənistan Konstitusiyasının dəyişdirilməsindən gedir. Bəyannaməyə əsasən, Tramp Zəngəzur dəhlizinin qarantı rolunu oynayacaq.
Vaşinqton görüşü çərçivəsində imzalanmış Birgə bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir və məhz Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində, milli maraqlarımıza xidmət edən müddəlar bəyannamədə öz əksini tapdı. Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi – Minsk Qrupunun ləğvi üçün birgə məktub imzalandı və Ermənistan öz konstitusiyasından ərazi iddiasını ehtiva edən müddəanın çıxarılmasını qəbul edir. Unutmayaq ki, buna qədər Ermənistan rəsmiləri konstitusiya məsələsinin ölkənin daxili işi olduğunu və sülh müqaviləsi ilə əlaqəsi olmadığını vurğulayırdılar. Həmçinin, Zəngəzur dəhlizinin açılması artıq reallığa çevrilir. Prezident İlham Əliyev daim vurğulayırdı ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycan Vaşinqtonda bu məqsədinə də nail oldu. Sənəddə yer alan kommunikasiyaların açılması ilə bağlı müddəalar Azərbaycan və Ermənistan arasında təkcə fiziki deyil, həm də siyasi və iqtisadi körpülərin qurulmasına xidmət edir. Xüsusilə, Zəngəzur dəhlizinin “Tramp Körpüsü Nəqliyyat Dəhlizi” adlandırılması Azərbaycan üçün olduqca önəmlidir. Bu dəhliz təkcə Azərbaycan üçün deyil, həm də region ölkələri və dünya iqtisadiyyatı üçün əhəmiyyətli nəqliyyat və ticarət arteriyasına çevriləcək. Dəhlizin açılması qonşu ölkələrlə iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, ticarətin genişlənməsinə və region xalqlarının bir-birinə daha da yaxınlaşmasına xidmət edəcək. ABŞ-ın bu dəhlizlə bağlı zəmanət verməsi və onun səmərəli istismarı üçün səylər göstərməsi, bu təşəbbüsün qlobal diqqət mərkəzində olacağına və beynəlxalq əməkdaşlığa təkan verəcəyinə işarədir. Bu eyni zamanda dünyanın aparıcı dövlətlərinin maraqlarına uyğun olaraq regional sabitliyə və rifaha töhfə verəcəkdir.
ABŞ-ın birbaşa təşəbbüsü və vasitəçiliyi ilə bu cür bəyannamənin imzalanması gələcək inkişaf üçün möhkəm əsaslar yaradır və tərəflər arasında münasibətlərin normallaşmasına geniş imkanlar açır. Vaşinqtonda imzalanmış sənədlər Azərbaycanın diplomatik qələbəsini təsdiqləməklə yanaşı, ölkəmizin regional və qlobal səviyyədə artan rolunu bir daha nümayiş etdirir. Səfər çərçivəsində əldə edilən razılaşmalar Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq üçün mühüm zəmin yaradır.
Tamam Cəfərova əlavə edib ki, Vaşinqton səfərinin nəticəsi olaraq Azərbaycan-ABŞ münasibətləri yenidən inkişaf mərhələsinə qədəm qoymaqla, enerji, nəqliyyat, ticarət, investisiya, süni intellekt, texnoloji infrastruktur və təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına geniş imkanlar açılacaq. Səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi məqsədilə Strateji işçi qrupunun təsis edilməsinə dair müvafiq sənədin imzalanması, 907-ci düzəlişinin tətbiqinin dayandırılması ilə bağlı qərar qəbul edilməsi Prezident İlham Əliyevin son dərəcə uğurlu xarici siyasət kursunun təntənəsi olaraq qiymətləndirilməlidir. Bu baxımdan, Vaşinqton səfərini Azərbaycan-ABŞ münasibətlərinin bir sıra vacib istiqamətlər üzrə inkişaf etdirilməsi üçün ən uğurlu səfərlərdən hesab etmək olar. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaşa çevrilməsini, müstəqil, balanslı və prinsipial xarici siyasət kursu yürütməsini nəzərə alsaq, ABŞ-ın Cənubi Qafqaz və Mərkəzi Asiyaya yönəlik siyasətində və planlarında ölkəmizin rolunun əhəmiyyətli dərəcədə artacağı ehtimalı yüksəkdir. Bu səfər Azərbaycanın ABŞ üçün enerji və nəqliyyat qovşağı kimi əhəmiyyətini möhkəmləndirməklə yanaşı, beynəlxalq güc mərkəzlərinin rəsmi Bakıya yönəlik artan diqqətini nümayiş etdirəcək. Vaşinqtonun Bakı ilə əlaqələri gücləndirməsi, Cənubi Qafqazda sülh təşəbbüsünün dəstəklənməsi və post-münaqişə mərhələsində iqtisadi inteqrasiyanın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər həmçinin, regionda geosiyasi güc balansına təsir edəcək mühüm diplomatik addım kimi dəyərləndirilə bilər
Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın diplomatik, strateji və beynəlxalq nüfuz baxımından mühüm nailiyyətidir. Bu sənəd həm bölgədə ədalətli sülhün təmin olunmasına, həm də ölkəmizin qlobal siyasi xəritədə mövqelərinin möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin prinsipial və uzaqgörən siyasəti nəticəsində Azərbaycan artıq yalnız münaqişədən çıxan ölkə deyil, regionun inkişaf gündəliyini müəyyən edən lider dövlətdir.
Vaşinqton formatında keçirilən görüş Azərbaycanın çoxvektorlu və balanslı xarici siyasətinin təntənəsidir. ABŞ kimi qlobal gücün vasitəçiliyi və şahidliyi, Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Bu, ölkəmizi yalnız regionun deyil, həm də geniş Avrasiya məkanının sülh və sabitlik təşəbbüskarı kimi təqdim edir. Bu qlobal diplomatiyada Azərbaycanın imzasıdır.
















