YAZMIŞAM
Bu mənəm, bir düşün, sınama yüz yol,
Sən məni gətirdin dinə, yazmışam.
Taledən yoluma çıxdığın günü,
Qismətə yazılan günə yazmışam.
.
Bu eşqin vüsalı olamı, bilməm,
Yolsuzmu çıxmışıq yolamı, bilməm…
Sən nəsən, sevgimi, bəlamı, bilməm,
Yazmaram demişəm, yenə yazmışam.

Söznən yaratmışam dövlət, varımı,
Sevdim səndən gələn intizarımı.
Bütün ömür boyu yazdıqlarımı,
Elə bilirəm ki, sənə yazmışam.
“UNUDA BİLMİRƏM” DESƏN, NƏ OLAR…
Ürək deyiləndən yarımasam da,
Çırpınır sinəmdə zalım quş kimi,
Sən məni bircə yol unutmasan da,
Özünü göstərdin unutmuş kimi.
Bir dəli sevgini qoyduq yarıda,
Ya mən geri dönüm, ya sən… Nə olar…
Əlindən qaçırdın yuxuları da,
“Unuda bilmirəm” desən… Nə olar…
.
Kimin günahı nə, dil açıb desin,
Bəlkə sahibini gəzir bu sevgi.
Əlində qalmışıq qürurun, hissin,
Hərəni bir yanda əzir bu sevgi.
.
Özün də bilmədən çəkilir səsin,
Nəyi unudursan… Nəyi… Bilirsən?
Dolansan başına körpə sevginin,
“Unuda bilmirəm” deyə bilirsən…
.
Ürək deyiləndən yarımasam da,
Çırpınır sinəmdə zalım quş kimi,
Sən məni bircə yol unutmasan da,
Özünü göstərdin unutmuş kimi.
HƏRƏDƏ BİR AZCA SƏN AXTARIRAM
Çən tutub ömrümün üstünü, ya da,
Dağların döşündə çən axtarıram.
Bütöv tapammıram səni dünyada,
Hərədə bir azca SƏN axtarıram.
.
Nə vardı canımda eşqin adına,
Nə var, halalındır, sənindir, apar.
Bəsimdir, arada düşüm yadına,
Axı kim deyibdir, – axtaran tapar…
Tanrı yaratmışdı yaratdığını,
Bir də yaratmağa bəhanə ola.
Yüz yol səcdəsinə dayanmağım var,
Kimdəsə balaca nişanən ola.
.
Hər yanı zülmətdir, irəli, geri,
Axı nə gəzirəm, qaranlıq boyu…
Ağrıma-acıma yaşanan ömrü,
Çəkib aparıram viranlıq boyu.
.
Onda nə göydəydim, nə də ki yerdə,
Səni itirəndə sənə yetirdim.
Elə bilirdim ki, tapacam bir də,
Səni axtarırdım, ömrü itirdim.
.
Çən tutub ömrümün üstünü, ya da,
Dağların döşündə çən axtarıram.
Bütöv tapammıram səni dünyada,
Hərədə bir azca SƏN axtarıram.
YERİYDİ
Qaçdım arxasında köçüm yetmədi,
Çölüm parçalandı, içim yetmədi.
Onsuz da pozmağa gücüm yetmədi,
Qismət yollarıydı, tale yeriydi.
.
Gözlərə gəlməyən röyasan dedi,
Tapmazsan, təzədən arasan dedi.
Cəmisi ikicə misrasan-dedi.
Vallah, bir şirincə nalə yeriydi.

Yüz “şər“ dən keçmişəm bu “şər“ə kimi,
Saldılar düşməzə-düşərə kimi…
Demədim… Yandırsın məhşərə kimi,
Dərdimi deməyin əla yeriydi.
















