KİŞİ KİMİ YAŞAYIR
Kişi kimi yaşayır,
Kişiyə xas hər yükü də kişi kimi daşıyır.
Nə yalana qulaq asır,
Nə pisə qucaq açır.
Nə dəbdəbəli həyat, yaxşı güzəran üçün harınların qabağına qaçır,
Nə də onu işə sala biləcək namərdlərin qabağından.
Kiminsə minnətini götürmədiyi kimi,
Kiminsə boynuna minnət də qoymur.
Kimsənin yanında
Üzü kölgəli deyil,
Gözü kölgəli deyil,
Sözü kölgəli deyil.
Ölüm adlı qorxunu da
Birinci Qarabağ savaşında
Öz əlləri ilə diri-diri basdırıb.
Adını Vətənlə nəfəs alan
İgidlərimizin siyahısına hələ o vaxtlar yazdırb.
Qapısını ehtiyacdan başqa kimsə döyməsə də,
Ölənə kimi kişi kimi yaşamaq istəyir.
Öləndə də fikri kişi kimi ölməkdi.
Əvvəl öləcək,
Sonra basdıracaqlar onu.
Çiyinlərini tabutunun altına verməyə
Özü kimi beş-on kişi tapılacaq yəqin.
Bəlkə bu dünyadan köçəndən sonra da
Uzun müddət ürəklərdə yaşadı.
Elə mənim qəlbimdə belə neçə mərd, neçə kişi yaşayır.
Deməsəniz də, inanmaram ki,
Ürəyinizdə belələrinə yer yoxdu,
Bəlkə məndən daha çoxdu.
Hələ ki, kişi kimi yaşayır,
Hələ ki, kişiyə xas hər yükü kişi kimi daşıyır.
Bəlkə Əzrayılın da qəti fikri budur ki:
“Kişi kimi yaşamaq insan oğluna çox yaraşır.”
Rasif İMANOĞLU
26.07.2025
TƏHLİLİ:
Rasif İmanoğlunun “Kişi kimi yaşayır” adlı şeiri yalnız bir insanın həyat tərzindən danışmır – bu şeir bütöv bir mənəviyyat dünyasının, insanlıq borcunun və milli kimliyin fəlsəfəsini ehtiva edir. Burada sözlər sadəcə poetik ifadələr deyil, həyatın özüdür; şeirin hər misrası ləyaqət, mərdlik və vicdanın real simasını ortaya qoyur.
Şeirin mərkəzində dayanan “kişi” obrazı sadəcə cinsə aid bir insan deyil – o, dəyər daşıyıcısıdır. O, yalanla barışmayan, pisliyə qucaq açmayan, rahatlıq və şöhrət naminə əyilməyən, vicdanının səsini hər şeydən üstün tutan bir insandır. Onun üçün “kişilik” – zahiri bədən quruluşu deyil, iç dünyasının əzəməti, doğruya olan sədaqəti və haqsızlığa qarşı dik duruşudur.
Şeirdəki qəhrəman heç kimin qarşısında əyilmir, nə də kimisə öz qarşısında əyməyə çalışır. Onun həyat fəlsəfəsi minnətsiz yaşamaq, izzətli ölməkdir. Bu, Qarabağ savaşında ölümün gözünə dik baxıb, qorxunu öz əlləri ilə basdıran nəsillərin ruhundan gəlir. O, vətəni üçün yaşayan və lazım gəlsə, onun uğrunda ölməyə də hazır olan insanlardandır.
Bu insanın qapısını ehtiyacdan başqa heç kim döymür, çünki o, nə boyun əyir, nə də boyun əydirir. Onun alnı açıq, sözü düz, gözü uca baxır insanlara. Bu, həm də Azərbaycan xalqının kökündə duran milli xarakterin güzgüsüdür: sarsıla bilər, amma sınmaz; yorula bilər, amma imandan dönməz.
Rasif İmanoğlu bu şeirlə oxucusuna sadə, lakin dərin bir sual ünvanlayır: sənin qəlbində bu cür insanlar varmı? Cəmiyyətimizin içində, öz gündəlik həyatımızda belə insanlara yer ayırırıqmı? Onları yaşadığımız müasir dünyanın sürətli, çox vaxt mənəviyyatsız axarında unuduruqmu? Şair bu sualları verməklə yanaşı, bizi vicdanla üz-üzə qoyur. Çünki bu tip insanlar yalnız tarixdə və ya döyüş meydanlarında deyil, elə bizim yanımızda, içimizdə, qonşuluğumuzda da yaşaya bilərlər. Və bəzən onları tanımaq üçün sadəcə səmimi baxmaq, həqiqəti görmək yetərlidir.
Şeirin sonluğundakı sətirlər – “Bəlkə Əzrayılın da qəti fikri budur ki: ‘Kişi kimi yaşamaq insan oğluna çox yaraşır’” – poetik dillə ifadə olunan bir həqiqətin möhürüdür: şərəfli yaşamaq, insanın ən böyük yaraşığıdır. Bu, sadəcə kişi olmaq deyil, insan olmağın zirvəsidir.
Bu şeir bizi öz daxilimizə, ailəmizə, keçmişimizə və toplumumuzdakı dəyərlərə doğru yönəldir. Rasif İmanoğlu sanki deyir: kişi kimi yaşamaq bir ömürlük məktəbdir – onu oxuyanlar, onu yaşayanlar əbədi hörmətlə xatırlanacaq.
Sizə sağlıqlı, bərəkətli, uzun ömür və yaradıcılıq uğurları diləyirik, dəyərli insan Rasif müəllim !

✍Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi tənqid və təhlilçi.
27.07.2025
















