Qısa ömrün böyük dastanı – Əntiqə Qonaq yazır…

Qısa ömrün böyük dastanı – Əntiqə Qonaq yazır…

Sən nə tez böyüdün körpəm…sən nə tez açdın fidan balam…sən nə tez həyatı anlamağa başladın…sən nə tez kişiləşdin…sən nə tez vətənpərvər oldun…sən nə tez qəhrəmanlığa can atdın…sən nə tez alov saçan silahlarla davranmağı öyrəndin…sən nə tez dostla düşməni ayırmağı bacardın…sən…sən…

O nur saçılan üzündən, saf, səmimi, təmiz gözlərindən heç bir sualıma cavab ala bilmirəm. O qədər işıqlısan ki… O qədər müqəddəssən ki… Ölümün hüzuruna gözləri qıyılmış formada gülə-gülə gedən körpə şəhid balam. Sən həyatla ölüm arasındakı fərqi anlaya bildinmi barı? Sən şəhadətin şərbətini içməyə nə tez susadın fidan balam. 19 yaş nə imiş ki…Bu yaşda dünyanı dərk etməkmi mümkündü, bu yaşda sevgi ilə nifrətin fərqinə varmaqmı olardı, sən bu yaşda bir ömrə son nöqtəni necə qoya qoya bildin? Sən bu kiçicik ömür payına bir qəhrəmanlıq dastanını necə yerləşdirə bildin körpə balam? Sənin üzünü belə görməmişəm. Minlərlə şəhidim kimi sən də mənə göylərin yeddinci qatından baxan bir mələksən. Bəlkə də yaşasaydın günün birində, hardasa rastlaşacaqdıq, qarşılaşanda mənə xala deyə müraciət edib əlimdəki zənbilə kömək etmək istəyəcəkdin, ya da bilmədiyin bir məsələyə aydınlıq gətirməsini istəyəcəkdin, ya da təsadüfən toyunda iştirak edəcəkdim, nə bilim… Amma bütün bunlar olmadı, bütün bunlar bəlkələrə bükülmüş bir xəyaldan ibarət oldu. Min kərə təəssüflər olsun, yüz kərə söylədiyim keşkələr doğrultmadı çünki… Sənin haqqında sosial şəbəkələrdən eşitmişdim. Ailənin sənsiz qeyd etdikləri ikinci doğum gününü- artıq 21 yaşdasan, uzun illik rəfiqəm, sənin də qohumun Səkinə xanımdan duydum. Şəklinə baxandan özümə gələ bilmirəm cənnət mələyim. Bu qədər ürəkdən və saf gülmək mümkünmü yəni? Sən bunu göstərdin, sübut etdin. Ömür boyu dünyaya bu cür gələcəksən, ömür boyu valideynlərinə daş lövhədən belə isti-isti, odlu- alovlu gülüş bəxş edəcəksən. Ağlama ana, qəm yemə ata deyəcəksən, cənnətdə yerim çox rahatdı söyləyəcək din. Çünki sən Tanrının insanlığa bəxş elədiyi minlərlə şəhid donu geyinmiş canlı mələklərin sənsən. Sən və şəhid qardaşların əbədiyaşarsız. Siz də tanıyın qısaca ömrünə, 19 yaşlı nakam taleyinə elegiya yazdığım balaca, lakin BÖYÜK qəhrəmanımı… Manafov Qiyas Ramil oğlu 2004-cü il iyul ayının 18-də Bakı şəhərində anadan olub. Qiyas Manafov orta təhsilini Bakı şəhəri, Nəsimi rayonu 54 saylı tam orta məktəbində alıb. Ailədə üç qardaşdan biri idi. Ağakərim, Vahid, Qiyas Manafovlar. 18 yaşında Vətənin çağırışı ilə oğulluq borcunu yerinə yetirmək üçün müddəti həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətinin bir il üç ayını nümunəvi əsgər kimi komandanlığın və əsgər yoldaşlarının hörmət və məhəbbətini qazanaraq keçirmişdi. Qiyas Manafov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənddə gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərmiş, Vətənə necə oğul olduğunu qanıyla, qanıyla sübut edərək şəhid olub…
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qiyas Manafov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qəhrəmanlıq yaşa baxmır, fürsət axtarır, məqamı layiqincə dəyərləndirə bildinmi, demək ki, seçilmişlərdənsən. Əbədiyaşarsan, nümunəsən, müqəddəssən… Nur içində yatsın igidlərimiz amin…

Əntiqə Qonaq

Əməkdar jurnalist

Share: