“Bir də gördün durub gəldim…” – Sakit MALİKOV yazdı

“Bir də gördün durub gəldim…” – Sakit MALİKOV yazdı

Məzahət Mahmudovun əziz xatirəsinə

Bəzən bir dostun yoxluğu, bütün dünya ilə arandakı rabitəni susdurur. İnsan gəzər, danışar, gülər, amma içində bir səssizlik yeri yandırar… Elə bir səssizlik ki, yalnız “dost” deyilən o müqəddəs varlığın yerinə sığışar. Məzahət Mahmudov — təkcə bir dənizçi deyildi, o, ürəklərdə ləpələnən səmimi bir dalğa idi. Onun yoxluğu — bütün dənizlərin səssizliyə qərq olduğu bir sakitlikdi.

Sabah biz — mən, Sakit və Rasif — illərin yol yoldaşını, dərdin, sevinci bölüşdüyümüz bir ömür sirdaşını ziyarətə gedirik. Şamaxının Adnalı kəndindəki torpaq indi onun nəfəsini deyil, xatirəsini saxlayır. Gedirik… amma ziyarətə yox, bir növ dostumuzu görməyə. Çünki Məzahətin olduğu heç bir yer “yoxluq” adlana bilməz.
Zaman vardı ki, gündə bir yerdəydik. Dəniz də, dağ da, bayram süfrəsi də bizi birləşdirirdi. O qədər bir idik ki, ayrı-ayrı ailələr deyildik – bir ailəydik. İndi isə o ailə, bir dostunun məzarı başında səssiz bir dua ilə susur…
Rasif İmanoğlunun yazdığı bu şeir isə təkcə bir şeir deyil – içində əriyən illərin, bir ömrün tənha etirafıdır:
BİR DƏ GÖRDÜN DURUB GƏLDİM
(Bir ildir yoxluğuna alışa bilmədiyim dənizçi dostum Məzahət Mahmudovun əziz xatirəsinə)
Sən köçəndən tək deyiləm,
Harda olsam, dərd mənimlə.
Xəyalımda “oynayıram”
Dama, şahmat, nərd səninlə.
O gözəl taleyə, bəxtə
Kim düşünərdi göz dəyər?
Üzdüyün bütün dənizlər
Hələ də səni gözləyir.
Səni hamı çox sevirdi,
Məni də şamaxılılar.
Mən uşaq deyiləm, amma
Kaş yoxluğun yuxu ola.
Allahım da yaxşı bilir
Nə boyda dost itirmişəm.
Yaşasam da… Bu, nə ömür?
Sanki ömrü bitirmişəm.
Bir də gördün durub gəldim,
Hər dərd ilə qısalır yol.
Bu dünyada atdın, orda
Sən həmişə yanımda ol.
Bu misralarda nə qədər sükut varsa, bir o qədər də sədaqət var… Əsil dostluğun, bölüşülmüş çörəyin, birgə qazanılmış xatirələrin izləri var. Bəli, Rasif durub gəlmişdi. Mən də gəlmişdim. Amma biz bu yolun sonuna deyil, başlanğıcına gəlmişdik — Məzahətin bizim içimizdə əbədi yaşadığı o yerə…
Əgər bir dostun yoxluğu bu qədər dərindirsə, demək onun varlığı bir ömür boyu işıq saçırmış.
Bu gün biz sükutla danışırıq, dua ilə deyirik:
Sən bu dünyanı tərk etsən də, biz səni tərk etmədik, Məzahət…
Zaman elə qəribə axır ki… Bəzən bir fotonun içində donub qalan anlar, ömrün yazılmamış kitabı kimi çıxır qarşına. O kitabın səhifələrində biz üç nəfərik: Məzahət, Rasif və Sakit. Sonuncu dəfə birlikdə çəkdirdiyimiz o şəkil indi sözsüz danışır. Məzahət aramızda dayanıb — hər ikimizi qucaqlayıb. Elə bil bizi buraxmaq istəmir. Elə bil ayrılığın nəfəsini hiss edib, bizi bir az da möhkəm sıxır…
Eynəyin arxasındakı o baxışlar…
O baxışlarda həm işıq var, həm kölgə…
Həm sevincin son işartısı, həm də dərin, dilsiz bir kədər…
Sanki dənizin o tükənməz üfüqlərinə baxırdı içində – getmədən əvvəl son dəfə…
Bəli, bir gün bu həyat da bitəcək. Amma biz son görüşümüzü deyil, birlikdə keçirdiyimiz illəri xatırlayacağıq.
Sən bizimlə yaşayırsan, Məzahət. Fotolarda, xatirələrdə, bu misralarda, ən çox da qəlbimizin içində…
Ən çətin yollar da bir gün bitər,
Ən dərin dərdlər də bir gün susar…
Amma dostluq –
O heç vaxt ölməz…
Share: