Ağamir Cavad
DAĞ ADAM
Yolları dolanbac zirvədi, dağdı,
Məqsəddə,məramda düzdü dağ adam.
Çətində arxanda dağtək dayaqdı,
Süfrəndə çörəkdi, duzdu dağ adam.
Qəlbində eşq ilə qəm baş-başadı,
Dözüb hər çətinə, mərdtək yaşadı,
Dünyanın dərdlərin dağtək daşıdı,
Nə qədər dağlara dözdü dağ adam.
Xəyalı ümmandı, qəlbi dənizdi,
Səmaya doğmadır, yerə əzizdir.
Dili ürəyitək pakdı, təmizdi,
Andından dönməyən sözdü dağ adam.
Qəlbində bəsləyir min illik qoru,
Nəfsindən uzaqdır dünyanın varı.
Yaylaqda kəhrizdi suyu dumduru,
Qışlaqda ocaqdı, közdü dağ adam.
Zəkası nur saçır, elə çıraqdı,
Hər sözü dillərdə varaq-varaqdı.
Dosta qucaq açan isti ocaqdı,
Düşmənə şaxtadı, buzdu dağ adam.
Sərtdi təbiəti qaya daşıtək,
İşığa yol gedər Simurq quşutək.
Qüruru əyilməz dağlar başıtək,
Üzü dəyişilməz üzdü dağ adam.
Fikri aydın olar al səhər kimi,
Dillərdə oxunar şah əsər kimi.
Çobanlıq eyləyən peyğəmbər kimi
İmana yol gedən izdi dağ adam.
TƏHLİLİ:
Ağamir Cavad şeirinin qüdrəti, onun sadəliyində, dərin mənada fəlsəfiliyindədir. Onun hər bir şeiri sənətkarlıq, fikir dərinliyi, rəvanlıq cəhətdən ana dilimizin zənginliyini, gözəlliyini, incəliyini sübut edən parlaq bir nünunədir.
Onun məhəbbətlə yoğrulmuş misralarını oxuduqca insan şüurunun lap dərinliklərində, ən əlçatmaz yerlərində həzin bir gizilti əmələ gəlir. O gizilti insanı silkələyir, yatdığı yuxudan oyadır. Məhz bu zaman şeirin gözəlliyi, dəyəri və şairin qiyməti üzə çıxır. Məhz şairin qələmə aldığı “Dağ adam” şeiri də belə poetik nümunələrdən biridir.
Azərbaycan ədəbiyyatında xalqın mənəvi gücünü, əxlaqi bütövlüyünü və təbiətlə vəhdətini əks etdirən şeirlər çoxdur. Ağamir Cavadın “Dağ adam” şeirində xalqın mənəvi ucalığı tərənnüm edilir. Bu baxımdan Ağamir Cavadın “Dağ Adam ” şeiri xüsusi yer tutur. Bu şeirdə şair sadə bir insan obrazı üzərində bütöv bir milli xarakter yaradır. “Dağ adam” obrazı həm xalqın içindən çıxan zəhmətkeş insanı, həm də onun mənəvi dayağını simvolizə edir.
Şeirin əsas ideyası — insanın mənəvi saflığı, dürüstlüyü, dözümlülüyü və əxlaqi ucalığıdır. Ağamir Cavad dağ adamını həm xaraktercə, həm mənən yüksək, dəyişilməz və sabit bir obraz kimi təqdim edir. Şeirin ilk bəndində bu adamın yolları “dolanbac zirvə” ilə müqayisə olunur. Bu, həm dağların fiziki sərtliyinə, həm də həyatın çətinliklərinə işarədir. Amma “məqsəddə, məramda düzdü” misrası göstərir ki, o, çətin yollar keçsə də, niyyətdə və davranışda düz və sabitdir.
Şeirdə dağ adamı çətin anlarda “dağtək dayaq”, süfrədə isə “çörək, duz” kimi təqdim olunur. Bu sözlər xalq həyatında böyük mənalar daşıyır – çörək və duz sədaqət və dostluğun simvoludur. Şair burada onu həm fiziki, həm mənəvi baxımdan dayanıqlı və etibarlı bir insan kimi təqdim edir.
İkinci bənddə bu obrazın daxili aləmi açılır. Onun qəlbində “eşq ilə qəm baş-başadır”, o, hər çətinliyə dözüb, dərdləri dağ tək çiyinlərində daşıyıb. Bu bəndlərdə “dağ adam” obrazı artıq adi bir insan yox, bütün xalqın dərdlərini daşıyan bir rəmzə çevrilir. O, təkcə özü üçün deyil, başqaları üçün də yaşayıb.
Üçüncü və dördüncü bəndlərdə şair bu obrazı pak qəlbli, andına sadiq, nəfsindən uzaq, təbiətlə vəhdətdə yaşayan bir insan kimi təqdim edir. “Qəlbində bəsləyir min illik qoru” misrası onun tarixi yaddaşı və mənəvi davamlılığını simvolizə edir. Yaylaqda kəhriz, qışda isə ocaq kimi təsvir olunan bu insan il boyu ətrafına istlik, saflıq və güvən yayan bir varlıqdır.
Beşinci bənddə “dağ adam” artıq müdrik bir şəxsiyyət, “nur saçan zəka”, “varaq-varaq söz” sahibi kimi təqdim olunur. Onun sözü xalq arasında dolaşır, hikmət daşıyır. Bu obraz həm də xalq müəllimi, ağsaqqal, öyüd verən bir yol göstərən kimidir. O, dosta isti ocaq, düşmənə isə sərt və soyuq – yəni ədalətli və mövqeyi olan bir insandır.
Altıncı bənddə dağ adamı qaya kimi sərt, Simurq kimi ucalığa can atan, qürurunu əyib baş əyməyən bir obraz kimi verilir. Bu bəndd onun qeyrətini, milli qürurunu və dəyişilməzliyini əks etdirir.
Sonuncu bənddə isə dağ adamı qəlbi və fikri ilə təmiz, “çobanlıq eyləyən peyğəmbər kimi” təqdim olunur. Bu ifadə ilə şair demək istəyir ki, sıravi görünən insanlar da daxili ucalıqları ilə böyük mənəvi dəyər daşıya bilərlər.
Bu şeirdə şair təkcə bir insanı yox, xalqın içindən çıxan əxlaq simasını, ruhunu, mənəvi dirəyini təqdim edir. O, dağ adam obrazı ilə bir xalqın tarixini, yaşantısını, düşüncəsini, əqidəsini birləşdirir.
Ağamir Cavadın “Dağ Adam” şeiri – sadə kənd adamı üzərində qurulan mənəvi zirvə obrazıdır. Bu şeirdə şair xalqın içindəki əsl ucalığı – dürüstlük, sədaqət, zəhmət və mərdlik kimi dəyərləri yüksək poetik dillə ifadə edir. Dağ adam – bizim üçün təkcə bir obraz yox, həm də yaşamaq və davranmaq örnəyidir. Bu şeiri oxuyarkən insan öz içindəki dağları axtarmağa başlayır. Sonda onu demək istəyirəm ki, şeir Agamir Cavad aynasıdır.
17.07.2025

✍Sevil Azadqızı
















