Yanımdan keçmə demədim – Yanımda olmayanlara!

Yanımdan keçmə demədim – Yanımda olmayanlara!

Əbülfət Mədətoğlu

Şəhərin bir mənzərəsi…

Hava bir az yorğun, bir az da bürkü
Gün öz ağırlığın sərib üstümə…
Özün təsəvvür et, məndəki görkü-
Sonra dözüm üçün heç nə istəmə!..
.
Allah bu şəhəri unudub sanki,
Həyat əlaməti qordu, kül altda!..
Dirənib gözıərim görmür inan ki,
Məni diksindirməz indi gülab da!
.
Tıxac hərəkətsiz, işıqfor üzgün
Hər cür səs siqnalı sükuta qənim…
“Vəhşilik!” qiymətdi bu hala düzgün –
Sifətlər oynayır önümdə mənim!..
.
Fikrim də qarışıq, hətta işim də
İp ucu tapmağa işartı göstər…
Çeynənir əsəblə səbir dişim də-
Susar bu məqam da, ağıllı kəslər!

Yanımda olmayanlara!

Heç kimə heç nə demədim
Arayıb , seçmə demədim…
Yanımdan keçmə demədim –
Yanımda olmayanlara!
.
Qarşımda gecə büdrədi
Hiss etdim necə kükrədi!..
Bu ömür gerçək fitrədi –
Yanımda olmayanlara…
.
Əldən əl soydurmadım ki,
Gözümü doydurmadım ki?!.
Ahı da, duydurmadım ki –
Yanımda olmayanlara…
.
Ürəyi, ruhu bələdim –
Əbədi uğur dilədim!
Gözətçi təyin elədim-
Yanımda olmayanlara!
Gecənin İKİNCİ ŞEİRİ
Nə qalıbki, sabaha –
Ölçdüm – bir gecəlik yol!..
Təkrar edim bir daha –
Toparlan, salamat ol!
.
Bir gecəlik olan yol,
Kədərin çox, qəmin bol …
Yol ölçən, gözlərim dol –
Ki, şeh səpərsən sabah!..
.
Fikrim ulduz saymaqda,
Say sırasın yaymaqda…
Həsrət indi yaylaqda –
Dözüm, təpərsən sabah!
.
Əsəb bu an taram da,
Qan quruyub yaramda!
Qaranlıqla aramda –
Özün çəpərsən, sabah!
.
İstək duysan əgər sən
Ürəyimə dəyərsən!
Gecədən çıx, deyərsən –
Düzün, nətərsən, sabah?!.
.
… Sabaha nə qalıb ki,
Bir gecəlik yorğun yol…
Sabah üzə çıxacaq-
Varsa əgər, doğrun, yol…
Share: