Deyir ki:- “Yaşca gənc olmasam da, ədəbiyyatda özümü gənc sayıram: yaradıcılıqda təzəyəm. Planlar, perspektivlər də öz yerində. O ki qaldı, bugünkü mövqeyimə.
Məncə burda iki incə məqam var: bir var, yazıçının əsərləri ədəbiyyatda özünə yer eləyir, mövqe tutur, – əsas olan budur və bu baxımdan bəxtim deyəsən bir az gətirib: hekayələrim özümdən fərasətli çıxıb, bir də var yazıçının özünün ədəbiyyatda bir fiqur kimi yeri. Bu, daha mürəkkəb məsələdi və burada təkcə mətnyaratma prosesi ilə iş bitmir. Gərək ədəbiyyatın əhatə etdiyi bütün o müstəvidə-hətta müstəvilərdə- cərəyan edən, daima qaynamaqda olan proseslərdə iştirak edəsən, “qazanın içində qaynayasan”. Bu yerdə mövqeyimdən razı olmaya bilərəm. Bunun da, necə deyərlər, obyektiv və subyektiv səbəbləri var. Birincisi odur ki, məşğul olduğum sahə-fəaliyyət sahəm ədəbiyyatla daban-dabana zidd sahədi; nəinki ortaq sərhədi, heç ortaq nöqtəsi də yoxdu. İkincisi ədəbiyyat Olimpizim “allahları”, “yarımallahları” öz mövqelərindən elə bərk yapışıblar ki, “Qar tanrısı” da gəlsə xeyri yoxdu. Adamı nəinki Olimpin özünə, heç ətəklərinə də buraxmazlar…”
















