Bu günlərdə Cəlilabad ədəbi mühitinin tanınmış siması, ədəbiyyat və təhsil sahəsinin tanınmış və görkəmli nümayəndəsi Şəhla Rəvan xanımın sayca üçüncü kitabı işıq üzü görmüşdür.
Kitabın əsas məlumatları:
Kitabın adı: “Ədəbi təhlillər”
Müəllif: Şəhla Rəvan
Redaktor və ön söz müəllifi: İlqar İsmayılzadə
Naşir: “Elm və təhsil” nəşriyyatı, Bakı
Nəşr olunduğu il: 2025
Çap növbəsi: Birinci
Kağız formatı: 60×84 1/16
Səhifə sayı: 212 səhifə.
Kitab barədə:
Bu kitab çağdaş Azərbaycan poeziyasında öz insani keyfiyyətləri, şəxsiyyəti, həmçinin, milli-mənəvi dəyərlərə sədaqəti ilə yanaşı, həm də şeir və poeziya sahəsinin peşəkar və görkəmli nümayəndəsi, Azərbaycanın Xalq şairi mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) poeziya nümunələrindən müəyyən bir hissəsinin peşəkarlıqla həyata keçmiş ədəbi təhlilinə aiddir.
Kitab Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə başlayır, mənim nisbətən geniş Ön sözüm və dəyərli müəllif tərəfindən mərhum şairimiz B.Vahabzadənin həyat yolu və şeir dünyası barədə təqdim edilmiş maraqlı və əhatəli təhlil-təqdimatı ilə davam etmişdir. Ardınca isə mərhum şairin 30 şeirinin xüsusi peşəkarlıq və əhatəli ədəbi təhlili təqdim edilmişdir.
Kitabda təqdim edilən hər bir şeirin tema və əsas mənası, bədii təsvir vasitələri və üslubu, şeirdə mövcud olan ədəbi xüsusiyyətlər (metaforalar, təzadlar, ifadə tərzi, müraciətlər və s.) və eləcə də şeirin bəndləri bir-bir izah və ədəbi şəkildə təhlil edilmiş, hər bir şeirdən əldə edilən ümumi nəticələr göstərilmişdir.
Doğma elimizin elm, təhsil və ədəbi mühitinin görkəmli nümayəndəsi, həmçinin, Cəlilabad ədəbi mühitinin kraliçası sayılan Şəhla xanımın işıq üzü görmüş məlum əsəri onun ədəbi təhlil sahəsində ikinci, bədii ədəbiyyatla bağlı çap olunmuş sayca üçüncü kitabıdır.
Şəhla xanım bu kitabla özünün elm, təhsil və poeziya sahəsində malik olduğu xüsusi bacarıq, imtiyaz və uzun illik əməyindən əlavə, həm də ədəbi təhlil sahəsində bacarıqlı və peşəkar bir təhlilçi olduğunu yetərincə sübut etməyi bacarmışdır. Heç şübhəsiz, bu da onun bacarıqlı bir şair, eyni halda peşəkar bir filoloq olmasından irəli gələn məsələdir.
Yeri gəlmişkən məlumat üçün qeyd etmək lazımdır ki, yaşadığımız bu il (2025) görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən B.Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalanmışdır. Bu baxımdan Şəhla Rəvan xanım tərəfindən bu kitabın ərsəyə gəlməsi və nəşr edilməsinin xüsusi özəlliyi və əhəmiyyəti vardır.
Fürsətdən istifadə edib, Cəlilabad ədəbi mühitinin əziz və dəyərli nümayəndəsi, həm də kraliçası, elit-ziyalı müəllimə, ədəbi təhlilçi və şair Şəhla Rəvan xanımı işıq üzü görmüş üçüncü kitabına görə səmimi qəlbdən təbrik edir, bu sahədə mənə göstərdiyi etimada görə ona səmimi təşəkkürümü bildirir, eyni halda ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Bu arada “Elm və təhsil” nəşriyyatının rəhbərliyi və bacarıqlı əməkdaşlarına, xüsusilə də texniki redaktor Rövşanə xanım Nizamiqızına və peşəkar dizayner Zahid bəy Məmmədova göstərdikləri diqqət, peşəkarlıq və səmimiyyətə görə təşəkkürümü bildirir, onların hər birinə işlərində davamlı uğurlar diləyirəm!
İlqar İsmayılzadə
Fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru,
Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi
09.07.2025
















