Reyhanə hələ uşaqlıq çağlarından, qeyri-adi isdedada malik idi. Həm isdeadına görə, həm də çox zirək qız olduğuna görə bütün həmyaşıdlarından seçilərdi.
Atası onu oğlan kimi böyüdürdü.
At çapar, at üzərində oğlan uşaqlarının belə etmədiyi akrobatik hərəkətləri o,
qorxmadan, çəkinmədən edirdi. Həmişə də atası deyərdi ki, bir oğlum yox iki oğlum var, ikinci oğlum Reyhanədir. Onlar beş bacı, bir qardaş idilər.
Atası zəhmətkeş insan olduğu üçün yaxşı maaş alır, ailəsini çalışdığı qədər normal dolandırırdı.
Beləcə illər bir-birini qova-qova ötmüş, bu zaman çərçivəsində də Reyhanə uşaqlığının gözəl çağını geridə qoyub gəncliyin astanasına çatmışdı. Gözləri yaşıl olduğu üçün bu qızın özünə məxsus gözəlliyi, şirinliyi vardı.
Demək olar ki, bütün kənd oğlanları ona aşiq idilər. Amma heç biri qorxusundan ona qəlbini aça bilmirdi. Çünki Reyhanənin qəlbində artıq özünə taxt qurmuş biri var idi. Amma, o da qəlbini sevdiyi qıza aça bilmirdi.
Qız uşaqlarının evdə çox olduğuna görə nənəsi israrla Reyhanəni digər nəvəsi Kamala vermək istəyirdi. Ancaq Reyhanə ilə Kamalın dünyaya baxışları tamamilə fərqli idi. Kamal məktəb oxumamış, müasir zamanla ayaqlaşmayan və hətda qarşısındakı insanla normal ünsiyyət qurmağı bacarmayan biriydi. Reyhanə isə bunların tam əksi, məktəbi əla qiymətlərlə oxumuş, müasir zamanın ideoloji və texnoloji yeniliklərini anında dərk edən, natiqlik səviyyəsində ünsiyyət quran bir gənc idi.
Reyhanə eşidəndə ki, onu əmisi oğluna nişanlayırlar, elə bil dünya gözlərində zülmətə qərq oldu.
Etiraz etməyə də,ixtiyarı yox idi. Atası dediyi söz qanun idi. Ailədə heç kim onun bir sözünü iki edə bilməzdi.
Vağzalı sədası ata evi ilə əmisi evinin arasında sanki bir dəmir yolu çəkmişdi. Bu dəmir yolu ilə hərəkət edən qatar Reyhanənin arzularını, ümidlərini, gəncliyini ata evində qoyub özünü əsir düşərgəsinə aparılan əsir kimi götürüb aparırdı. Elə ilk günlərdən etibarən əmisinin evi Reyhanə üçün işgəncə düşərgəsi təəssüratını canlandırdı. Bəlkə də, sevdiyi biri ilə bu evdə yaşasaydı bu çətinlikləri dəf edə bilərdi. Ancaq, ağız deyəni qulaq eşitməyən, kiçik böyüyün, böyük kiçiyin sözünü ağzında qoymağa çalışdığı bu ev Reyhanə üçün dözülməzdi.
Amma çarəsiz də olsa məcbur da olsa bu həyata alışmalıydı.
Hərdən elə sıxılır, nəfəsi çatmır, boğulur,özünə qəsd etmək dərəcəsinə gəlib çatırdı. Günü-gündən gül rəngi solur, o deyib-gülən Reyhanədən demək olar ki, əsər-əlamət qalmamışdı. . Axı, o, əmisi oğlunu qardaş kimi qəbul etmişdi, indi onunla bir yastığa baş qoyanda özünü günahkar sayır və bu günahı özünə bağışlaya bilmirdi.
Aradan illər keçsə belə dərdini heç kimə danışa bilmir, ürəyində daşıdığı bu nisgili təkbaşına çəkirdi. Yazılan yazını pozmağa qüdrəti çatan yalnız yazanın özüdür. Bəlkə də bunun üçün Reyhanə həyatı öz axarına buraxmış, bütün sevgisini iki övladına həsr etmişdi.
Ailəsinin dolanışığını təmin edə bilməyən Kamal dostları ilə Rusiyaya işləməyə yollanır. Narınskiy şəhərində tikindidə fəhləlik, ustalıq edir.
O şəhər də demək olar ki, Rusiyanın ən soyuq iqlimi olan bölgəsi hesab olunur. Temperatur qış aylarında mənfi 40 dərəcədən aşağı olur. O dünyanın cəhənnəmi yandırsa bu dünyanın cəhənnəmi hesab olunan Narnskiy şəhəri də şaxtadan donurur. Kamal bir il bu şəhərdə işlədikdən sonra Azərbaycana qayıdaraq Reyhanəni və uşaqları məcburi şəkildə özü ilə bu dünyanın cəhənnəminə aparır. Məqsəd, burda işləyib, bir az pul toplamaq, döndükdən sonra rayondan torpaq alıb normal bir ev tikdirmək olur. Ancaq bu məqsəd öz ünvanına doğru 7 illik yol getsə də, çatmağa meyillənmir. Reyhanə deyir,:
Kamal, mən vətənə qayıtmaq istəyirəm. Bezdim bu şaxtadan, soyuqdan. Nəfəsim çatmır buralarda.
Gedək öz elimizə, obamıza. Qoy uşaqlarımz vətənin havasıyla, suyuyla böyüsünlər. Bilmək olmaz bu Rusiyanın axırını. Görürsən də, bizimlə iknci dərəcəli insan kimi davranırlar. Kamal Reyhanən arzusunu gec də olsa yerinə yetirir. Rayona qayıtdıqdan sonra maddi sıxıntılar ucbatından Kamal məcburən yenə dönür yerüstü cəhənnəmə.
Reyhanə dərdini kimsəyə deyə bilmədiyi üçün özünə həm məşğuliyyət, həm də dərd ortağı kimi qələmə sarılır. Şeir yazmağa başlayır və öz şeirlərinin misralarında təskinlik tapır.
Reyhanənin uşaqlıq illərindəki qeyri-adiliyi indi biruzə verir. Qələm Reyhanənin gözlərindəki qəm yükünü çəkə bilməsə də, sirr yükünü bir rəssam kimi misralara çəkir.
Bu gecə də adəti üzrə Reyhanənin otağının işığı yanır. Yeni bir şeirin ilk misrası tamamlanmaq bilmir. Gah qələmin ömrü yetmir, gah da vərəqin ağappaq üzü qaralanır. Çünki bu gecə Reyhanə öz taleyini qələmə yaşatmaq istəyir….
Damət Salmanoğlu
















