AYRILIQ DA YARAŞIQDIR BU EŞQƏ

AYRILIQ DA YARAŞIQDIR BU EŞQƏ

(Əlirza Həsrət poeziyası haqqında düşüncələrim)

Əlirza Həsrət imzası Azərbaycan ədəbi cameəsinə çoxdan tanışdı . Uzun illər boyu ədəbiyyat , xüsusən də , poeziya sahəsində yorulmaz , inamlı addımlarla irəliləyən söz adamının hədəfi poetik bir zirvəni fəth etməkdir .Məncə , o zirvəyə uzanan keşməkeşli yollar oxucuların könlündən keçərək gedir .

Ə.Həsrət ilahi sözün qüdrətiylə oxucu qəlbini ovsunlamağı , sehrləməyi bacaran , onlara estetik zövq aşılayan şairlərimizdəndir .Şairin özünəməxsus xüsusiyyətlərindən biri də az sözlə çox və böyük məna ifadə etmək bacarığıdır . Onun şeirlərinin əksəriyyəti üç , dörd , ən uzağı beş bənddən ibarət olur .
Ə.Həsrət həsrətində olduğu sözün məcnununa çevrilərək öz ömrünü söz ömrünə məharətlə calamağı bacaran bağbanmisalı insanlardandır . Necə deyərlər , o , pöhrə sözü səbirlə böyüdərək onun qəhrini çəkir . Nəhayət , şair böyüyüb ucalan , ruhlara sərinlik gətirən poeziya ağacının altında əminliklə dincəlir , həmin ağacın barını şirin – şirin yeyir və poeziyasevərlərə yedizdirir .
Ulu torpağın yağışını , dolusunu sevən , sərhəd telini qucağı və qolu kimi görən sənətkar üzü yoxuşa olan yollara baxaraq ; “Bizdə dağlar duman olur , əzizim ” nidasına köklənir . Onları oda salan gözlərin , bəlkə də o oddan , alovdan xəbəri yoxdur . Bunlara rəğmən bulud kimi dolan baxışların ağlamağı da yaman olur . Sanki o baxışlar ağlayanda dünya selə – suya qərq olur .
Yaxşı məlumdur ki , Sona kimi tanıdığımız Qu quşu eşqinə çox sadiqdir . Dişi Qu quşu öldükdə erkək Qu quşu səmaya son dəfə qalxaraq özünü yerlərə çırpıb intihar edir . Şair bu fikri çox gözəl duyğulandırır :
Son nəğməylə heykəl qoydu Qu eşqə ,
Ayrılıq da yaraşıqdır bu eşqə .
Bəli , Qu quşunun oxuduğu sonuncu ayrılıq nəğməsi eşqinin ən əzəmətli heykəli olmaqla yanaşı eyni zamanda ayrılıqların yaraşığına çevrilir . Göz yaşından eşq suya qərq olduqda onun qurumasına fikir adamı gümanla yanaşır .
“Sübh açdı gözünü …” gör nəyə şahid olduq :
Sübh açdı gözünü şəfəq saçmağa ,
Gecənin ümidi qalıb qaçmağa .
Qərib qabağında süfrə açmağa –
Bu quşun nə gözəl qanadları var .
Oxucunu valeh edən fikirlərin füsünkarlığı qarşısında baş əymək istıyirsən . Gözlərini ovxalayıb açan səhər şəfəq saçmaq arzusundadır . Quşun gözəl qanadları qərib qabağlnda açılmış süfrəyə bənzədilir . Çox gözəl poetik tapıntıdır . Bu şeirdə çiçəksiz bağa göz qoyan bağban görən nəyin peşindədir . O , duman , qar arzusuyla dağları qucaqlamaq eşqindədir .
Xəyalı uzaq səfərlərdə olan çəpərin belə burnunun ucunda yuva quran quşdan xəbəri yoxdur . Düşüncə adamı hər solğun çiçəyin də bir göyçək yerinin olduğu qənaətindədir .
“Dolan gözün bulud payım ” əminliyi ilə yola çıxan şair ayrılıqlar içində də səadət axtarışındadır . Getdiyi yerin nə şəhər , nə də kənd olduğu sirri bir gözəlin qəlbində aşkara çıxır .. Şair bulud – bulud pöhrələnən ümid payına üz tutaraq :
Ahımızı çətir tutub qar – yağışa ,
Gör haçandı göz qoymuşuq bu koğuşa .
Qatarından ayrı düşən qərib quşa ,
Biz olduqsa qoşa qanad , buna şükür – deyir . Qar – yağışa ahından çətir tutan söz adamı qatarından ayrı düşən qərib quşlara qoşa qanad olmaq arzusundadır .
Nədənsə Ə.Həsrət poeziyasında “ayrılıq ” , “qəriblik” kimi ifadələr sanki bir – birinin sinonimi kimi ayrı – ayrı misralarda tez – tez bir – birini əvəz etməkdədir .
“Olmaz – olmaz deyirsən … ” şair . Görək bu olmazlar sonunda nə olur :
Elə gözəl dəyirsən ki xətrimə ,
Nə deyirəm , olmaz – olmaz deyirsən .
Görmüşük ki , xətrə dəymək inciklik , küskünlük əlamətidir . Şair incidilməsində də , xətrinə dəyilməsində də bir gözəllik görür . Çünki xətrinə dəyən onun sevdiyi insandır .
Gözlərimdə qoydum suya bu gülü ,
Eh , bu çiçək daha solmaz deyirsən .
Bəli , gözlərini güldan bilən sevən insanın sevgi çiçəyi heç zaman solmur , onun ürəyində yenidən ətirlənir , təravətlənir .
“Ayrılıq gözəli ” nə üz tutan qələm adamı gəlin görək nə deyir :
Sən ayrılıq gözəli , mən də qürbət yolçusu ,
Ürəyimdə qövr edən dağlar həmən dağ deyil .
Başını dik turubsan çılpaq ağaclar kimi ,
Yel sovuran hər xəzəl , düşən son yarpaq deyil .
Müqayisə çox gözəl və təbiidir . Biri ayrılıq gözəli , digəri isə qürbət yolçusu . Şair başını dik tutan çılpaq ağacların budağından düşməyən son yarpağı son ümid kimi görməkdədir .
Çiçək – çiçək göynəyir gözlərimin qabarı ,
Sənin hər ayaq izin bir ayrılıq nübarı .
Dağ könlü alıncadır dumanın etibarı ,
Əzəldən zirvələrə duman – çən yaraq deyil – fikrini əsaslandıran aşiq yarın yolunu gözləməkdən gözlərinin qabar olduğu etirafında bulunur . Sevdiyinin ayaq izini ayrılıq nübarı kimi qiymətləndirən insan bu sevginin qarşı tərəfdən verilən “dəyər”ni dumanın dağlara olan etibarı kimi səciyyələndirir .
Ə . Həsrət görək “Qocalıqdan …” necə söhbət açır .
Kövrəltdin sən məni , ey əziz dostum ,
Heç söhbət açmayaq gəl qocalıqdan .
Bəsindir eşq dolu xatirələrin ,
Ta umma nə gövhər , ləl qocalıqdan .
Qocalıq hər bir insanın qapısını döyən və yaxud döyəcək bir təbii prossesdir . Qocalıq həm də müdriklik mücəssəməsidir . Şair hardasa qocalıqdan , qocalmaqdan gileylənsə də onu eşq dolu xatirələri cavan saxladığına yüz faiz əmindir .
Yazımın sonunda dəyərli qələm əhli , söz adamı olan Əlirza Həsrətə uzun ömür , can sağlığı , yeni – yeni yaradıcılıq uğurları arzulayıram .
İlham İNAM 08.07.2025
Share: