Bir ömrün TƏRANƏSİ

Hərdən elə bilirəm, poeziya Təranə Musayevadan başlayır…

Sirrini məktəb illərindən bəri axtardığım bədii sözün, estetik dünyanın təsirindən çıxmaq istədiyim vaxtlar olur. Seirlərə bu qədər bağlılığımdan əziyyət də çəkirəm, hətta… Mənən, ruhən ədəbiyyata bağlılıq get-gedə çətinləşən real həyatımızla, qayğılarımızla uzlaşmır bəzən. Bax, həmən anlarımda gözəl bir Təranə səslənir qulaqlarımda… Hər gün əlaqə saxladığım, virtual aləmlə sıx münasibətdə olub izlədiyim, votsapla yazışdığım Təranə Musayeva içərisindən daşa-daşa, qaynaya-qaynaya səsləndirdiyi əsrarəngiz bir seirlə əhvalımı həmən dəyişir, seirli dünyama, özüm olan həyata qaytarır məni… Gözəlliklər dünyasının ağuşu gen-geniş açır qollarını:

Bir qış günü pəncərəmi açıb

Bütün sevgi sözlərini

Küləyə bağışlamaq,

Əsrlərlə ruhumda daşıdığım

Leyli donunu soyunmaq,

Sevgidən, məhəbbətdən –

Hər cür əziyyətdən xilas olmaq istəyirəm –

Səni sevmək istəyirəm,

Səni sevmək istəyirəm! – deyir.

Mən yalnız, sevib-sevilmək üçün doğulan bu xırdaca qızı məktəbli illərindən tanıyıram. Qardaşımla bir sinif məndən aşağıda oxuyub. Zərifliyi, gözəl üzünə çox yaraşan şirin təbəssümü, bənövşələr kimi xırdaca gözəlliyi, məsumluğu ilə həmişə seçilib. Qumral saçlarını çiyinlərində oynada-oynada, tələsərək qaçmağı vardı, zəng içəri çalınan kimi siniflərinə. Bu yerişini, tələskənliyini indi də dəyişməyib. Yanaşı yeriyəndə ona çatmağa çalışıram. Kişmişi, ürəkdən gələn şirin gülüşü ilə bu gün də onu tanıyanların marağını, istəyini özündə qoruyub saxlaya bilir.

Musayevler ailəsi Qubanın sayılıb-secilən, Vətən uçun canından, qanından keçən iki oğulu, sənətimizə Təranə Musayeva kimi ziyali bəxs edən bir Ocaqdır. Mayası seirlə, sözlə, sənətlə yoğrulub bu ailənin. Pəri Ananın xanım-xatın davranısı, doğmalığı, duzlu-məzəli sohbətləri canlı, mudrik bir poeziyadır, sanki. Onunla bağ evlərində, iri govdəli tut aqacının altında dərdləsməyin oz yeri var mənim ucun. Pəri ana da üzə çıxarmadığı, gizli-gizli yazıb künc-bucaqda saxladığı şeirlərinin olduğunu etiraf edəndə Təranənin bu qədər seir, sənət bağlığının Ana tərəfindən gələn bir vurğunluq olduğunu anladım. Doğma diyarında, el-obasında xəyal qurmuşdu ilk dəfə Təranə:

Qubada…

Bu şəhərin ən hündür yerinə

Qaçıb gələrdim.

Atadan, qardaşdan, yardan xəlvəti ¬

Aşağılarda – ayağım altda

Bəzən həzin-həzin,

Bəzən haylı-haraylı axan

Qudyalçayla görüşə…

Tanrım-tapınağım kimi ona üz tutaraq

Titrək barmaqlarım arasındakı

“Sağalacaq-sağalmayacaq”,

“Yaşayacaq-yaşamayacaq”,

“Sevəcək-sevməyəcək” – deyə

Atam, qardaşım, yarım üçün

Sual edib suala səpdiyim papatya ləçəkləri

Mənə bədduamı etdi:

Sağalmadı,

Yaşamadı,

Sevmədi...

Məktəb illərindən sonra bizim görüşümüz xeyli çəkmişdi. Belə ki, Təranə Musayeva artıq Azərbaycan Yazıçılar Birliyin üzvü, “Bir damla söz” adlı şeir kitabının, qardaşı Şəhid İlqar Musayev haqqında xatirələr kitabının, onlarla kitabların redaktoru, tərtibçisi, Türk ədəbiyyatından sanballı tərcümə kitablarının müəllifi, “Almaz” dərgisinin redaktoru kimi önəmli işlər görmüşdü. Şeirləri, hekayələri, çevriləri “Azərbaycan”, “Ulduz”, “Bayatı”, “Doqquz iqlim”, “Almaz” dərgilərində, “Kaspi”, “Yeni Azərbaycan” kimi qazetlərdə, müxtəlif saytlarda yayımlanmışdı. Təranə əsasən könlünü Türk ədəbiyyatına vermiş, klassiklərdən tutmuş çağdaş şair və yazarların əsərlərini Azərbaycan türkcəsinə uyğunlaşdırmışdı. Abdurrahmim Karakoç, Açık Veysel Şatıroğlu, Cahit Külebi, Arif Nihat Asya, Yavuz Bülent Bakiler, Sərdar Özkan, Arif Ali Albayrak, Zafer Direniş, Murat Çakır, Fatma Hatun Esen, Ayşe Manav, Bürhan Güvenin və sadalaya bilməyəcəyim 50-ə yaxın imzanın 80-ə yaxın çevri kitablarına imza atmışdı. Məhz bu uğurlarına görə bir neçə dəfə doğma Türkiyəmizin müxtəlif  bölgələrində keçirilən şeir şölənlərində iştirak etmiş, Azərbaycan ədəbiyyatını, Azərbaycan insanını layiqincə təmsil etmişdi.

Təranə Musayeva ilə yenidən qarşılaşmaq həm də dostluğumuzu davam etdirmək üçün taleyin bizə verdiyi ən gözəl fürsət, təsadüf idi. Onun daxili dünyasını daha yaxından tanımaq, öyrənmək üçün misralarından yol başladım. Cəmiyyətin, insanların dərdlərini öz içindən keçirib yazırdı Təranə:

Mən göydən

Bir yağış damlası tək düşdüm…

Birinin saçlarına- sildi…

Birinin paltarına- çırpdı…

Birinin ayağına- əzdi…

Sonra da

“Səni sevirik”, – dedilər…

Təranə sözün qüdrətinə qadir, kiçik məqamlarla böyük mənaları aşılaya bilirdi. Mənim xırdaca rəfiqəm! Sən əslində böyük bir dünyasanmış:

Səsin Dənizə köçmüşdü

Qışqırır, hayqırır,

Qısqanclıqdan yaranan

Əsəbini, qəzəbini, nifrətini

Üstümə tökürdü –

Ayaqlarımdan öpə-öpə…

Vaxtaşırı mətbuatda, saytlada dərc olunan müxtəlif səpkili yazılarını oxuduqca Təranənin ciddi bir ədəbiyyat adamı olduğuna əmin oldum. O zamanın hökmünü qarşılamağa hazır olan, bədii sözün kəsərindən istifadə edərək tərbiyə eləməyi, sənətin gələcəyini, gözəlliyini qorumağı bacaran bir ədəbiyyatçıdı. Dövrümüz üçün aktual mövzularda çıxış eləməyi bacarır. Davamlı dostluğumuzda da Təranə qızıl kimi dəyərini hər gün, hər dəfə artırırdı mənim üçün. Mənə belə gəlir ki, insanları, dostluqları sınağa çəkmək üçün ədəbi mühit daha münasibi, daha aydındı. Bax, insanlığın əsil zəngin xəzinəsi beləsinə deyərəm!.. Təranə Musayeva həyatda bütün baş verənlərə, yaşadıqlarına, sevdiklərinə, onu narahat edənlərə əsl ziyalı baxışı ilə, asılılıqsız, obyektiv baxır, içinin daxili gözəlliyindən, Tanrı ədalətindən boylanır! “Sevdiklərimi ölürcəsinə sevdim, sildiklərimi birdəfəlik sildim”, deyən Təranə dost üçün, ailəsi, övladları, Vətəni üçün canını qoymaq gücündə, qüdrətindədi. Ədəbiyyatı – əbədiyyəti sevir, əhval yaradıb nur saçmağı bacarır – xırdaca çiçəklər kimi səssiz-küysüz, həzin-həzin, şirin-şirin bacarır!

Daha böyük uğurlarını görmək arzusu ilə…

Sevinc MƏMMƏDOVA

şair-publisist,

A Y B və A JB-nin üzvü

Share: