Vətən sevgisininn ZİRVƏSİNİ tək ŞƏHİDLİK ZİRVƏSİNƏ dəyişənlərə təcavüzkar demək?

Aydın QULİYEV

Vətənini Ermənistan faşizmindən qorumaq yolunda həlak olmuş övladını şəhidlik zirvəzinə göz yaşları ilə yox,”bölünməz vətənin ölməz şəhidi”hayqırtıları ilə yola salan valideynin qarşısına çıxaraq “müharibə olmamalı idi””sənin oğlun müharibəyə getməməli idi” deyənləri tək-tək olsalar da bu günlərdə hamımız gördük və görürük. həm də bunu deyənlərin ingilis,fransız,alman yox,içimizdə doğulmuşlardan biriləri olması bilirsinizmi nə qədər ağrıdıcıdı…

 

Kontrasta baxın. Azərbaycanın süyünu -çörəyini yeyib mənəvi dəyərlərinə sahib olaraq vətəninə minnətdarlıq hissi ilə sərhəd təxribatlarına qarşı ölümə gedənlər bir yanda….Hansısa maddi,ya siyasi marağa görə şəhidlərin əziz ruhuna hörmətsizcəsinə “döyüşə getməməli idiniz” deyənlər isə əks tərəfdə…Şərti olaraq seçdiyim bu insanları saylarına və mənəvi keyfiyyətlərinə,vətəndaşlıq duyğularına görə eyniləşdirmək olmaz.Ancaq yoxdan da gəlmək olmaz.Nə qədər az sayda olsalar da, onlar var və öz “varlıqları” ilə şəhidlərin,can qoyan qazilərin ruhunu və mənəviyyatını qatı düşmənlərdən də betər səviyyədə yaralamaqda davam edirlər.O şəhidlərin ruhuna qəsd edirlər ki,vətən,millət sevgisinin dayandıqları ZİRVƏSİNİ yalnız və yalnız ŞƏHİDLİK ZİRVƏSİNƏ dəyişdilər …

Bir Amerika konqresmeni, fransız deputatı sentyabrın 12-14-də milli namusu,vətən təəssübü naminə hər şeyə,hətta ölümə də hazır olan Azərbaycan əsgərini guya Ermənistan torpaqlarına təcavüzdə (?)suçlasaydı buna ən azı iki səbəbdən təəccüblənməmək olardı.1.O hər yeri özünə vətən saya-saya vətənsizləşmiş kosmopolitin birisidir.2.Belələri bəlli üsullarla erməni diaspor fəallarının əlində haldan -hala salınan xam materiala çevrilə bilirlər.

Bəs özümüzdən olanların dilindən çıxan “Azərbaycan təcavüz etdi” kimi heç bir cinayət maddəsi ilə tövsif oluna bilməyən əməllərə nə ad qoyaq?…Əgər bu günlərdə təcavüz edən və ya təxribat törədən biz özümüzüksə, bəs dərisi soyulmuş 13 yaşlı azərbaycanlı qızcığazın nalələr və qanlar içində ölümünü manyakal bir ləzzətlə seyr edən Balayanlar, onun zəhərləyərək bu gün də sadə Kəlbəcərlinin yurdunu yandırmağa,minalar basdırmağa göndərdiyi o erməni silahlılarının hərəkəti nədir?Bəlkə oturub gözləməli idik ki, əsgərlərimizin yoluna minaları düzəndən sonra sadə Kəlbəcərlinin ,Laçınlının,Zəngilanlının,qeyri yerli azərbaycanlının evinə soxularaq namusuna da təcavüz etsin?!..Bu vətəni müqəddəs miras kimi bizlərə ona görə əmanət etməyiblər ki, hər qəzəbin,hər siyasi hədəfin,hər hikkənin naminə onun bölünməsinə səbəb olaq,ya bölünməsini seyr edək .Uğrunda sentyabr şəhidlərimizin də can verdiyi bu VƏTƏN öz ağı ilə,qarası ilə,sağçısı,solçusu ,avtoriteti ,,radikalı ,mötədili ilə gözəldir,tamdır, yaraşıqlıdır .Yetər ki, hər kəs bir-birinin vətəndaşlıq haqqına sayqı duysun,qəbul etsin,dövlətin və millətin müqəddəs bildiyi dəyərlərə toxunmasın.İndi baxın..Bir şəhidin ruhu hələ torpaq altında rahatlaşmamış onun müharibəni davam etdirən əsgər yoldaşını “təxribat törətməkdə””sən erməniyə təcavüz etdin”deyərək ittiham etmək müqəddəs dəyərləri təhqir etmək deyilmi?Hərənin bir siyasi düşüncəsinin olması normaldır.Ancaq siyasi düşüncə müxtəlifliyini vətən,millət,dövlət və toplum şərəfin müdafiə müharibəsinin inkarına qədər dərinləşdirmək əsl vətən düşmənçiliyidir.

Birinci dünya müharibəsində öz ölkəsinə “sən imperialistsən”deyərək onun məğlubiyyətinə çalışan sosial -demokratları,sosial-şovinistləri çox gördük. Tarixdə onlar lənətlənmiş adla qaldılar .Tarixdə öz doğma millət mənafelərini unutmuş çox “kollaboratsionistləri ” də gördük,yenə görəcəyik.Norveçlilər təcavüzkara qarşı partizan müharibəsi aparanda Hitlerin ideologiyasına boyun əymiş yazıçı Qnut Hamsun da öz xalqını faşizmə qarşı mübarizədən yayındırmağa çalışdı.Lakin xalqın faşizm üzərində qələbəsinə mane ola bilmədi,dünya şöhrətli yazıçı kimi titulu da onu Norveç xalqına bağışlada bilmədi,ömrünü gözükölgəli şəkildə sona verdi….Çünki o da vətən müharibəsinin müqəddəsliyini lazımınca qiymətləndirə bilməmişdi , vətənlərinin azadlığı yolunda ölümə getmiş norveçlilərin müqəddəs ruhuna sonadək sadiq qalmağı bacarmamışdı…

Şəhidlərimizin müqəddəs müharibəsini kiçildənləri,Azərbaycan əsgərini heç bir vicdan çərçivəsi bilmədən “təcavüzkar”adlandıranları xalq da bağışlamır,tarix də bağışlamayacaq…

Share: