“Nəfəsi təngiyir səssizliyin…” – Saqif Qaratorpaq

Üşüyən misralar…

Özünü böyük bir şəhərdə
İtirib
Sonda uzaq bir kənddə
Tapır şair…
***
Ağına-bozuna baxmadıq,
Getdik…
Bir ümidin qaraltısına
Sarı getdik…
Və itdik…
Itdik qayğların içində,
Hay-küyün içində,
Çörək davasında,
Ürək cəfasında.
Bir də gördük
Ömrün son dayanacağıdı…

***
Çoxdandı
torpağa dəymir
şerin ayağı.
Asfalt qızmarında
pörşələnir misralar;
Kərpic qafiyələri
qırxıncı mərtəbəyə daşıyır
bir qoşma;
Metro basabasında,
maşın tıxacında
boğulur bir gəraylı;
kirayələrdə qocalır bir Söz…

***
Bir təzə söz tapdım
Köhnə sözlərin içindən
Bu gün.
Tellərini tumarladım,
əzizlədim…
Öpüb,göz üstə qoydum…

***

Ürəyim qaranquş yuvası,
Uçub gedəcəksən,
Az qalıb payıza…

***

Hərdən xəyala dalar
Adamlar,
Dirsəklənib
Qəlbindəki köhnə evin
Artırmasındakı
Naxışlı məhəccərə…
Yapışıb bir atın yalından
Yolların tozunda itər;
Bir qoma bağlayar
Bənövşə xatirələrdən…
Səhərin
Sərin mehində
Xumarlanar,
Birdən mürgü tutar…
Yuxusunda uşaq kimi
Elə hey uçar… uçar…
Və qəfil diksinib oyanar
Bir quzu mərəltisinə.

***
Bir bayatı üşüyür
Bir qarının dodaqlarında,
Gözləri
Yurt həsrətindən
Nəm çəkir.
Ömrü-günü saralıb
Yollara baxmaqdan.
Könlü köç havasında…
Öz içində gümüldənir,
Səsi susuz torpaq kimi
Cadar-cadardı.
Arzuları vardı…
Heyif,ömür çatmadı,
Qapının ağzındadı qış…

***

İstidi…
Nəfəsi təngiyir səssizliyin.
Sığınıb ceviz budağına
Bir cüt qumru,dərdləşir…
Sərçələr susub…
Nəfəsini içinə çəkib evlər,
Xoruzun səsi pozur
Sükutu hərdən,
Bir də qarpızsatanın
Kal qışqırığı.
Axşam sərinliyinə
Tələsir ağaclar,
Yarpaqların dodağı çat-çat…
Indi hər nəğmənin
Nəqaratı-su.
Ümidə köklənib
Yaşayır çiçəklər,otlar.
Nə yaxşı,sabaha ümid var.

***

Bir yaşıl yuxuydu-uşaqlıq
Bir də görməzsən,heyif,
Gözlərini yumsan da.
Daha bir xatirənin
Budağından asılar yelləncəyin.
Beşiyinə kədər layla deyər.

***

Üzülmə,
arzuların əlçatmazlığına.
Nəyin var,
könlünü onunla ovundur.
İstəsən, ağla…
Kimin nə vecinə.
Düşün…göz yaşı da
duzlu sudur.

***
Bir sevdalı səhər uyuyur
Hər gecənin bətnində,
Gözlərimin şehindən
İslanır üfüqlər,
qızılgül kolları
hasara söykənən
tənəyin yarpaqları.
Bir sərçə su içir ovcumdan…

***

Hər gün söz-söz dirilirəm,
çiçəkləyirəm bir dodaqda,
Bir gözdə gülürəm,
nəğməyə dönürəm
bir ürəkdə…

***

Hay-küydən uzağam,
məni səssizliyimdə gör,
susqunluğumda axtar.
Taleyim alnıma yazılı,
ömrüm-əllərimin qabarına,
Yüküm-özümdən ağır,
giley-güzarım-şeir.

 

 

Saqif Qaratorpaq 

Müstəqil.az

Share: