66-n mübarək, YUNUS bəy

66-n mübarək, YUNUS bəy
İkinciylə sür, ikinciylə. Sürəti artırma, qarşıda yoxuşdur. Hə, nəhayət gəlib çatddı zirvəyə. Bundan o tərəfə enişdi. Hər şeyin tərəqqisi, tənəzzülü olduğu kimi, insan həyatında da belədir. Axır ki, o da zirvəyə yetişib, indi də aşağıya- ahıllığa doğru yavaş-yavaş irəliləyir. Çətini zirvəyə qalxmaq idi, qalxdı. Amma enişin də öz çətinliyi var. Gərək ayğın daim əyləcdə olsun. Allah eləməsin, bir də gördün ki, əyləc etiraz etdi, sükan sözünə baxmayacaq. Bir də gözünü açacaqsan ki, aşağıda torpağı qucaqlamısan…
Nə isə, ötən il mənə söz vermişdi ki, yaxşı oğlanları başına yığıb qonaqlıq verəcək, səsi çıxmadı. İndi bir az da böyüyüb, yəqin 66 onu yalan danışmağa qoymaz. Qaz 66-nı demirəm, yaşını nəzərdə tuturam. Daha yalan danışmaz. Ay can, ay can, ad günü də düşür jurnalistlərin bayramına…
Bilirsiniz 66 rəqəminin mənası nədir? Mələklərin numerologiya sistemində yazılıb ki, 66 rəqəmi sevgi, harmoniya və mənəvi inkişafı simvolizə edir. Və “mələk rəqəmi” olaraq qəbul edilir, eyni zamanda kainatın onu dəstəkləyəcəyini xatırladır. Narahatlıqları buraxıb daxili dünyaya və ilahi rəhbərliyə diqqət yetirməyi təşviq edir. Əbcəd hesabına görə “Allah” sözünün rəqəm qarşılığı 66-ya bərabərdir. Eyni rəqəm həm də “hilal” və “lalə” sözlərinin ekvivalenti hesab olunur. Bu səbəbdən də mənəvi olaraq 66 rəqəmi yüksək dəyərə malikdir. 65-ə fikri getməsin, 66 başqalarına qayğı göstərməyi ifadə edir, lakin eyni zamanda emosional balansı qorumağa, özünə də diqqət yetirməyə və həyatda tarazlıq tapmağa çağırır…
Xülasə, söhbət Yunus Oğuzdan gedir. İyulun 22-si 66 yaşı tamam olacaq. Mübarək olsun!..
Hörmətlə, Eldaroğlu Elman
Share: