2013-cü ildən üzübəri dünyaya gələn “Alfa nəsli” onu çətin ki tanısın. Yəqin ki, 1997-ci ildən 2012-ci ilədək anadan olan “Z nəsli”nin də arasında onu tanıyanlar az olar.
Amma 1981-ci ildən 1996-cı ilədək doğulan “Y nəsli”ndən(Milleniallar) əvvəlki- 1965-1980-ci illəri əhatə edən “X nəsli”, 1946-1964-cü illərdə doğulan “Beybibumerlər nəsli” və eləcə də 1925-1945-ci illərdə dünyaya gələn “Sakit nəsil”in nümayəndələri onu yaxşı xatırlayırlar. Tərcüməçi, dramaturq, publisist, məşhur telejurnalist, “Bakıfilm” kinostudiyasının baş redaktoru, bir vaxtlar fəaliyyətdə olan ANS-in “Zərif çərşənbə” verlişinin aparıcısı, respublikanın əməkdar jurnalisti Mailə Muradxanlını nəzərdə tuturam. 2010-cu ilin iyun ayının 12-də vəfat edib…
Yox, yox, bu dəfə sizə Mailə xanımdan deyil, onun yadigarı- kino aktyoru və rejissoru, əməkdar incəsənət xadimi Elxan Cəfərovdan söhbət açmaq istəyirəm. Axı, aprelin 29-u onun növbəti ad günüdür…
Deyir ki:- “Milli-mənəvi dəyərlər kinematoqrafiyanın vacib bir hissəsidir. Gənclər hərdən dəyərləri kənara qoyub film çəkmək istəyirlər, mənə gülməli gəlir. Yaxşı, sən kinonu hansı mövzuda çəkəcəksən? Məsələn, Amerika həyatından mafiya kinosu çəkəcəksənsə, bu gülməli görünəcək. Bizim reallığa uyğun deyil. Hər bir reallığın özünün dəyərləri var və o dəyərlərin dünyəvi nümayişi vacib şərtlərdən biridir. Sən dünyaya film çıxartmaq istəyirsənsə, milli-mənəvi dəyərlər olmadan dünyanı nə ilə maraqlandıracaqsan? Onun öz ölkəsində olan hadisələrlə? Hətta sosial mövzuda çəkirsənsə belə, bu mütləq milli-sosial mövzu olmalıdır. Millilikdən kənar incəsənət heç kimə maraqlı deyil. Nə öz auditoriyana, nə də xarici auditoriyaya…”
Elxan Pərviz oğlu Cəfərov 1967-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya institutuna daxil olub.1985-1988-ci illərdə SSRİ hərbi dəniz donanması sıralarında hərbi qulluq keçib. 1990-cı ildə institutu bitirdikdən sonra Dövlət “Yuğ”teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1995-1997-ci illərdə Dövlət Tele-Radio verilişləri nəzdindəki “Proloq” studiyasınin bədii rəhbəri işləyib. Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin üzvüdür…
“Mədəniyyət adamı ilk növbədə xalqına lazımdır, mədəniyyət ilk növbədə yaşadığın toplumun mənəvi keyfiyyətlərini yüksəltmək üçün lazımdır. Dünyaya çıxışın da bununla olacaq. Yox, əgər sən özünə məqsəd qoyursansa ki, mən azad sənətkaram, bu mümkünsüzdür. Sən hansı reallığa toxunacaqsansa, orada hansısa dəyərlər, məhdudiyyətlər olacaq. Dünya artıq başa düşüb ki, orta statistik boz adam heç kim üçün maraqlı deyil. Xarici ölkələrdən bizə turist gələndə hara gedir? “Atəşgaha”, “Şirvanşahlar sarayı”na. Onun maraq dairəsi milli maraqlara söykənir.”- söyləyir.
O, hələ uşaq yaşlarında bir neçə filmə çəkilib. Onun ifa etdiyi çoxsaylı uşaq rolları arasında A. Dovjenko adına kinostudiyanın “Hazır ol, əlahəzrət” filmində şahzadə rolu da var. Hazırda rejissor kimi çalışır, klip və filmlər çəkir…
Deyir ki:- “Azərbaycanda kinodan pul götürmək mümkün deyil. Çünki 10 milyonluq əhalinin ən yaxşı halda bir milyonunu izləyici kimi kinoya dəvət edə bilərik. Bu da üç, dörd milyon gəlir gətirər. Amma bu gün Qazaxıstanda tarixi “Tomris” filminin büdcəsi 20 milyon dollardır. Bu gün tarixi film çəkməyə dursaq, minimal dəyəri 5-6 milyon dollardır. Kino bahalı sənətdir, mənim üçün yarım milyon kino pulu deyil. Bu bilirsiniz nəyə oxşayır? Elə bil, kosmik gəmi buraxmaq istəyirsən, amma pulun təyyarəyə çatır. Bəli, təyyarə ilə də uçmaq olar, amma kosmosa yox. Əgər kinonun inkişafını istəyiriksə üç sahə bərabər inkişaf etməlidir: kommersiya, müəllif və ideoloji filmlər. Bu gün kommersiya filmlərinin çəkilməyinə sevinirəm, məsələn, Taleh Yüzbəyovun “Bəlkə də” filmi çox böyük maraqla qarşılanıb, düzdür, mən izləməmişəm, amma insanların rəyindən görürəm ki, maraq var. Amma buna tam olaraq kinematoqrafiyanın inkişafı demək olmaz. İnkişaf bayaq dediyim kimi üç tərəfdən olmalıdır…”
…Elxan Cəfərov dünyaya gələndə həftənin şənbə günü olub. Şənbə günü doğulanlar adətən hədsiz dərəcədə işgüzarlığı, ağlı və istedadı ilə fərqlənirlər. Anadangəlmə məsuliyyət hissi bu insanları inanılmaz mövqeyə qaldırır. Onların həyat yolu- əmək, iş, öhdəlik və səbirdən ibarətdir…
“Kim deyirsə, mən istedadlıyam, mənə yol açmırlar, elə deyil. Yolu Allah açır, bəndə açmır. İstedadın varsa mütləq formada irəli gedəcəksən. Ümumiyyətlə, həyatdan narazılıq edən insan acizdir. Həyatda mənəvi olaraq inkişaf etmək lazımdır, məqsəd qoyub o məqsədə doğru bütün sədləri aşmaq lazımdır. Ondan sonra yollar özü açılır, axı adam necə birdən-birə onuncu mərtəbəyə qalxa bilər? Yavaş-yavaş, mərtəbə-mərtəbə qalxmaq lazımdır. Yox, sən deyirsənsə birinci mərtəbə mənlik deyil, elə mən səkkizdən başlayım, belə olmur. Yəni o narazılıq edənlər həmin səkkizinci mərtəbədən başlamaq istəyənlərdir. Gəncliyin içində hər şeyi tez əldə etmək istəyi var. Demirəm bu pisdir, amma yaşlıların istiqaməti ilə bu enerjini düzgün istiqamətə yönəltmək lazımdır. Yoxsa “siz ağsaqqallar bir şey deyilsiniz, sizin dünyanız qurtardı”, – belə demək olmaz.”- söyləyir.
…Cəmiyyət içərisində ön planda olmağı, seçilməyi xoşlamır. Sakit yaşamağa və özünü səbirli aparmağa üstünlük verir. İncə və səmimi yumoru yaxşı duyur. Çox emosionaldır və hamıya qarşı mehriban olmağa çalışır. Stabil həyat tərzinə meyillidir. Bu da onun ən müsbət xüsusiyyətlərindən biri sayılır. Və həm də qətiyyətli və güclüdür. Xəyanətə nifrət edir və heç vaxt bağışlamır. Hətta qarşısındakı insanın xəyanətə meyilli olub olmadığını da dərhal hiss edir. İntizamlı olduğu üçün, adətən iş həyatında uğur qazana bilir. Problemlərin həllində bacarıqlı və təmkinli olduğuna görə iş həyatında liderlik potensialına malikdir…
Bəli, bu gün Elxan Cəfərovun 59 yaşı tamam olur. 59 rəqəmi, mələklərin numerologiya sistemində bolluq, zənginlik və uğur simvolu kimi qəbul edilir. Bu rəqəm, həyatda müsbət dəyişikliklərin və böyük rifahın yaxınlaşdığını göstərən müsbət bir mesaj hesab olunur. Xüsusilə iş və maliyyə sahəsində böyük şans və uğur dövrünün başlanğıcını simvolizə edir. Eləcə də köklü və müsbət dəyişikliklərin olacağına işarədir. Xülasə, 59 rəqəmi qarşıdan gələn müsbət fürsətlərdən və zənginlikdən xəbər verir.
59 yaşı münasibətilə Elxan bəyə möhkəm can sağlığı arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu




















