Asim Qazıyev – 100
Oxucularının ürəyində illərdir taxt quran şair, tanınmış pedaqoq, Asim SEVDALINI (QAZIYEVİ) bir az da yaxından tanıyaq… Tanınan, tanıdılası o qədər tərəfi var ki… Kimdir Asim Qazıyev…
🔺 10 may 1926-cı ildə Samux rayonunda anadan olan, Kirovabad (Gəncə) 3 nömrəli Tibb məktəbində (indi Gəncə Tibb Kolleci), 1946-1850-ci illərdə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda dil-ədəbiyyat ixtisası üzrə təhsil alan tanınmış pedaqoq, nəsihətamiz şeirlər müəllifi olan şair…
🔺Bərdə rayonunun Leninabad (Samuxlu) kəndində çiy kərpicdən, sonra ağ daşdan məktəb binası tikdirən bir elm fədaisi…
🔺Qabaqcıl məktəb direktoru, ictimaiyyətçi, el ağsaqqalı…
🔺 1960-cı ildə Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən verilən “Metodist müəllim” və “Qabaqcıl maarif xadimi” adının daşıyıcısı…
🔺14 yaşından şeir yazmağa başlayan, özündən sonra zəngin ədəbi irs qoyan şair Asim Sevdalı …
🔺İlk dəfə “Mənim yurdum” adlı şeri 1948-ci ildə “Ədəbiyyat qəzeti”ndə çap olunan şair…
🔺Azərbaycan Yazıçılar İttifaqının (AYB) Kirovabad (Gəncə) filialının üzvü və fəallarından biri olan qələm adamı…
🔺Xalq şairi Səməd Vurğunun “gələcəyin böyük şairi” adlandırdığı və 1947-ci ildə gənc yazıçı və şairlərin Bakıda keçirilən respublika müşavirəsində Yazıçılar İttifaqının üzvlük biletini təqdim etdiyi şair…

🔺“Xeyli sözüm var” adlı kitabına xalq şairi Nəriman Həsənzadə “Ön söz” yazan qeyd edir: “Samuxda dünyaya göz açan Asimin də ilham pərisi onun üzünə gülüb. Gözəl lirik şeirlər yazıb”.
🔺 “Qələmin qüdrəti yaz, deyir mənə” (1996-cı il), “Xeyli sözüm var” (2016-cı il), “Ürəkdən soruş” (2018-ci il), “Ürək o ürəkdir” (2025-ci il) şeir kitablarının müəllifi…
🔺 Xalq artisti, bəstəkar Nəriman Əzimovun bəstələdiyi sevilən “Gözəl Gəncəmiz” və “Ümid çırağı” adlı mahnıların mətninin müəllifi…
🔺1949-cu ildə qrup yoldaşı Fəridə Əzimova ilə ailə həyatı quran, Vətən üçün dörd (bir oğlan, üç qız) ləyaqətli övlad böyüdən ata…
🔺 1999-cu il fevral ayının 19-da vəfat edən və Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunan el adamı…
Ruhun şad olsun, Asim müəllim!
100 illik yubileyi münasibətilə onun bir neçə şerini Asim SEVDALI (Qazıyev) oxuculara təqdim edirik.
DAŞIYIR
Dünyada əzəldən belə qayda var:
Kiçiyin dərdini böyük daşıyır.
Günəş yüz ölkəni işıqlandırır,
Ürək bu dünyada min yük daşıyır.
Həqiqət yoludur hər şirin nağıl,
Saf-çürük eyləyir fərasət, ağıl.
Nə ola, olmaya dünyada paxıl,
Kimi saf-saf, kimi çürük daşıyır.
Kim ki düz danışsa düşməz hörmətdən,
İnsan tamah salmaz, keçər sərvətdən.
İnsan var, dad alır, təptəzə ətdən,
İnsan var, yonulmuş sümük daşıyır.
Qanmayan cana dərddir, azardır,
Yarımçıq əlindən aləm bezardır.
Deyirlər: dəmiri kömür qızardır,
Demirlər havanı körük daşıyır.
Kim görə bilməzsə gələcək günü,
Başsız ürəklərə verər ömrünü,
İnsanlıq yükünü, həyat yükünü,
O, odsuz, alovsuz, sönük daşıyır.
ŞAİR NƏRİMAN HƏSƏNZADƏYƏ
Şeir, sənət dostu, əziz Nəriman!
Bir bahar günündə qonaq gəl mənə.
Könlü məhəbbətli, sədaqətliyəm,
Səmimi dost kimi, uzat əl mənə.
Özümdən nə deyim, yazıram az-çox,
Şübhəli gözlərə olmuşam bir ox.
Kənddə yaşayıram, söz sərrafı yox,
Bu məsələ olub bir əngəl mənə.
Heç zaman basılmır meydanda şirlər,
İnsanlar həyatda, işdə bişirlər.
Şeri anlamayan bəzi şairlər
Oturub söyləyir yüz məsəl mənə.
Bilirəm, hədəfi yaxşı vurursan,
Ömür abidəni sözdən qurursan,
Soruşurlar: niyə susub durursan…
Çoxları qalıbdır məəttəl mənə.
Səs salan dilimmi, ürəyimmidi,
Bu cığıra düşmək gərəyimmidi…
De görüm, şairlik xörəyimmidi,
İşıq salacaqmı bu məşəl mənə?
Aqildən bir kömək ala bilmirəm,
Cahili heç başa sala bilmirəm.
Yazmayanda rahat ola bilmirəm,
Hər şeydən əzizdir bu əməl mənə.
Sayıram, bilmirəm fələk nə sayır,
Gül əldə olanda görünməz çayır,
Öz qızıl vaxtından kiçik pay ayır,
Ürəkdən cavab ver, əlbəəl mənə.
15.11.1972
ŞEİR YARANMAZ
Fikrə ürək qanı içirməyəndə,
Həyatı sinəyə köçürməyəndə,
Yuxusuz gecələr keçirməyəndə,
Şeir yaranmaz.
Dünyanın yüküdür sənətin yükü,
Çiyinə yatmasa zəhmətin yükü,
Vaxtında seçməsən hər tükdən tükü,
Şeir yaranmaz.
Duyğular dalğası gur olsun gərək,
Ürəkdə təbii nur olsun gərək,
Sözlərə odunu qatmasa ürək,
Şeir yaranmaz.
Məhəbbət əliylə çalınmasa sim,
Xəzinənin yerini bilməsə hər kim,
Söz düzüb mənasız, keçincə, Asim,
Şeir yaranmaz.
DUYMASAN
Heç olarmı yaşamağın mənası,
Nəcibliyi, incəliyi duymasan?
Ömur nursuz olar, həyat mənasız,
Nəçiliyi, necəliyi duymasan.
Aşkar olmaz bu dünyanın hikməti,
Əlvan olmaz süfrəmizin neməti.
Anlamazsan cəsarəti, qüvvəti,
Bütövlüyü, bircəliyi duymasan.
Öz simində simi seçər hər aşıq,
Qismət xoşdur, lap olsa da bir qaşıq.
Göz aldanar, işlər düşər qarışıq,
Fərəliyi, beçəliyi duymasan.
Yaxşı düşün əl atanda bir işə,
Ət taxırsan sən qarmağa, ya şişə?
Mal alanda aldanarsan həmişə,
Nə qədər, neçəliyi duymasan.
Dərin düşün, qiymət almaq istəsən,
Udar hər an düz ölçərək düz kəsən.
Qəlbin yoxdur, yaşamırsan demək sən,
Gündüzlüyü, gecəliyi duymasan.
ASİMİN
Sərkərdəm ürəkdir, silahımsa söz,
Qaçmaz atəşindən hədəf Asimin.
Özü nişan qoyar beş-altı kəlmə,
Ucaltsın adını xələf Asimin.
Könlüm hey çalınıb qoya bilsin iz,
Barı bir göl olsun, olmasa dəniz.
Sözü bütöv olsun, əməli təmiz,
Keçməsin boynuna kələf Asimin.
Nə gül xara dönsün, nə çiçək solsun,
Günəşin şöləsi hər evə dolsun.
Qəlbim, eşqim, yarım mənimlə olsun,
Olmasın heç özgə tərəf Asimin.
İstərəm hər zaman doğru yol seçəm,
Haqqın qüdrətiylə dağları keçəm,
Əslimi, nəslimi dansam bir heçəm,
Enməz vüqarıdır sələf Asimin.
Nəfsim bir bütövdür, hər an gözü tox,
Şübhəli gözlərə olmuşam bir ox,
Filankəs, var üçün gəl danışma çox,
Dövlət sənin olsun, şərəf Asimin.
QİZIL
Hər kamil insanın tox olar gözü,
Başı xəzinədir, ürəyi qızıl.
Həyatda tanınmaz, yer almaz sözü,
Qəlbi kasıb olsa, dirəyi qızıl.
Əl, dodaq yerinə qoy tel titrəsin,
Qğul yurd dağıdıb, ad itirməsin.
Vicdanı boyalı, qeyrətsiz kəsin,
Yemərəm, olsa da, yeməyi qızıl.
Təqdim etdi: Vasif SÜLEYMAN






















