“10-cu doğulan qızın adını “Artıq” qoydular,Bir vaxt gələcəkdi ki, bu ailəyə şöhrəti həsrətini çəkdikləri oğul yox, “artıq” hesab etdikləri qız gətirəcəkdi.” -Minəxanım Nuriyeva yazır…

Minəxanım Nuriyeva Təkəli

Adı əvvəl “Artıq” qoyulmuş səhnəmizin ulduzu Fatma Qədri…

…Keçmiş türk-müsəlman yurdu olan Hacıbəy(Əsli: Koçubey) şəhərində, indiki Odessada o zaman türklər sıx yaşayırdı. Xüsusən ticarət və habelə liman fəhlələri arasında onlar üstünlük təşkil edirdi. Odessa çar imperiyasının müsəlman təbəələrinin həcc ziyarətinə getdikləri və müqəddəs məkanlardan döndükləri liman idi. Həmin aylarda şəhərin ticarəti daha da canlanır; müsəlman iş sahiblərinin ticarəti tərəqqi edirdi. Həm də əldə olan gəlir, ailə büdcəsinə daxil olan az da olsa beş-on manat özü böyük şükranlıqla halal puldur, şanlı həccin gətirdiyi gəlirdir deyə qəlb rahatlığı ilə qarşılanırdı.
Balaca Fatmanın ata-anası da bir tikə çörək dalınca Cənubi Azərbaycandan – Sərabdan durub bura gəlmişdilər. Ailəni bu qədər uzaq bir diyara çəkib gətirən bu məşhur liman şəhərində güzəran qura biləcəklərinə inam idi. Gələcək sənətkar Fatimə də 1907-ci ildə aprelin 14-də Odessada doğulmuşdu. Oğula həsrət bu ailənin 9 qızı vardı bu vaxtacan, 10- cu doğulan qızın adını Artıq qoydular. Bu gələcəyin Fatma Qədrisi idi. Bir vaxt gələcəkdi ki, bu ailəyə şöhrəti həsrətini çəkdikləri oğul yox, “artıq” hesab etdikləri qız gətirəcəkdi.
Atası Qədri şəkər zavodunda fəhlə işləyirdi. Ailə çoxuşaqlı idi; 13 uşaq vardı evdə indi… çətin dolanışıq, yoxsulluq möhnəti böyüklər qədər hələlik ağlı bir şey kəsməyən cocuqları da qılınc kimi kəsirdi. Hacıbəyin sağına, soluna qartal qanadı tək gərilmiş əzəmətli dağlardan heç də az vüqarlı olmayan 12 yaşlı Fatmanın yeniyetmə arzuları açmadan şaxtaya düşüb qovrulan qızılgül idi sanki. Amma bu yanıb heç olan qönçələr ürək dağlayırdı: “Gecə-gündüz Allaha yalvarırdım ki, ya tezliklə canımı alsın, ya tezliklə bəxtimi açsın!..” Balaca Fatma oxumaq istəyirdi, parta arxasına keçmək yaşı da ötürdü… Anası onu kövrək qəlbi ilə anlayırdı, amma qızına kömək edə bilmirdi. Bir gün nə fikirləşdisə Fatmanın əlindən tutub onu tanıdıqları bir evə gətirdi; indi qızcığaz özü himayəyə, böyüklərin nəvazişinə möhtac ikən burada uşaq saxlayacaq, yad evdə kəniz işləyəcəkdi. “Özgə qapıları”na ayaq basanda Fatmanın 12 yaşı var idi. O buradan aldiği cüzi maaşı məktəb pulu deyib yığmalı, nəhayət oxumaq arzusuna qovuşmalı idi. Beləliklə anası onun dərsə getmək arzusunun gözündə qalmasına ürəyi gəlməmişdi; bununla qızının oxumaqdan ötrü axan göz yaşlarını beləcə qurutdu. Fatma əvvəlcə mollaxana dərslərinə, sonra isə buradan da bezib şəhərdəki Xalq Məktəbinə getməklə rus dilində təhsilə başlayır. Şəhər mühitində açıq havada göstərilən teatr tamaşalarının birini də buraxmır; o libaslardan geyinib həmin işvə və çəkici nitqlə səhnəyə atılmaq istəyir.
Kasıb, kimsəsiz bu qızın nə əlində, nə də saxlancında bircə manatı yox idi; təkcə özünü bu yeniyetmədə mükəmməl şəkildə təzahür edən füsunkar Şərqi gözəlliyi və heyrətamiz bir məharətlə sahib olduğu cazibədar ana dili bilgisi… bir də inadkarlığı vardı. Bəli, bəli inadkarlığı, yaşına yaraşmayacaq dərəcədə dikbaşlığı. Ailədə artıq sanıb adını da Artıq qoyduqları bu onuncu qızı götürüb uşaqsız-soysuz olan varlı Astarxanlı xalasına övladlığa versələr də o yarıyoldan qaçıb öz kasıb daxmalarına sığınmışdı.
Bakıya gəlişi qismət işi oldi: Odessada ona aşiq olan çekist Əsəd Axundzadə Artığı özü ilə Bakıya gətirdi. Burada o, özünün Artıq adı ilə vidalaşıb Fatma adını götürdü, soyadı olaraq atasının adını yazdırdı; yenidən doğulmuş kimi təzə, yeni arzuların, amalların arxasınca qoşdu. Yaraşıqlı və cəlbedici görünüşə, ahəngdar, səlis nitqə malik olan Fatma xanımın həyatda ən böyük arzusu aktyor olmaq idi. Axunzadələrin qohumu məşhur opera sənətkarı Şövkət Məmmədova onların evində tez-tez olurdu. Çox keçmədi ki, Fatmaya hamiliyi boynuna götürdü; onu qızın şax duruşu, ifadəli və gözəl çöhrəsi cəzb etmişdi. Beləliklə zəhmətkeş, çalışqan qız bu təzəcə sığındıqları şəhərdə Şövkət xanımın təşəbbüsü ilə indicə yaradılmış Bakı Dövlət Teatr Texnikumuna daxil oldu, eyni vaxtda Azərbaycan Pedaqoji institutuna. Maddi sıxıntılar daha yaxasını buraxsa da iki yerdə eyni zamanda oxumaq onu yorurdu, işləmək imkanından da qoyurdu. Lakin bu çətinliklər bir an da olsun onun oxumaq, təhsil almaq həvəsini zəiflədə bilməzdi. Gənc ailədə soyuqluq başlamışdı. Əsəd bəyin gözəl rəftarı, munis qəlbi də köməyə yetə bilmirdi. Baxmayaraq ki, baldızlarının və iki kiçik qayınlarının oxumalarına dəstəkçi olmuş, onların gələcəkdə cəmiyyət arasında görkəmli yer tutmalarında böyük rol oynamışdı, lakin Fatma üçün hər şey məhvərindən çıxmaqda idi. Ən dərin, dolanbac yerlərə asanlıqla əli yetən çekist həyat yoldaşı onun mənəvi dünyasına daxil olmaqda aciz idi. Fatma sanki əvvəlki əsarətin, mütiliyin və məhrumiyyətin acığını çıxırdı; iki yerdə oxumaqla bütün vaxtını da tələbə və sənət yoldaşları ilə birlikdə keçirir, gənc həyat yoldaşını çəkilməz qayğılara salırdı. Bu çox sürə bilməzdi…Araya böyüklər, barışdırıcılar girdisə də çat verən münasibət bitişmədi ki, bitişmədi. 4 il çəkən evlilik beləcə tamamlandı. Gələcəkdə, 10 il sonra özünü oynayacaqdı. “Vaqif”də Xuramanı, vüqarlı, ancaq daha çox xudbin gözəli. İlk təsadüfdə öz sevgili ərini atan qadını. Mənsəbi, şöhrətpərəstliyi, saraylarda gözdə olmağı, sevilməyi, sevilib dolaşmağı, bər-bəzəyi, ehtişamı sevən bir gənc pəri obrazını.
1926-cı ildə Teatr texnikumunu müvəffəqiyyətlə bitirib aktyor diplomu ilə Türk İşçi Teatrına işə göndərilir. Səhnə fəaliyyətinə Mirzə Cəlilin “Anamın kitabı” dramında gənc Gülbahar rolunu ifa etməklə başlayır. Hər iki dildə mükəmməl sənət nümunələri yaratmaqla bir sıra bədii xarakterlərin daha da dolğun təcəssümünə nail oldu: «Dərviş Məstəli şah» (Şərəfnisə), «Notr-Dam kilsəsi» (Esmeralda), sürüci (“Hind qızı”), Polina (“Gəlir yeri”), Növbar (“Cançur Səməd”), Susanna (“Namus”) Gülüş (“Sevil”), Solmaz (“Od gəlini”), Sona (“1905-ci ildə”), Baronessa Ştral (“Maskarad”), Xuraman (“Vaqif”) və sair tamaşalarda yaratdığı obrazlar mədəniyyət hadisələri kimi qarşılanmış, bu günədək yaddan çıxmamışdır.
Fatma Qədri 1932-ci ilədək Türk İşçi Teatrında çalışır, 1933-cü ildən Bakı Rus DramTeatrı; habelə Gəncə Şəhər Teatrı və 1936-cı ildən isə Azərbaycan Dövlət Akademik Dram Teatrı səhnəsində fəaliyyət göstərir. Fatma Qədri öz qüvvə və imkanlarını ictimai fəaliyyətə də sərf edirdi; Bakı şəhər Xalq Deputatları sovetinə seçilməsi onun həyatının daha da dolğun, geniş vüsət kəsb etməsinə şərait yaratdı.
Onun adını tam əminliklə Abbas Mirzə, Mərziyyə Davudova, Mustafa Mərdanov, Sona Hacıyeva, Əzizə Məmmədova, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov, Nəcibə Məlikova və İsmayıl Talıblı kimi bir çox sənət korifeyləri ilə bir sırada çəkmək olar. Yüksək zövq, davranış, ana dilində və habelə rus dilində oynadığı tamaşalarda dilin təmizliyinə, nitqinin cazibədarlığına aşırı diqqət, özünə və ətrafındakılara qarşı yüksək etik tələblər Fatma Qədrini bir sənətkar, bir insan kimi dərhal hamıdan fərqləndirirdi. Təbiətindəki müstəqilliyi roldan rola dəyişə bilmirdi; sanki anadan şahanə rollar üçün doğulmuşdu. Ona Sevilin rolunu versələr də o miskin, müti qadın rolunu oynaya bilməzdi. Odur ki, baş rol olmasını eyninə almayaraq rolu təhvil verib üsyankar bir ruh daşıyan Gülüş rolunu götürdü.
Milli Teatrımızın ayrıca bir şərəfli səhifəsi Fatma Qədri ilə açılmışdır. Xalq artisti fəxri adı, «Qırmızı Əmək bayrağı», «Şərəf nişanı» ordenləri, kimi şərəfli adlara layiq görülmüşdür.
Sənət yolu parlaq və çox xoşbəxt olan aktyorun şəxsi həyatına tez-tez könül ahları və göz yaşları kölgə salırdı; əri və yeganə övladı onu vaxtsız tərk etmişdilər; sənəti, onun uğurları, peşəsindən aldığı ilham onu göylərə qaldırırdısa da, bir saat belə ayrılmadığı dərmanlar bu gözəl qadının həyatının əsil dadını və rəngini göstərməkdə idi. Aktyor 1968-ci ilin fevralında vəfat etmişdir. Bu zaman o 60 yaşını doldurmuş, 61 yaşını isə yaşamaqda idi.
… Vətən həsrəti Fatma üçün elə həsrət olaraq qaldı, ürəyinin dərin bir guşəsində hifz etdiyi ana yurd məhəbbəti elə həmin əlçatmaz guşədə də dəfn olundu. İndi gözəl sənətkarımız daha heç qovuşa bilmədiyi, lakin böyüklərinin həmişə nisgillə andıqları Sərab çayının sirab edib gülzara çevirdiyi ovalıqların ətrini küləklərin hər an gətirib yetirdiyi Bakıda, Fəxri Xiyabanda uyumaqdadır.

 

Share: