“Əvvəl soba rəsmi çək bu mənzilə, Qoy bu il qorxulu qış görünməsin.”-Yaqub Kərimidən yeni şeirlər…

Müstəqil.Az istedadlı şair Yaqub Keriminin yeni şeirlərini təqdim edir:
ÖLÜM
Mən öləndə üzülməyin, qəm çəkməyin, ah etməyin,
Bunun mənə xeyri yoxdur, etməyin, VAllah etməyin.
Nə də məni bər-bəzəkli xalçalara bürüməyin,
Yumağı bəhanə edib taxta üstə sürüməyin.
Xalça nəyə gərəkdir, kədərimə bürünmüşəm,
Mən onsuz da doğulandan ölənəcən sürünmüşəm.
Tər-təmizəm, məni yuyan, zəhmət çəkib yuma məni,
Çirk gÖtürüb bulaşmaram basdırsan da quma məni.
Bilirəm ki, vaz keçməyib deyəcəksən adət budur,
Qüsul vacibdir meyitə, din buyurub, şəriət budur.
Elə isə sən birinci başımın ağ saçını yu,
Sonra çevir tərs üzünə,ürəyimin içini yu.
Yaxşı yu mürdəşir əmi,gör neçə illərin qəmi,
Qəlbimdə yığılıb qalıb,ürəyimdə ləkə salıb.
Mən özüm öz yasinimi oxumuşam molla əmi,
Gərək deyil sən oxuyan dua mənə.
Bundan sonra nə sən ,nə də bir başqası molla əmi,
Əməllərim kömək olar daha mənə.
Çənəmi niyə bağladın, danışmağa həvəsim var?
Bir bax molla, mən ölüyəm, gör heç mənim nəfəsim var?
Yetərincə məni əli, qolu bağlı saxladılar,
Indi ki cansız ölüyəm, yenə niyə bağladılar?
Molla, aç barmaqlarımı, qorxma yeriyən deyiləm,
Elə büküb bələmisiz guya çürüyən deyiləm.
Mən qəbir də istəmirəm, bir quyuya atın yetər,
Sağ olun, mənim qəbrimi sağ ikən qazdız bəs qədər.
Ey məni dəfn edən kəslər, barı bu gün dürüst olun,
Nə yalandan sinə döyün, nə ağlayın, nə saç yolun.
Yenə üç-üç, yenə beş- beş, yenə məndən qeybət edin,
Yalandan yas saxlamayın, deyin, gülün, söhbət edin.
Oğlum, sən də boynubükük bənövşə tək durma, düz dur,
Anan, bacın əmanəti təmiz adla yaşa məğrur.
Bilirəm ki, ən çox günəş üzlü qızım ağlayacaq,
Gecə- gündüz “ata” deyib ürəyini dağlayacaq.
Bəzən məni qalacaq, bəzən küsüb inciyəcək,
Amma yenə O, hər zaman yenə “atam” deyəcək.
Bilirəm ki, onun qədər yanan olmayacaq mənə,
Bir də ən çox üzüləcək, mənim çox üzdüyüm yenə.
O da ki, ağlaya bilsin, buna inanmıram düzü,
Mən onu çox ağlatmışam yəqin ki, quruyar gözü.
Daha gözündə yaş qalmaz qəbrim üstə axıtmağa,
Xoş günləri xatırlayar ürəyini ovutmağa.
Məzarıma gül düzəcək atam ,anam ağır-ağır,
Bu dünyaya gələn gedər bilirdilər əvvəl axır.
Gedişimi bilə- bilə,
Gəlişime gülə- gülə,
Razı olublarsa əgər,
Ağlasalar düzdür məgər?
 
…………………………..
 
EVIMIZ ÜÇÜN
 
Çalışıb bir az pul yığmışam, usta,
Kömək et mənə də bir otaq tikək.
Bezdim yaşamaqdan kədərdə,yasda,
Gəl, indi evimi ağappaq tikək.
 
Pəncərə qoymağa ehtiyac yoxdu,
Bizim evimizə gün düşən deyil.
Son vaxtlar inciyib küsənim çoxdu,
Günəş də inciyib məndən elə bil.
 
Bəzəyək gərəkli rəsmler ilə
Evimin içini, boş görünməsin.
Əvvəl soba rəsmi çək bu mənzilə,
Qoy bu il qorxulu qış görünməsin.
 
Başdakı divarda televizor çək,
Içində Tom ile Ceri də olsun.
Balam bunu görüb çox sevinəcək,
Bu evden qoy gülüş səsi ucalsın.
 
Üzbəüz divarda xarici divan,
Yerə də bir xalça rəsmini döşə.
Bir də buzdolabı çək dolanacan,
Bizdə də ən ləziz yeməklər bişə.
 
Bu evin damını tez örtək gərək,
Yağış korlamasın evimin için.
Gedim uşaqlardan soruşum görək,
Başqa nə lazımdır evimiz üçün?
Müstəqil.Az
 

Share: