Əsrin daha bir bəlasına tutulanlar nə etməlidirlər? – Talessemiya əsarəti

Moderator.az ın təqdim etdiyi yazıda talessemiya xəstəliyi, onun yayılma səbəbləri və müayinə metodları haqqında ətraflı bəhs olunur:
Talessemiya anadan və ya atadan gələn genlərlə uşağa keçən genetik qan xəstəliyidir .
Qan azlığı, iştahsızlıq, solğunluq, tez yorulma və ürəyin sürətlə döyünməsi kimi göstəricilər talassemiyaya işarədir. Gözlərdə sarılıq, qarında şişlik, dalaqda böyümə, üz quruluşunun dəyişməsi də görüləbilən digər göstəricilər arasındadır.
Talassemiya bəzən uşaq anadan olandan  6 ay sonra ortaya çıxır. Talassemiyalıların  doğulduqda normal uşaqlardan heç bir fərqi olmur. Ancaq 6 aydan sonra qan azlığı əlamətləri ortaya çıxır.
Talassemiyanın müalicəsi üçün əsasən,  müxtəlif  dərman dəstəyi  ilə yanaşı, qan ehtiyatı və sümük iliyi lazımdır. Xüsusilə, erkən yaşlarda sümük iliyi köçürülən xəstələr tam sağlamlıqlarına qovuşa bilirlər.
 
Talassemiya xəstələrinin əməl etməli olduğu  tövsiyyələr:
– Qohum evliliklərindən uzaq durmaq lazımdır;
 – Evlənəcək cütlüklər tibbi müayinədən keçməlidirlər;
 – Cütlüklər daşıyıcıdırsa və uşaq sahibi olmaq istəyirlərsə, doğumdan əvvəl uşağın xəstə olub-olmadığını araşdırmalıdırlar;
-Talassemiya xəstələrinin qidalarına diqqət  etməsi gərəkdir. Ət, balıq kimi qidalar qaydalı miqdarda yeyilməlidir;
 -Talassemiya xəstələrində sümük əriməsi görüləcəyindən kalsium qəbul etməyə diqqət edilməlidir . Məsələn,süd məhsulları çox yaxşı kalsium mənbəyidir.
Yuxarı dərəcəli talassemiyaya düçar olan uşaqları həyatda saxlamaq üçün onlara ömürləri boyu hər ay qan köçürülür. Bu da tədricən talassemiya daşıyıcılarında digər problemlərin ortaya çıxmasına səbəb olur. Belə ki, qan köçürülməsi nəticəsində orqanizmdə dəmirin miqdarı artmağa başlayır. Dəmir xəstələrin daxili orqanlarında yığılır və daxili orqanların fəaliyyəti pozulur. Nəticədə xəstələrdə ürək-damar çatışmazlığı, qaraciyər xəstəliyi və endokrin pozğunluqlar ortaya çıxır.
Belə problemlərlə üzləşməmək üçün mütləq xəstələrin bədənindəki artıq dəmir xaric edilməlidir. Talassemiyalı xəstələrin müalicəsində əsasən iki cür dərman preparatlarından istifadə edilir: qanı əvəz edən eritrosit və dəmirqovucu dərmanlar. Dəmiri bədəndən xaric etmək üçün isə 3 cür dərman preparatı mövcuddur.
Xəstəliyin iki əsas forması mövcuddur: alfa- və betta-talassemiya. Dəyişmiş gen valideynlərin birindən ötürülübsə, uşaqda talassemiyanın kiçik forması əmələ gələ bilər. Ola bilər ki uşaqda heç bir xəstəlik əlaməti olmasın və o, belə halda öz valideyni kimi genin daşıyıcısı olur. Bəzilərində isə mülayim xəstəlik simptomları ortaya çıxır. Əgər dəyişmiş gen valideynlərin hər ikisi tərəfindən ötürülərsə, bu halda uşaqda xəstəliyin daha ciddi formasının inkişaf etməsi ehtimalı yüksəkdir.
Talassemiya Asiya, Yaxın Şərq ölkələrində, Afrikada və Aralıq dənizin sahilində yerləşən ölkələrdə (Yunanistan, Türkiyyə) daha çox yayılmışdır. Azərbaycandada talassemiya (əsasən betta talassemiya) çox yayılıb. Beta- talassemiyanın böyük və aralıq formaları rast gəlinir.
Talassemiya uşaqda erkən olaraq təzahür etdiyi halda, o, uşağın fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin dəyişikliyinə səbəb olur. Belə uşaqlarda bir qədər sarılıq qeyd edilir, onlar tez-tez infeksion xəstəliklərə yoluxurlar.
Talassemiyanın bir qədər yüngül formasında qanın rəng göstəricisi aşağı olsa da, orqanların zədələnməsi baş vermir, dalaq isə bir qədər böyümüş olur.
Dəmirdefisitli anemiyada dəmir preparatlarının qəbul edilməsi qanın tərkibinin yaxşılaşmasına səbəb olurdusa, talassemiya zamanı dəmir preparatlarının qəbul edilməsi əksinə olaraq xəstə üçün zərərli təsirə malikdir.
Talassemiya müalicə olunmayan xəstəlikdir. Xəstə uşağın vəziyyətini ona qan köçürməklə yüngülləşdirmək olur. Talassemiyanın daha bir müalicə üsulu isə sümük iliyinin köçürülməsindən ibarətdir.
Talassemiyanın ən ağır formalarına əksər hallarda bir-biri ilə qan qohumluğu olan nigahlarda təsadüf edilir. Ona görə də belə nigahlara yol verməmək məsləhət görülür. Bir-biri ilə yaxın qohum olan gənclər ailə qurmalarında təkid etdikləri halda isə, gələcəkdə ağır patologiyalı (məsələn, talassemiya) uşaqların doğulmaması üçün, onlar müvafiq tibbi müayinədən (həmçinin genetik) keçməlidirlər.

Share: