Əliyevin Putinə təklif etdiyi QARABAĞ SAZİŞİ: ordumuz hücuma keçir, əvəzində… – “Pravda”nın açıqlaması

Rusiya prezidenti Vladimir Putinin Bakı səfəri və Azərbaycan prezidenti İlham Əliyevlə apardığı müzakirələr regionun əsas gündəmidir. Səfər və Bakıda müzakirə olunan məsələlərlə bağlı ekspert dairələri müxtəlif versiyalar irəli sürürlər. Rusiyanın “Pravda” nəşrinin səfərlə bağlı yayımladığı məqalə də bu kontekstdə diqqət çəkir.

Müstəqil.az xəbər verir ki, nəşrin “Putinin Bakı səfəri: Qarabağı böldülər?” sərlövhəli məqaləsində Putinin Bakıya Rusiya-Azərbaycan regionlararası forumunda iştirak və cüdo üzrə dünya çempionatının final mərhələsinə baş çəkmək üçün getdiyi, lakin bağlı qapılar arxasında hərbi-texniki əmkdaşlığın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Dağlıq Qarabağ məsələsinin nizama salınmasının müzakirə edildiyi qeyd olunur.

“Kremldə bu yaxınlarda Bakıya gələn İsrailin müdafiə naziri Aviqdor Libermanın səfəri yaxından izlənilirdi. Liberman Azərbaycana ən müasir hava hücumundan müdafiə sistemlərinin çatdırılacağı sözünü verdi. Bundan başqa, Azərbaycan İsraildən pilotsuz təyyarələri almağa davam edəcək. Təbii ki, Moskva İsrailin təşəbbüslərini qabaqlamağa çalışır. Kreml Cənubi Qafqazın hərbi əməkdaşlıq etdiyi əsas ölkəsinin İsraillə çox da yaxınlaşmasını istəməzdi. Bəs, Rusiya əvəzində Azərbaycana nə təklif edə bilər? Sentyabrın 1-də Soçidə keçirilən görüşdə İlham Əliyev bildirdi ki, “Azərbaycan son 10 ildə Rusiyadan 5 milyard dollar həcmində silah aldı və bu rəqəm artacaq”. İki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələsi o sualı yenidən aktuallaşdırır ki, “Azərbaycan MDB-nin müdafiə ittifaqının – KTMT – tamhüquqlu iştirakçısı olmağa hazırlaşırmı, heç olmasa Rusiya silahını dünya qiymətlərinə yox, daxili bazar qiymətlərinə almaq üçün… Lakin Azərbaycan Qoşulmama Hərəkatının iştirakçısıdır və bu, onun öhdəsinə hər hansı hərbi ittifaqa daxil olmamağı qoyur. Bununla belə, İlham Əliyev güzəştə gedə və KTMT ilə əməkdaşlığa başlaya bilər. Lakin bu güzəştin qarşılığında Putinə saziş təklif edir: Bakı KTMT-yə daxil olur, Rusiya isə işğal altındakı Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun heç olmasa beşinin azad edilməsi üçün Azərbaycan Ordusunun ildırımsürətli hərbi əməliyyatına mane olmur. Putinin bu təklifə reaksiyası hələlik məlum deyil. Mümkündür ki, o, belə bir saziş haqqında düşünmək üçün pauza götürdü. Analitiklər hesab edirlər ki, hər şey Ermənistanın yeni lideri Nikol Paşinyanın özünü aparmasından asılı olacaq. Əgər Paşinyan Ermənistanı Moskvanın orbitindən çıxarmaq və Avropa İttifaqı ilə NATO-ya yaxınlaşmaq kursu götürəcəksə onda Moskva Bakının təklif etdiyi sazişi sevə-sevə qəbul edəcək”, – deyə məqalədə bildirilir.

Nəşr qeyd edir ki, saziş baş tutarsa, erməni hərbi birləşmələrinin işğal edilmiş ərazilərdən çıxarılması Moskva üçün Paşinyanın da siyasi oyundan çıxarılması ilə nəticələnəcək: “Təbii ki, İrəvanın cəbhədə məğlubiyyəti Paşinyanın ölkədən qaçması ilə nəticələnə bilər. Lakin Ermənistanın indiki hakimiyyəti hadisələrin belə inkişafının risklərini anlayır, buna görə də Qərbə tələsmədən addım-addım yaxınlaşır və Rusiya ilə də dostluq münasibətləri saxlamağa çalışır. İrəvanda Putinin Bakı səfəri diqqətlə izlənilirdi. Onlar səhnə arxası danışıqların nəticələri haqqında öyrənməyə cəhd edirlər. Putin Bakı səfərindən sonra MDB dövlət başçılarının iclasında iştirak etmək üçün Düşənbəyə yola düşdü. Gözlənilir ki, Putin orada İlham Əliyevə Paşinyanın görüşünü təşkil etsin, lakin Paşinyan belə görüş üçün ilkin şərt irəli sürür. Digər tərəfdən, Azərbaycan lideri erməni baş nazirlə görüşə cəhd etmir və Paşinyanın Qarabağın danışıqlar masasına əyləşməsi istəyini qəti şəkildə rədd edir”.

Məqalədə regiondakı siyasi situasiyanın mürəkkəb olduğu vurğulanır.

“Azərbaycan KTMT-yə daxil olmur. Sentyabrın 27-də MDB ölkələrinin hava hücumundan müdafiə güclərinin birgə təlimində də iştirak etmir. Hesab etmək olar ki, mürəkkəb geosiyasi oyunda paylar edilib: Qarabağda hələlik status-kvonun kəskin dəyişikliyi gözlənilmir, lakin Bakı Qarabağ ətrafındakı rayonların ilkin mərhələdə beşinin azad edilməsi planını işə salır. Və bu yaxınlarda Azərbaycan və Türkiyə qoşunları hərbi aviasiyanın da daxil olduğu birgə parad keçirdi. Bütün bunlar münaqişə zonasında hərbi addımların yenilənməsi ehtimalını istisna etmir”, – deyə nəşr yazır.

Share: