Əjdər Ola məktub – İmdat Avşar

Sanma ki, bu tekerlek qalır tümsəkdə!

                                                                                N.Fazıl Qısakürək

Əziz dostum! Ağabəyim!

Bu gün səni bir qardaş kimi bağrıma basaraq təbrik etməyi nə çox istərdim, bir bilsən! Bir də sevdiklərinin əhatəsində; gözlərinin dərinliklərindən insana sevinç, etibar, hüzur, dostluq bəxş edən o fərqli işığın parıltısını görməyi…

Bu sətirləri sənə yazarkən Nazim Hikmətin Çankırı həbsxanasında olduğu zaman yazdığı mısralarını xatırladım:

“Pambıqlayanda qovaqlar,

Ardınca gilas gələr”.

Sənin də gözlərində o fərqli işıq yandığında ardından müdrik, insanı gözləri yaşarana qədər güldürən və eyni zamanda ibrətamiz olan zarafatların gəlirdi… Mən neçə Azərbaycanlı şairin, yazarın rindanə ömrünü, həyata qarşı kəskin yumorunu, güclü zəkasını, incə nöqtələrini, hadisələr qarşısındakı hazırcavablılıqlarını; bəzilərinin səfalət içində olmalarına baxmayaraq o səfalətin içində de xoşbəxtliyi tapmalarını səninlə uzun söhbətlər edərkən öyrəndim… Buna görə də bu gün hər hansı bir Azərbaycanlı yazar və şair haqqında ərklə danışa bilirəm. Bu səbəbdən sənin söz ilə tablolarını çəkdiyin qələm dostlarından bir çoxu rəhmətə getsələr belə yenə də yaddaşımda sənin boyadığın rənglərlə qalıblar. Bir yanda iri cüssəsiylə Namiq Abdullayev, digər yanda zəif görkəmiylə Adil Mirseyid və başqaları…

Əziz Dost! Bir şairin taleyində, onun azadlıqdan məhrum olmasından daha böyük bir ağrı yoxdur, bilirəm. Şairin məhkumiyyəti insanın içində sözün qətl edilmesi, yarıda kəsilməsi kimi hisslər oyadır. Bunu Azərbaycanın müstəqilliyinə həsr olunmuş 65 illik bir ömrün və ölkə səmalarında bayraq-bayraq dalğalanan neçə vətənpərvər misraların müəllifi kimi sən daha gözəl bilərsən. Sözü məclislərdə, kürsülərdə əks-səda verən və göydə hürr quşlar kimi uçan şairin üç-beş kv.metrlik otaqlara sığışmaq məcburiyyətində qalması taleyin bir oyunudur bəlkə də…

Abdurrahim Qaraqoç necə də güzel ifade etmişdir:

“Yürü, divar beton,

Otur, yer beton…

Tavana baxarsan;

Baxma, deyər beton!”

Ancaq sən o dörd divar arasında da Azərbaycan ədəbiyatında dərin izlər buraxacaq şeirləri, hekayələri, portretləri, romanları yaratmağa qadir bir istedada maliksən. Sən öz ölkənin insanlarını çox yaxşı tanıdığına görə yeni əsərlər və xarakterlər yaratmaq üçün indi onların içində yaşamasan da, bunun mükəmməl alınacağını gözəl bilirəm . Çünki, ölkənin insanları və bütün Azərbaycan sənin yaddaşında, yazıçı qəlbində və şair ruhunda  yaşayır.

Əziz Ağabəy!

Mən Azərbaycanı da, Azərbaycan ədəbiyyatını da sənin sayəndə daha dərindən tanımışam. Nizaminin dərin məzmunlu, Nəsiminin dəli-dolu, cəsur, Xaqaninin məhkum, məzlum, Xətainin isə şah beytlərini; Sabirin satirik şeirlərini, Vahidin də kədər qoxulu qəzəllərini səndən öyrənmişəm. Qara Qarayevin, Bülbülün, Üzeyir Hacıbəylinin, Habil Əliyevin sənətindəki incəlikləri də, o cümlədən çağdaş Azərbaycan poeziyasını, nəsrini, musiqisini də…

Xatırlayırsan? 2014-cü ildə Qaziantepdən Urfaya gedirdik. Mən də ilk dəfə idi ki, Urfanı görəcəkdim. Urfalı divan şairi Nəbidən söz açdın, sonra da zarafatla: “Bax, sənə Türkiyəni də, Türk ədəbiyyatını da tanıdıram” dedin.

Doğru demişdin, ölkəmdə görmədiyim bir neçə şəhəri mən səninlə birlikdə görmə şansına sahib olmuşdum. Bizim bəzi yazar və şairlərimizə də sənin pəncərəndən baxmaq mənim üçün çox maraqlı idi. Məsələn, Sabir ilə Neyzen Tevfiki qarşılaşdırmağın, onlar arasındakı sadaladığın oxşar və fərqli yaradıcılıq örnəkləri möhtəşəm bir ədəbi dərs idi.

Xatırla… Biz, Teymur ile Bəyazıdın vuruşduğu Çubuq ovalığını gəzərkən qardaş qanı tökülən düzlərə baxıb heyiflənmişdik. Kayserini və Sivası gəzərkən Qazi Bürhanəddinin tuyuğlarını oxumuşdun. Sonra onun Azərbaycan şairi, yoxsa Türk şairi olduğu haqqında saatlarca ədəbi mübahisələrimiz olmuşdu…

Səninlə birgə Səlcuqluların ilk paytaxtı Ahlata, Ağqoyunluların paytaxtı Diyarbəkirə, Fatih ilə Uzun Həsənin vuruşduğu Otluqbelinə, Yavuz ilə Şah İsmayılın savaşdığı Çaldıran düzünə də gedib, oralarda yüz illər boyu qanayan yaralarımıza duz basacaqdıq. Tariximizi yenidən yorumlayıb millətimizin keçdiyi qan ilə mayalanmış coğrafiyadan özümüz üçün dərslər götürəcəkdik. Mənə ölkəmi tanıtdığın o səyahətlərimiz, dadlı-duzlu söhbətlərimiz, mübahisələrimiz yarımçıq qalsa da , bunları nə vaxtsa tamamlayacağımıza ürəkdən inanıram.

Azərbaycanda da, Türkiyədə də birgə gəzdiyimiz o şəhərlərdən,qət etdiyimiz o yollardan nə zaman keçsəm, səni yad edirəm.Köksümün qəfəsində qanadları qırılmış bir göyərçin çırpınır həmişə və köksümü yarıb o quşu sənin timsalında uçurmaq istəyirəm…

Nə zaman Kırşəhərə  getsəm anam: “Əjdər bu il niye gəlmədi!?”- deyə soruşur. Hekayə qəhrəmanım Davulçu Adəm də: “O mübarək dostun bir də gələcəkmi?” deyə sual dolu nəzərlərlə üzümə baxır.

Dostum, bizi “Yalınız sana değil, arkadaşına kurban!” deyib qarşılayan anama, dörd divar arasında olduğunu deməmişəm. Nə də olsa ana ürəyidir. “Əjdər Bəyin işləri çox olduğu üçün,gələmmir” söyləyib, Adəmə də: “Davulunu hazırla, toyumuza az qaldı, gələcək”, deyirəm. Çünki  sən, şah misralarının birində: “Üzülmə, bir dənəm, gedən gələr de…” deyirdin. Mən gələcəyinə bir mömünün Tanrıya inandığı kimi inanıram… Ve o günlərə az qaldığını düşünürəm…

Zaman su kimi axıb gedir, həsrət qar uçqunu kimi üstümüzə yuvarlanır. Biz ki, qardaşdan da doğma, yaxın dostlar idik. Ancaq acımasız illər ayrılığa çevrilib araya nisgildən pərdə saldı, önümüzə divarlardan sərhəd çəkdi, indi hicrana düşdük. Amma sən bir şairsən. Hicranın da, məhkumiyyətin də yaralarını söz ilə sağaldacağına əminəm. Azərbaycanı hər bir insanıyla, torpağının hər bir zərrəsiylə sevən Əjdər Olun,eynilə Nazim Hikmət kimi ölkəsinin həbsxananalarını da sevdiyine, onun bu böyük ürəyə sahib olduğuna da əminəm. Tarixdəki qardaş qırğınlarımızdan danışanda qələbənin də məğlubiyyətin də taleyin hökmü olduğunu deyirdin. Başımıza gələnlər də taleyin bir hökmüdür. Unutma, gerçək hökmü tarix verəcəkdir… Tarix isə öz hökmünü hər zaman ən sonda verir…

Əziz dostum! 65 –ci doğum ildönümünü kövrək duyğularla təbrik edir, səni bağrıma basır, sənə uzun ömür, yeni yaradıcılıq uğurları arzulayıram. Tezliklə qanadlarını azadlıq səmasında açarkən görüşmək diləyilə…

Qardaşın: İmdat AVŞAR

17 Ağustos 2023/İstanbul…

Share: