ƏDƏBİ ADLAR: Çarlz Dikkens

Qəhrəmanlarını kabus kimi görən, kraliçanı üzünə söyən milyonların sevimlisi

“Dünyada elə aclıq çəkən insanlar var ki, Allah onların gözünə bir tikə çörək kimi görünür”, – bu ətürpədici səhnəni göz önündə canlandıran ingilis yazıçısı, zamanının ən böyük dahilərindən biri Çarlz Dikkensdir.

 

Bəlkə də yoxsulluğu, səfaləti, çarəsizliyi onun qədər sözlə təsvir edə bilən ikinci qələm ustadı tapılmaz. Çarlz Dikkensin öz uşaqlığı da çox çətin olub. Uşaq yaşından ağır zəhmət və çətinliklə, həqarətlərlə üz-üzə gəlib, borcdan həbsə düşən atası üçün gözləri yol çəkib. Amma yuxarıda qeyd olunan aclıq həddini təsvir edəcək qədər səfalət görməyib. Bəs Dikkens insanı insanlıqdan çıxaran məhrumiyyəti necə bu qədər tanıya bilmişdi? Bəlkə deyilənlər, dildən-dilə gəzən şayiələr gerçəyə əsaslanırdı?!

Belə deyilir ki, Dikkens yazdığı bütün əsərlərin qəhrəmanlarını real olaraq görürdü. Yox, bunu gerçək hadisələri qələmə almağa vadar edən realizmə bağlamayın, bu öz yerində. Burda “real olaraq” sözü daha dərin mənadadır. Yəni yazdığı əsərinin qəhrəmanları ilə oturub söhbət edir, onlarda mübahisə dava həddinə gəlib çatırdı. Yazıçının ən yaxın dostlarından biri olan redaktor, ədəbi tənqidçi Corc Luis (həm də yazıçı Corc Eliotun dostu idi) onun bu trans vəziyyətinə şahid olduqdan sonra yazırdı: “O, hər hansı əsərini yazarkən normal insanlıqdan çıxırdı. Yemək yemir, günlərlə yatmırdı. Ən qəribəsi isə, əsərlərinin qəhrəmanları ilə söhbət edir, onlarla üz-üzə qalırdı. Xüsusən də əsərlərdə tənhalığa, yoxsulluğa, ölümə məruz qoyduğu balaca qəhrəmanları özünün dediyinə görə əl-ayağına dolaşır, ona rəhm etməsi üçün yalvarırdı. Qadın qəhrəmanları isə onu qısqanır, başqaları ilə söhbət etməsinə belə imkan vermirdilər. Dikkens öz qəhrəmanlarının kabusundan qurtulmaq üçün gecəni dirigözlü səhər edir, gün çıxan kimi özünü şəhərin gur hissəsinə verirdi ki, onu təqib edən kabuslardan xilas ola bilsin”.

Parapsixoloq Nandor Fodor özünün “Naməlum Dikkens” oçerkində qeyd edir ki, görünüş etibarilə yazıçıya şizofreniya disqnozu qoymaq mümkündür. Amma hallüsinasiyaların bədii tərəfi bizi bu diaqnozdan yan keçirməlidir. Sadəcə Dikkens öz yaratdığı obrazların canlı təsvirində gicəllənirdi.

Lakin məsələnin başqa bir tərəfi də var ki, onun kabuslarını qaranlıqdan işığa çıxarır. Dikkens mesmerizm adlanan hipnoza alüdə olmuşdu. XIX əsrdə geniş yayılmış bu hipnoz mexanizminə o vaxt digər peşə adamlarından daha çox yazıçılar və dələduzlar meyl edirdi. Yazıçılar öz əsərlərini daha da canlandırmaq, dələduzlar isə pul qazanmaq üçün… Əgər birincilər yalnız özlərinə əziyyət verirdilərsə, ikincilər neçə-neçə insanı təhlükəyə atırdılar: süni mesmerik seanslar edib külli-miqdarda zərər vururdular, bəzilərində isə trans baş tutduğundan geri dönüşü həyata keçirə bilmirdilər və xəstənin ruhi vəziyyəti pisləşir, çox vaxt ölümlə nəticələnirdi. Bu səbəbdən də sonralar mesmerizm qadağan edildi. Mesmerizm nədir? “Heyvani maqnetizm” (mesmerizm) nəzəriyyəsinin yaradıcısı Frans Anton Mesmer (1734-1815) – yəhudi əsilli avstriyalı həkimdir. 1776-cı ildə belə qənaətə gəlib ki, maqniterapiya müalicə üçün çox faydalıdır, amma burada məharət maqnitdə yox, maqnitizordadır (yəni onu işlədə bilən adamda). Mesmer iddia edirdi ki, maqnetik hipnozda və ya trans vəziyyətində olan adam uzaq keçmişi və gələcəyi görə bilər. Eyni zamanda, həm özünün, həm də başqalarının daxili orqanlarını görüb onun vəziyyətini, oradakı deformasiyanı təyin edə bilər. Onlar hətta qafalarında yaratdıqları xəyalla da canlı olaraq üz-üzə gəlməyə qadirdilər. Güman ki, Dikkens də sonunculardan idi.

Belə bir fikir var: yazıçılıq istedadla yanaşı həm də təcrübədir. Böyük həyat təcrübəli yaşda olmadan ciddi əsər yaratmaq mümkün deyil. Corc Eliota görə, 20 yaşlarında bir yazıçı heç vaxt şedevr yarada bilməz, bunun üçün ən azından o, 40 yaşı keçməlidir. Ancaq Eliot Dikkensi tanıyandan və dostlaşandan sonra bu fikir ona xəcalət vermiş olmalıdır. Çünki Dikkens 21 yaşında özünün ilk esseleri ilə qabiliyyətini ortaya qoymuş və ətrafına böyük oxucu kütləsi yığmış adamdır. 1833-cü ildə yerli jurnalların birində başlatdığı “Bozun oçerkləri” silsiləsi tezliklə bütün İngiltərəni kökşlərin qabağına yığmışdı. İnsanlar isti-soyuq demədən növbələrdə jurnalın yeni nömrəsini gözləyirdilər.

Bəzən yanlış olaraq düşünülür ki, publisistika ilə başlanan yazıçılıqda bədiilik çatışmır. Yazıçı bir vaxtlar jurnalist olduğunu faktların quruluğu ilə göz önünə sərir. Bəlkə də öz quru üslubu ilə tənqidçiləri dilə gətirən yazıçı-publisistlər çoxluq təşkil edir. Amma bu, Dikkens kimi yüksək rəssam-yazıçılara aid deyil. Gerçək faktları jurnalist dəqiqliyi və araşdırması ilə oxuculara çatdıran, şahid olduğu səhnələri rəssamsayağı təsvir edən yazıçı tez müddətdə oxucunun sevimlisinə çevrilir və bu, günümüzdə də keçərlidir. Bəs cəmiyyətin hər təbəqəsinə – arxa küçələrindən tutmuş kübar saraylarına qədər giriş əldə edə bilən peşə sahibləri kimdir? Əlbəttə ki jurnalistlər! Yalnız onlar qaranlıqla işığın arasında rahatlıqla yol sala bilərlər və getdiyi bütün məkanları da jurnalist diqqəti və sərrastlığı ilə müşahidə edər, gördüklərini oxucuya dəqiqliklə, çox vaxt qara yumorla ötürərlər. Oxucu isə bu reallığı və dəqiqliyi istəyir, çünki təxəyyül də bir yerə qədərdir. Oxucu onun başını xəyallarla qatan yazıçıya çox da bel bağlaya bilmir, ona yaşadıqlarını kənardan göstərə bilən qələm lazımdır. Dikkens özündə bu fərqi və bacarığı gənc yaşlarında formalaşdırdığı üçün tezliklə oxucuların sevimlisinə çevrildi. Bayron demiş: “Bir səhər gözünü açıb özünü məşhur gördü”. Onu Şekspirdən sonra ingilis ədəbiyyatının ikinci dünya şöhrətli qələm ustadı adlandırırlar. İlk dünya səviyyəli yazıçı-publisist, yazıçı-urbanist olaraq da ədəbiyyat tarixinin zirvəsini bəzəyir. Onun əsərlərini məktəbli uşaqlardan tutmuş evdar qadınlara qədər oxuyurdular. Təsəvvür edin, 1841-ci ildə onun kitab təqdimatına 6 min insan toplaşmışdı.

Bu, əlbəttə çoxlarını qıcıqlandırırdı. Məsələn Oskar Uayld kimi böyük bir yazıçı onu publikaya çalışan, əyləndirən kütləvi bir yazıçı hesab edirdi. Amma publikaya çalışan və publikanı arxasınca aparan arasında böyük fərq, eyni zamanda incə xətt var. Kütlənin zövqünü oxşamaq üçün yazılan əsərlər bayağı və qısamüddətlidir. Lakin publikanı arxasınca aparan yazıçı zövq oxşamır, zövqü formalaşdırır və əsərləri də əsrləri aşa bilir. Çarlz Dikkens bu gün də oxunur, tərcümə edilir, ədəbi tənqidin əsas hədəfindədir.

Çarlz Dikkensin daha bir özəlliyi onun nitq və artistik qabiliyyəti idi. O, oxucularını başına yığıb saatlarla, yorulmadan onlarla söhbət edir, suallarına cavab verirdi. Xüsusən də tələbələr və məktəb uşaqlarına öz əsərlərinin qəhrəmanlarını polifanik şəkildə çatdırırdı. Müxtəlif obrazlara girir, mənfi-müsbət qəhrəman demədən onu oxucu-izləyicinin gözü önündə canlandırırdı. Bu işdə ona həyat yoldaşı Ketrin Hoqart da kömək edirdi. Dikkensə 10 övlad verməsinə rəğmən, bütün gücünü və bacarığını da həyat yoldaşına sərf edən bu sadiq və fədakar qadın müxtəlif mərasimlərdə obrazlara həyat verirdi. Axı o da yazıçı və aktrisa idi. Evlənərkən sosial statusuna görə ərindən üstün olan qadın tezliklə onun kölgəsinin və şöhrətinin altında qalır. Amma bu, onun sevgisini azaltmır, məşhur həyat yoldaşının şöhrətini daha da artırmaq üçün əlindən gələni edir. Həm də yaxşı anlayırdı ki, XIX əsrdə qadın yazıçıların əl-qol açması yalnız kişi adı ilə mümkün ola bilər. Öz adı ilə isə yalnız bir kitab tarixə bəxş edə bilib, o da evdar qadınlar üçün yemək tərifi kitabı. Lakin bütün bu fədakarlıq yetmir, ayrılıq onsuz da onların arasına girir. Sonralar bu ayrılığı yozanlar Ketrinin əyyaşlığı ilə əlaqələndirirdilər, amma içkiyə aludəçilik qadında sonralar, yəni 45 yaşlı əri 18 yaşlı aktrisa ilə birlikdə olarkən başlayır. Ehh… sonucda Dikkens də öz cinsinə xas olaraq cavan bədənin eyforik təsirindən qaça bilmədi. Dahilik insanı cismani həzzdən xilas edə bilmək iqtidarında deyil.

Əvəzində isə Dikkens insan hisslərini qələmində “oynatmağ”ı əla bacarırdı. Mən onun “Oliver Tvist” əsərini dəfələrlə oxumuşam. Dünya ədəbiyyatından bir neçə əsər var ki, ona dönə-dönə müraciət etmişəm. Həm də nə müraciət! Kitabı oxuyub son səhifəsini bitirər-bitirməz yenidən başa dönürdüm və hər dəfə də eyni hissləri keçirirdim. “Oliver Tvist” də bunlardan biri idi. Axırda anam kitabı əlimdən alıb gizlətmişdi ki, ta bəsdi, başqa kitaba keç…

Əsər elə ilk abzasından insanı kitaba pərçimləyir. Oliverin doğuluşu. Yoxsullar evində, rütubətli divarlar arasında, nəm, çirkli döşəkdə gənc qadın ağır doğuş keçirir. Doğuşun ağırlığından ana ölür. Yaşlı, səfalətdən büzüşmüş qarılar gömgöy olmuş, zəif körpəyə baxıb onu bir kənara atırlar, yaşamaz deyə. İndi təsvirə baxın: “Bu körpə pərqu yorğan-döşəkdə, zəngin ananın bətnindən çıxsaydı, yanında peşəkar mamaçalar, həyəcanlı nənə və xalalar, bayırda xəbər gözləyən ata-baba olsaydı, sözsüz ki öləcəkdi. Amma bu uşaq doğularkən tək doğması olan anası belə onu ölümü ilə tərk etdi. Soyuq divarlar, çirkli mələfələr arasında dona-dona, ac-ac çabaladı, var gücü ilə bağırdı, ona doğuşdan kəm baxan həyatı körpə barmaqları ilə yaxalayıb ölümün məngənəsindən təkbaşına çıxdı…” Bax bu cümlələri oxumaq üçün dəfələrlə nəfəsimi tutub, alacanlanmış gözlərimi həyəcanla sətirlərdə gəzdirirdim.

Dikkens məhz bu əsərlə insanların damarında axmağa başladı. Ölkənin daxili siyasətinə, kraliçanın dəyirmanına qələm “soxan” yazıçı xalqın gözündə xilaskar idi. Təsəvvür edin kraliça Viktoriyanı qələmi ilə döyən, hətta üzünə söyə biləcək qədər cürətli olan Dikkensin bu romanından sonra İngiltərədə “Zəhmət evləri” adı altındakı həbsxanalar bağlanmışdı, küçələrdə dolaşan narazı vətəndaşlar kral sarayının kürkünə birə salmışdı. Balaca Oliverin donuz qabağına atılan iyli, köhnə yeməyi aclıqdan bal kimi, barmaqlarını yalaya-yalaya yeməsi səhnəsini təsvir edərkən Dikkens hayqırırdı: “Uca sarayda, zəngin süfrə arxasında əyləşmiş ülyahəzrət Viktoriya! Siz bu səhnəni mütləq görməliydiniz”, – deyirdi. Axı özü görürdü… Yuxarıda qeyd etdiyim kimi, o, bütün bunları yaşayıb, canlı görüb yazırdı. Bəlkə də buna görə də əsərləri ölmürdü, elə bu gün də yaşayır. Dikkensin əsərləri dəfələrlə ekranlaşdırılıb, özünün heykəl və büstləri sevməməsinə baxmayaraq, dünyanın bir neçə nöqtəsində əbədiləşdirilib. Hətta Merkuri planetində adına krater də var. Nənəsini söyməsinə rəğmən, nəvə kraliça Elizabetin qərarı ilə 1993-2000-ci illərdə buraxılan funtlara yazıçının təsviri vurulub. Çünki nənəsindən fərqli olaraq nəvəsi Dikkensin Dumanlı Albionda nadir çıxan günəş olduğunu anlayırdı.

Şəfiqə ŞƏFA

Share: