“Yaşıl işığ”ını əsasən yerli əhali üçün yandıran ölkə…

Heydər Əliyev Beynəlxalq Hava limanında xanım pilot Baltika dənizinin sahillərində yerləşən Tallin şəhərinə uçuş müddətini elan edir – 5 saat 15 dəqiqə. Maraqlıdır ki, təyyarə ilə kifayət qədər çox səyahət etsəm də, ilk dəfə xanım pilotun idarə edəcəyi hava gəmisində yola çıxırıq. Açığı, maraqlı və həyəcanlı gəlir. Zərif səsi ilə o qədər inamlı “hava gözəldir, arada bir tribulans ola bilər” deyir ki, həyəcan gedib maraq qalır.

Əslində, Estoniyaya uçuş məsafəsi heç də çox deyil. Sadəcə Rusiya və Ukrayna arasında gedən müharibə hava nəqliyyatında məsafələri uzadıb, çətinliklər yaradıb.

“Etopaz”ın sponsorluğunda AFFA və milli komanda ilə ilk səfərim maraqlı başladı. Təyyarə havaya qalxdıqdan 30 dəqiqə sonra isə uzun müddətdir, hələ ölkəmizə gəlməmişdən öncə tanıdığım yığmamızın baş məşqçisi Canni De Byazi məni görüb təəccüblənir: “Səni yığma komanda ilə xoş gördük, dostum. Deyəsən, qoyulan qadağalar aradan qaldırılıb” deyərək gülür. Bir az da heyətdə zədəlilərin olmasından şikayətlənir: “Bəhlul Mustafazadənin, Bədavi Hüseynovun və Eddi İsrafilovun yoxluğu bizə çətinlik yaradacaq, amma çalışarıq, səfərdən yaxşı nəticə ilə dönək”.

Təyyarədə bir zamanlar “Qarabağ”da birlikdə tarixi uğurlarda rol oynamış, hazırda isə ayrı-ayrı ölkələrdə çıxış edən Mahir Emreli və Şahruddin Məhəmmədəliyevin söhbəti diqqətdən yayına bilməzdi.

5 saat yarımlıq uçuşdan sonra, nəhayət, Tallinə çatırıq. Payız havası, yağışlı, küləkli şəhər şimal qütbünə yaxınlığını ilk baxışdan göstərir. Vaxtımız az olsa da, Estoniya paytaxtının Bakının İçərişəhərini xatırladan küçələrində gəzə bildik.

SSRİ ölkəsi olmasını bu şəhərdə asanlıqla hiss edirsən. Demək olar ki, hər kəslə rus dilində danışa bilərsən. Baxmayaraq ki, Rusiyanın Ukrayna ilə müharibəsi birincilərin əleyhinə işləməkdə davam edir və küçələrdə Rusiyanın indiyə qədər etdiyi müharibələri pisləyən plakatlar asılıb. 

Baltika dənizinin sahillərində yerləşdiyi üçün Tallin limanları ilə də məşhurdur. Kruizlərin yer aldığı limanlarda səyahət etmək mümkündür. Limanlardan ən gözəl səyahət isə təbii ki, Finlandiyanın paytaxtı Helsinkiyədir. Fin körfəzini keçərək Skandinaviyaya ayaq basmaq olar. Bunun üçün 2 saat 15 dəqiqə bəs edir. Gediş-dönüş bileti isə 37 avrodur.

Kopli mikrorayonunda yerləşən limanın yanındakı park isə SSRİ zamanından tarixi yer kimi saxlanılır. Park restavrasiya da edilməyib. Üzərində isə İkinci Dünya müharibəsində döyüşən pilotların təsvirləri yer alır.

“Old Town” Tallinin ən gözəl yeri hesab olunsa da, burada həyat qaynayır demək olmaz. Bir neçə kiçik muzey və kilsələr isə müəyyən qədər diqqəti çəkir.

Maraqlıdır ki, estonlar 1989-cu ildə sökülən Berlin divarının bir hissəsini tarixi abidə kimi paytaxtlarında saxlayırlar və turistləri ora cəlb edə bilirlər. “Old Town”da dünyanın istənilən ölkəsinin mətbəxinə də rast gələ bilərsən.

Tallinin ən məşhur restoranlarından biri isə azərbaycanlılarındır. Paytaxtın 5 müxtəlif hissəsində yerləşən “Armudu” restoranı uzun illər öncə bu ölkəyə gəlmiş şəxslər tərəfindən istifadəyə verilib. Maraqlıdır ki, restoranlarda işləyənlərin böyük əksəriyyəti azərbaycanlıdır.

Estoniyada qayda-qanunlar isə olduqca sərtdir. Yerli camaatın yaşayış səviyyəsi çox yuxarı olsa da, sonradan köçənlər üçün həyat heç də asan keçmir. Çünki dövlət başqa millətlərə vətəndaşlıq verməkdə maraqlı deyil və bunu qəbul etmir. Yaşayış üçün viza alsan da, bir-iki qanun pozuntusu sənin deportasiyana səbəb ola bilər…

Ardı növbəti yazıda…

Elsevər Məmmədov


Share: