“Yağmur mələyi”nin lirik pıçıltıları- Vaqif Osmanov Oqtay Şəfioğludan yazır

 

GÖYLƏRDƏN GÖNDƏRİLƏN SEVGİ İSMARIŞLARI
(“Yağmur mələyi”nin lirik pıçıltıları)

Poeziya çox dərdlərin məlhəmidir. Tibb elminin çarə tapa bilmədiyi yaraları ilahi Söz sağaldır. Poeziya qəlbdə yanan ocaqdır, həm isidir, həm də işıqlandırır.

Ömrünün 40 ilini manual terapiya sahəsinə həsr edən, Qaxda, Bakıda çalışan, Qarabağ yaralılarının yaralarına şəfqətli əli, poeziya dili ilə məlhəm qoyan, 20 il İstanbulda yaşadığı müddətdə bilik və bacarığını vücudun biomexanik sisteminə yönəltmiş, Kayseri problemli uşaqlar mərkəzində yeriməyən, əlil doğulan uşaqlar üzərində uğurlara imza atmış manual terapevt, cudo üzrə 3 – cü dan qara kəmər sahibi, özünü şair Rəfiq Zəka Xəndanın yetirməsi sayan Oqtay Şəfioğlunun “Yağmur mələyi” kitabı sözsevərlərlə ilk görüşüdür. Həkim – şair artıq dörd ildir ki, İstanbuldan Vətənə qayıdıb, Bakıda sevimli işi ilə məşğuldur.

Üç şərəfli peşənin – incə lirikanın, sərt idmanın və mərhəmətli təbibliyin uğurlu sintezini yaradan Oqtay Şəfioğlunun “Yağmur mələyi” şair Qabil demişkən,şəfalı “ömür həbləri”dir.

O, cox maraqlı həmsöhbətdir, səsi, danışığı həzin musiqi kimidir. Vətənin, böyük Türk – Turan ellərinin təəssübkeşidir, milli ruha, bəşəri düşüncəyə malik böyük Türk oğludur:

Mizrab toxunduqca sinənin üstə,
Söylə, taleyimə qəm hekayəmi.
Gah “Segah” səsində anla dərdimi,
“Bayatı – Şiraz”ı ağlatsın qəmim…
Şuşada düşmənin mənimsədiyi,
Dərdə əsir düşən yanıqlı tara,
Səslən, gitaram!..

Həkim – şairin lirik və mənsur şeirlərində sözə məsuliyyətlə yanaşma, sözə vurğunluq diqqəti cəlb edir. Türkiyə türkcəsində yazılmış mənsur şeirlər pomantik və pealist duğularla zəngindir, düşünməyə vadar edir.

“Tikanlı məftillərə sərhədləri uduzan, göz yaşları mavi Xəzərə bənzəyən, tarixinin yolları igidliklərlə tikilən” Azərbaycanı vəsf edən şeir qürurlu və həm də qəmdən yoğrulmuş Vətən himnidir. “Qucağında şəhidi bayraq – bayraq bükülən” Azərbaycanın yaralarını həkim – şair ərənliklə və sözlə sağaltmağa çalışır:

Onun lirik axtarışları özünəməxsus və inandırıcıdır. “Şehli baxışları sevgilisini əridən” aşiqin “yağışları od sayrışmasıdır, küləkləri nəğmə teli”. “Zamanı əqrəb ucunda tutan” şairin həssas qəlbinə, duyğularının incəliyinə mat qalırsan:

Üzəndə çiçəyi öz tər bağından,
Qalır yara yeri gül budağında…
***
Öpər gözlərimdən son nəfəs kimi,
Sızlayan həsrətin ağrıyan yeri…

“Ana” şeirindəki müqəddəs kədər, kövrəklik poeziyasevərləri öz analı dünyasına aparır. Doğrudan da Ana bəşərin ən ilahi varlığıdır:

Sən həyatla savaşmağa göndəmişdin,
Mən səni yola saldığım son mənzildi…

Dünya sevgilərin həm beşiyidi, həm də məzarı. Sevgi insanlıqla yaşıddır, kamilliyə can atan bəşər övladı ilə əkizdir. Amma “bir vaxt bu sevgiyə can verənlərin urəyi” bir gün də “uf” “demədən ölümünə fərman verir”sə, “təkliyə nəğmə deyən gecələr içimizdəki ağrıları eşitmir”sə, ” güvəndiyimiz illər bir yana, bütövləşən ruhumuz utanar”. Vəfasızda həssas ruh yoxdursa, “səndə hüzur tapan kor ümidlərin əlini buraxıb gedirsə, teli qopmuş saz kimi, erkən bitmiş yaz kimi” ayrılqdan nəfəsi təngiyən sadiq sevgilinin qəlbində bu sevgi əbədi yaşayır.

Belə lirik və nigaran hisslərin qoynunda gəzişəndə, şairin söz dəryasında məmnunluqla üzəndə anlayırsan ki, sözün qüdrəti insanı ayrılıq okeanında da boğa bilməz. Çünki həqiqət yüklü söz mərhəmətlidir, xilasedicidir.

Köhnə adətimə xilaf çıxmayaraq Oqtay Şəfioğlunun şeirlərində də yeni fikrə bükülmüş uğurlu misra, bənd axtarışlarım nəticəsiz qalmadı. Tapdım, sevindim, qızılaxtaran külçə tapan kimi:

Qaynar əllərimi gey əllərinə,
Sevinc göz yaşında boğulsun ölüm…
***
“Mən”ə yoluxdurdum səni, bağışla,
Amma güldürmədim üzdüyüm qədər…
***
Xəlbir yaddaşımdan ömür keçirdim,
Bu dəniz ömrümdən qaldı qətrələr…
***
Mənimtək yorulub, qocalıb dünya,
İnsan ömrü boyda dərd yaşamaqdan…

Şair – həkimin “İnsan” şeirində klassik ədəbiyyatın məziyyətləri – aforizm səviyyəli deyimlər, dolğun beytlər insanı mənəvi bütövlüyə, özünəinama, sayğı göstərdiyim filosof Safruh demişkən, “özünümüalicə”yə çağırır. Şair “pulun kağız ipindən hörümçək kimi asılanların məzara əliboş köç eləyəndə dünyanın insana acı – acı gülməsini, yada arxalanıb zirvəyə çıxanların zirvədə qar kimi qala bilməməsini şərəfin yoxluğunda” görür. Məsləhət edir ki, “doğrunu yalanla yoğurma əbəs, mayan xarabdırsa gəlməz xəmirin”. Əsas mənəvi gözəllikdir:

Elmin qüdrətinə yoxsa inamın,
Tərlan gözləriylə baxma zirvəyə.
Kamillik zirvəsi qazansan əgər,
Zirvələr önündə dönər nöqtəyə…

Oqtay Şəfioğlunun mənsur şeirləri haqqında növbəti yazımda.

VAQİF OSMANOV. iyul 2019.

Share: