Türkün səsi, ömrün nidası və yola yoldaş olan yolçu

(Şair-publisist, ictimai xadim Əkbər Qoşalının 50 illik yubileyinə)

 

  “Türkün səsi” – Bu, Əkbər Qoşalının mənə hədiyyə etdiyi ilk kitab idi. Tərtib etdiyi, Türk dünyasının gənc yazarlarının əsərlərinin toplandığı o kitab, qurucusu olduğu Dünya Gənc Türk Yazarlar Birliyinin ilk qaranquşlarındandı.  Baharın – Türk Dünyası Birliyinin, Turan Birliyinin müjdəçisiydi həm də.

Sonra tərtibçilərindən biri olduğu “Azərbaycan türkologiyası” biblioqrafiyasını gətirdi mənə. Onu hər görəndə, sanki bu çalışqan, yorulmaq bilmədən qurub-yaradan, fədakar, gözəl ruhlu gənc qardaşımın timsalında  Türk gəncliyinin ruhunun, aşıb-daşan sevgisinin böyüklüyünü görür, qürur duyurdum. Bəlkə özü də fərqində deyildi, amma çox fərqliydi Əkbər! O bütün varlığıyla ulu bir ümmana çatmağa can atan dağ çayına bənzəyirdi… Hərdən ədəbi-bədii tədbirlərdə, konfranslarda qarşılaşırdıq, çox danışmaq, söhbətləşmək  imkanı da olmurdu. Amma bəzən bir doğma baxışı, ya sözü, ifadəsi, səslənişi (“Ana kimi Şəlalə, Şəlalə kimi Ana” ) və dilindən düşməyən alqışı ( “Günün ağ olsun!”) ilə hörmətini, sayqısını bildirərdi mütləq… O hər zaman harasa tələsir, çünki ötən hər dəqiqənin, saatın ölçülü-biçili olduğunun ən çox fərqində olan, vaxtı düzgün dəyərləndirənlərdəndi… Bu isə çox böyük ərdəmdi, əlbəttə!… Bir gün də yeni şeir kitabının təqdimatına dəvət etdi. Beləcə, imzası, əməyi, ürəyi olan üçüncü kitab da yer aldı kitab rəfimdə. “Ürək daşı” kitabı. Bu kitabdan və Əkbər Qoşalı yaradıcılığından yazmaq çoxdankı arzumdu. Elə şair qardaşım özü də məndən yazı gözləyirdi. Mənim fikrimə, düşüncələrimə, qələmimə verdiyi dəyərdən irəli gəlirdi bu istəyi, bilirdim. Yoxsa, haqqında yazanı çoxdu, əlhəmdülillah! Görüşüb daha dərindən söhbətləşmək, müsahibə götürmək istədim. Amma ictimai fəaliyyətinin ən gərgin vaxtlarıydı. İşi başdan aşırdı. Vaxt ayıra bilmədi o üzdən, “vaxt tapıb xəbər edərəm”, – dedi. Mən də çox israr etmədim. Sadəcə gözlədim. Unutdu bəlkə də… Sonra mənim də işlərim başımdan aşdı… Beləcə, görüşə bilmədik. Son illərin gərgin, qayğılı, pandemiyalı, müharibəli, ağrı-acılı və nəhayət, zəfər müjdəli  günlərində başımız öz işlərimizə qarışdı, hərəmiz öz fəaliyyət meydanımızda çalışdıq, vuruşduq, “döyüşdük”… Və günlərin bir günü – 2021-ci ilin sentyabrında  ona zəng edib Quzey Makedoniyadan Azərbaycana beynəlxalq konfransda iştirak etmək və işğaldan azad olmuş torpaqlarımızı ziyarət  üçün gələn qonaqlarımızdan bəhs etdim. Bu əziz qonaqları həm onunla, həm də Milli Məclisin Mədəniyyət Komitəsində bərabər çalışdığı,  Türk dünyası üçün böyük işlər görən, Komitə sədri, millət vəkilimiz dəyərli Qənirə Paşayeva ilə görüşdürmək istədiyimi söylədim. “Azərbaycan sevdalı” Türk qardaşlarımızı – Avropada Türklük adına böyük işlər görən “övladi-fatihan”, Beynəlxalq Vizyon Universitetinin qurucu rektoru prof. dr. Fadil Hoca və rektor yardımçısı prof. dr. Abdülməcid Nurəddini Milli Məclisdə böyük hörmət və ehtiramla qarşıladılar.  Türklük sevdamızdan, Azərbaycan sevgisindən, Vətən eşqindən, mədəniyyətlərarası əməkdaşlıq əlaqələrindən, istəklərdən, arzulardan,  problemlərdən, görülən və birgə görülə biləcək işlərdən xeyli söhbət etdik. Ayrılarkən xatirə şəkilləri də çəkdirdik (Bu görüş barədə mətbuatda yazım dərc olundu sonra). O şəkilə baxanda Makedoniyalı qonaqlarımızı, həmin görüşü məmnunluqla xatırlayarkən, Əkbərlə bərabər çəkilən başqa bir şəklim olduğunu da xatırladım. 2017-ci ilin sentyabrında Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Kərküklü qardaşımız Dr.Şəmsəddin Kuzəçinin imzaladığı “Hizmet” (Türk Dünyasına Xidmət) bəlgəsini mənə təqdim edərkən çəkilmişdi (Təltif edənə də, təqdim edənə də minnətdaram). Gözəl bir gündü o gün də… Və nəhayət, 2023-cü ilin 5 apreli! Əkbər Qoşalının dəvətiylə onun yeni kitabının təqdimatında, yaradıcılıq gecəsində iştirak etdim. Heyf ki, o axşam şair qardaşımla şəkil çəkdirib ömür kitabımın foto yaddaşına salmaq imkanı olmadı… Sağlıq olsun təki! Əsas odur ki, o günün yaddaşımda çox gözəl bir şəkli qaldı. O şəklin adı – Əkbər Qoşalıdır! Çünki o gün onun günüydü! Sözünün, səsinin, 50 illik ömrünün kitabı vərəqlənirdi. Həm də Türk dünyasının dörd bir yanından – hər boyundan gələn Türk bacı-qardaşlarımızla ilə birgə, sevinclə, fərəhlə, qürurla vərəqlənirdi o kitab! Elə yenicə işıq üzü görən kitabını – “Seçilmiş əsərləri”nin 1-ci cildini vərəqləyərkən də eyni duyğuları yaşadım. Sevinclə, fərəhlə, qürurla oxudum bu kitabı…

Əkbər Qoşalının yeni  kitabındakı şeirlərin, poemaların bəziləri daha öncədən oxuduğum, bildiklərimdi. Amma bir daha yenidən oxudum. Yenicə oxuyurdum, sanki… Bütün kitabı başdan sonadək birnəfəsə oxudum! Onun şeirləri birnəfəsə oxunan şeirlərdir, desəm, mübaliğə sanmayın, lütfən… Birnəfəsə oxunur, çünki şairin yaradıcılığında bir bütövlük, bir vəhdət var! Sanki oxuduqca şeir-şeir, ilmə-ilmə toxunmuş böyük bir xalının naxışlarındakı mənaları anlamağa, çözməyə çalışırsan, ona görə də yarıda yarımçıq qoyub bir tərəfdə gözlədə bilmirsən bu kitabı… Amma bir tərəfdən də ilmələrin, əsrarəngiz naxışların sirli-sehirli aləmini – şeirlərin, misraların məna qatını çözmək istərkən,  bu qatların dərinliyində nəfəsin təngiyir, bir az dayanmaq, nəfəs almaq istəyirsən..   Ürək yaxan duyğuların  təsirindən – şeirlərin havasından havalanmaq qorxusu ürküdür səni… Nəfəsin kəsilir bu anlarda… Şairin öz sözləri ilə desək, “Havalıyam, havam çatmır…”. Axı, əsirlikdəki Vətən qızına yazılan, ağrı-acı dolu misraları oxuyan adam havalanmasın, neyləsin?!

“Arzulara yetirməyən uzun saçın

 əsirlikdə asılmağa yaradımı,

Vətən qızı?!

Ayağının altında kətil də olammadım,

Məni bağışlama…”

Eyni havanın ağrısını, ağırlığını  illər öncə “Xocalı harayı” şeirimi yazarkən yaşamışdım mən də:

…Bir bu qədər dərd ilə havalansam, nə olar?

Mənim havamı çalın! – “Xocalı” rəqsi varmı?…

Və bu məqamda sənin bir misralıq şeirindəki cavabsız sualını eşidirəm:

 “Qələm sahiblərimi

 ələmin sahibləri?..”

Sən “yazıya ürək, ürəyə dərd qoyan” qələm sahibisən, şair qardaşım. – “And olsun qələmə!” (Qurani-kərim)  “Bircə onu bilirəm: sənə qayıtmayınca, … gözüm kölgəli” olacaq, – deyə illərdir bu ağrı-acıyla yanıb-qovrulan Vətən oğlu, Şuşa alınanda sevincinin həddi-hüdudu nə qədərdi, görəsən? Bunu bir sən bilirsən, bir də Allah!.. Bir də  “əlini qəlbimə qoy, …”- deyə sevincini duymasını istədiyin “Əziz Şuşa”mız bilir, yəqin… Əkbər, şair qardaşım, ürək parçalayan, can sızladan ağrı-acılarına şanlı qələbəmiz, Zəfər günümüz, “Əziz Şuşa”ya yazdığın o möhtəşəm şeir su səpdimi, görəsən?

 “Canımın canı şəhər,

Sənə gələn yolumuz

Canımızdan başladı;

.Yollar sənə gətirdi;

Yollar səndə qurtarmır –

Zəngəzurun,

Göyçənin,      

İrəvanın yolları

səndən görünür, Şuşa!

Əlini qəlbimə qoy,

Gör bir necə döyünür…”

Şuşanı daha gözəl, daha özəl sevsənsə də, sən əslində, bu vətənin hər yerini-yurdunu, hər qarış torpağını, daşını sevdin, şair qardaşım! Sən “daşları çiçəklərdən az sevmədin”, çünki “daşlar bu dünyada, bəlkə də ən gözəl yaddaşdı – Gültəkin misalı”! Çünki “daşlar vətənə qardaşdı – Vətəndaş timsalı…”! O vətən ki, onun “torpağı hər yerdə şəhid məzarlarıyla möhürlənmiş”… Və:

Torpağı

hər yerdə şəhid məzarıyla

 möhürlənmiş

millətin

bayrağı əbədidir…”!

Əkbər Qoşalının şeirlərində təbiətin bütün rəngləri əks olunub… Elə təbiətin özündə olduğu kimi, hər şey yerli-yerində, ahəngdar və gözəl! Onun şeirlərinin havasına gül-çicəyin rayihəsi, yovşan ətri, kəkotu qoxusu qarışıb…

“Nə anılma, nə anma,

yovşan ətri udub get,

Tanrıya üz tutub get…”    

Əkbərin şeirlərini oxuyarkən sanki bir musiqi səslənir qulaqlarında… Gah ta uzaqlardan “Altaylardan qopan”, dördnala çapan atların ayaq səslərini, gah da Altay topşurunun, qopuzunun əsrarəngiz sədalarını eşidirsən. Elə yeni kitabının “Ön söz”ünün müəllifi, “şeirimizin – söz rəssamlığının Əkbər Qoşalı rəngi”ni ən incə çalarlarınadək şərh edən görkəmli tənqidçi, alim Vaqif Yusifli də tarixin dərinliklərindən gələn, canımızda- qanımızdakı Türklük ruhunu coşduran o səslərdən bəhs edərək yazır: “Bu mövzuda olan digər şeirlərini də oxusaq, biz qədim Türkün bədöy atlarının hənirtisini, döyüş cəngavərlərinin qılınclarının şaqqıltısını, cəng səslərini eşidərik. Əkbər Qoşalı bu şeirlərində At obrazını qəhrəmanlığın simvolu kimi ümumiləşdirə bilir”. – “And olsun atlara!” (Qurani-kərim)

Sözlə rəngarəng lövhələr çəkən bu “söz rəssamı”nın sehirli  fırçasından  gələn  əsrarəngiz  səslərin ahəngini eşidəndə, elə şairin bir şeirində and verdiyi kimi səslənmək istəyirəm: Bu səsli rənglərin, rəngli səslərin sirrini aç bizə, “sən fırçan!..”.

Bu “fırça”yla, şair, sən  gah uzaq Makedoniyada, “övladi-fatehan”ın yurdunda Bakı üçün qəribsəyib  “Üsküp lövhəsi” çəkirsən, gah da “tanımadığın rəssam”ın emalatxanasındakı at rəsimlərinə baxaraq, uzaqlardan, ta tarıxın dərinliklərindən gələn at  ayaqlarının səsini sezir, “ürəyim hey atlanar – ürəyim elə atlanar, yada düşər Altaylar”, – deyib, sonra da  “Altaylardan qopan atlar Avropanı nə vaxt adlar?!”- deyə xəyalındakı cəngavərlik lövhələrinin eskizlərini cizirsən… Həm də təkcə sezməklə, cizməklə bitmir işin; həmin səsi, həmin ruhu və havanı bizə də sezdirir, cizdirir, yaşadırsan, Əkbər Qoşalı!

Gah sürülərini yamyaşıl yaylaqlarda otaran bir çoban tütəyindən yüksələn   “Çobanbayatı”nı, gah da ustad aşıq barmaqlarının simlərə toxunub dilə gətirdiyi “Dilqəmi”, “Ruhani” havasını eşidirsən Əkbərin şeirlərində… – Əslində, sadəcə, tütək səsi, saz səsi deyil, Türkün, ulu Türk ruhunun səsidir bu səs! Ana təbiətin səsləri – suyun, yağışın  səs-sədası isə susmaq bilmədən layla çalır onun hər şeirinə…

 “Tanrım xoşbəxt yaradıbdı dünyanı,

Neyləyərdi bu yağışsız, bu səssiz?..”

Çox sevdiyim şeirlərindən biri də “Suyun şərhi”dir Əkbərin. “Su dili”ni bilir o! Bilməsə, necə şərh edərdi ki? Və suyun qiymətini, dəyərini bilir! O üzdən belə alqış edir: “Sucan şeirim olsun…”. – Olsun, şair! Amin! Sənin dilindəki alqışlar mübarəkdir! Bir dərvişin dilindəki dua kimi… “Dərviş dodağından alxış axar”, -deyirsən. Nəhayət, nağılını da söylədin, “Dərviş nağılı”nı…  “Bəri gəlgil, canım dostum, bir az söhbət edəlim”, – deyə sözə başladın. “Nuhdan qalan xirqə”ni geyinib, Hinddən gələn kəşkül”ünü götürüb getdiyin uzun, incə yoldan, eşidib gördüklərdən nağıl etdin bizə. Arslan babadan, Əhməd Yəsəvidən, Yunus Əmrədən …  söz açdın. Tarixin dərin qatlarına endin,  “Tarix məni vərəqləyir, zaman məni oxurdu…” – dedin. Az getdin, üz getdin, dərə-təpə düz getdin, gecə və gündüz getdin, çay nəğməsi topladın, qaya səsi eşitdin…  Bir gənc abdalın söylədiyi – “Gördüyünü örtüb keç, görmədiyini söyləmə”- hikmətiylə “Çayla dağın sevgisini hər bir kəsdən gizlədim…” – desən də, şeirlərinlə sən gizlinləri aşkar etdin, dərviş qardaş!.. Şeirə çevrildisə qəlbinin səsi, sözü, daha sirrlər faş oldu,bil!.. Ləl-cəvahir, dürrü gövhər dolu məna mücrüsünün qıfılını qırmaqdı şeir yazmaq, SÖZ demək!..  – Olsun, şair! Xəzinəsi zəngin olan yağmalanmasından  qorxarmı heç?! Bir də axı, zəngin xanların, bəylərin var-dövlətini  hərdən xalqa  yağma etdirməsi qədim türklərdə ərdəmlikdir!..

Çayla dağın sevgisindən söz açmadım, desən də, bu əsrarəngiz sevgini yeni bir poemada – “Çobanbayatı”da yenə dilə gətirdin şair:

“Çay dağa türkü deyir, –

Həm ondan uzaqlaşır,

Həm onu haraylayır…

O nəğməni duya bilsən,

Şair olmağa nə var?…”

“Uzaqlardan gələn bir ilahi tütək səsi”nin dəvətilə  yola düşüb bir dağ yamacında yoldaş oldun bir çobana. Sən ona, o sənə nələr anlatmadı ki… Sonra saz da gəldi dilə, “aldı görək, nə dedi”… “Nəğməsiylə dağa sevgi çatdıran axar suyun, qara sazın, tütəyin anlatdığı  təməl dərs” – təbiətdən aldığın dərslər dünyanın, insanlığın, Türklüyün, irfanın hansı qatlarına aparmadı səni?! “Ya olduğuntək görün, ya göründüyüntək ol!” – deyən Həzrət Mövlananın yeddi öyüdünü xatırladın, xatırlatdın… Günəş kimi, gecə kimi, torpaq kimi, dəniz kimi olmağın hikmətini yada saldın, yaddaşa yazdın yenidən…

Bu səfərin də sona çatdı, yolçu qardaş… Bəs, yol necə?  Yol bitdimi? Yox, “yola yoldaşam” deyənin bitərmi yolu heç?

 “…Mən yol ha getmirəm,

Yola yoldaşam,

Yolları yığıram ayaqlarıma…”

Böyüklərimiz “Yoldan əvvəl yoldaş”- deyiblər, sən Yolun özünü yoldaş etdin özünə! Və o yoldaş olduğun Yol səni, nəhayət, o axşamkı məkana, məqama çatdırdı, yolçu qardaş! O axşam Beynəlxalq Muğam Mərkəzində yerdən alqışlar yağırdı yağışlar kimi: “Yağışlar, yağışlar yağırdı nazla, çiçəklər, çiçəklər sığallanırdı”… Göydən də sanki rəhmət yağışları yağır, nur çiləyirdi bu gözəl Türk oğlunun üzərinə… Sən ad günlərini bayram eləməzdin:

“Heç bayram eləmədim,

 təqvim dəyişmələrini

 “vergül”ü bildim ömrün”, –

dedin, amma bir gün sevdin və “nida qoydun ömrünə!” Sevgi ömrün nidasıdır – gözəl deyimdir! Sevginin, eşqin, alqışın, qətiyyətin, sözdəki kəsərin işarəsidir nida! Əslində, sənin bütün varlığına, ömrünə, həyatda duruşuna, bu durğu işarəsi çox yaraşır, qardaşım! Çünki sən sevgiylə doğulan, sevgidən doğulan, qəlbi uca, ulu, ilahi eşqlə döyünən bir Türk oğlusan! “Ey Türk milləti, titrə və özünə dön! Sən özünə dönəndə böyük olursan!” – deyən Bilgə Xaqanın çağırışına ruhun sən doğulandan çox-çox əvvəl, min illər öncə “nida” kimi ayağa qalxıb cavab verib, bilirsənmi?! Bu bir mübarək qədər, alın yazısıdır, məncə… Sənin öz sözlərinlə desəm: “Hökm – tək Allahındır! Hökm Tək Allahındır!” Və  sən “Qarabağ Azərbaycandır!”- deyə  “nida” işarəsiylə sözünü deyərək zəfər qazanan bir xalqın oğlusan həm də! “Sən sözümdən böyüksən, sözdən qabaq səsimsən, Qarabağ!”- dedin səsini illərlə ucaltdın, sözünlə, işinlə, əməlinlə “döyüşdün”, qazandın, Vətən oğlu! Sən Vətəni sevdin, Vətən də səni sevdi! Sən bütün Türk dünyasının, Turan birliyinin eşqilə yaşadın, Türk dünyası da səni sevdi, sənə sevgiylə qucaq açdı!

“Yaşamaram künc-bucaqda onun-bunun eşqinə,

Yaşayaram Turan adlı bir acunun eşqinə!

Yad sözlərə tövbə deyib

Öz dilimdə danışaram

Dədə Qorqud eşqinə!

Bu duyğudan kənar Türkün yaşamı nə,

Eşqi nə?!”

O axşam Beynəlxalq Muğam Mərkəzindən Türkün səsi ucalırdı!  Hər Türk boyundan  bu Türk “toy”una  ellər gəlmişdi! Bir nəğmədə belə bir alqış (alxış) var: “Ellər gəlsin toyuna!” O alqışın həyata keçdiyi günü alqışlayıram bir daha! “Ellər gəlmişdi toyuna o axşam! “Toy” dedim, axı, qədim Türklərdə  “toy” həm də bütün boyların bir araya toplandığı məclisdi, bilirsən… Çox sevdiyim, elə sənin də çox sevdiyin, eloğlun, Türk dünyamızın böyük şairi  Məmməd İsmayıldan  ( mənim Baba Dərvişimin – mənəvi atam, sənin də Məmməd əmin) illər öncə müsahibə alarkən , insanların bu gözəl şairə, şeirlərinə olan böyük sevgisinin  sirrini – “Sevgi – bumeranqdır, qızım!”- deyə açıqlamışdı… Bax, o gözəl deyimi mən sənin toy-bayramına  – Türk dünyamızın bayramına gəldiyim o   gündə xatırladım bir daha, Əkbər Qoşalı! Türk ellərindən gələn qardaş-bacılarının sənə geyindirdikləri  xalatlar –  “sehirli xalat”lardı, bilirsənmi?.. “Sehirli söz”lər söyləsən əgər, səni bir göz qırpımında keçmişə də, gələcəyə də apara bilər!.. Yaxana taxdıqları orden-medallar, verilən təltiflər, diplomlar ömür “mücrü”ndə  ən qiymətli incilərdəndir, bilirsən… Bilirəm, bundan əvvəl də dəfələrlə “açıldı mücrü, örtüldü mücrü” (G.Hüseynoğlu), doldumu mücrü?! Yox,  o ömür mücrüsünə sığışacaq hələ çox təltiflər –  lütflər, ərməğanlar var, inşallah! Hələ qarşıda nə qədər dürlü-dürlü, təntənəli toylar var… Hələ halal ocağında böyütdüyün üç igidin – “Ər Əsgər”inin, “Turanlı,Tovuzlu, törəli” Turalının,”Ayparalı Ayxanı”nın toyları da var qabaqda, inşallah! O axşam sənin yubiley məclisinə gələnlər çoxdu, hamının ürəyi doluydu,  deyilməyən nə qədər söz qaldı… Kiminsə ad günündə, nə vaxtsa yazdığın misraları xatırladım bu məqamda:

“Bu necə ad günüydü?

Baxdım ki, heç bir kəsin,

Ürəyi boşalmadı,

Yoxsa, hamı məclisə

 Ürəyi boş gəlmişdi,

 nədi?”

Sənin məclisində isə əksinə, hamının ürək boşaltmağa imkan olmadı…  Bu məqamda  “Ana kimi Şəlalə, Şəlalə kimi Ana” (sənin səslənişindi, qardaş!)  “aldı görək, nə dedi”:

Ürəyimdən sözlər aşıb-daşalı,

Uzaqlara getdi qələm baş alıb,

Sən demişkən, “uzun sözün qısası”,

Nə yaxşı ki varsan, Əkbər Qoşalı!

“Sucan şeirim olsun!”- demisən, ömrün də sucan, su qədər, su kimi olsun!  Ruhunda, canında yaşayan, şeirində, sözündə səslənən Ulu Türkün səsi axar sular kimi gur olsun, çağlasın! “Sevdim, nida qoydum ömrünə!”- dedin. Ömrünün nidası  ilahi eşqin tükənməsin, əziz qardaşım! “Taleyim, taleyim, Səni mən yaratdım”,-dedin. – Yaşa, yarat!  “Hər sabah, hər sabah Qiyamət günüdü, Mən yenə, mən yenə,  Hər günün adına bir fidan dikəltdim…” – dedin! Günün ağ olsun! “Kölgəli, böyük ağacların kəsilməsin!” “Uzaq yollar, uzaq yollar, Hər nə məna var, sizdə var…” – dediyin, mənasını dərk eləyib yoldaş olduğun  uzun yollar səni gözləyir. Yolçu yolda gərək, Əkbər Yolçu! Yolun açıq olsun, qardaş!

Şair-publisist, dos.dr. Şəlalə Ana Hümmətli

Share: