Tiraspol, yoxsa  əski Türk qalası Sakla…

 

Unudulan tarix. İbrət dərsləri.

                                                         

Dnestrin sol sahilində, Botna çayının sağ qolunun mənsəbinə yaxın yerdə şəhər. Tarixən əhalisi Bucaq noqayları olmuşdur.

1792-də Aleksandr Suvorov noqay türkləri yaşayan Sakla kəndində hərbi qalanı möhkəmləndirmə işinə girişir(1, 82). Tiraspolun tarixi 1787-1791 il Rus-Türk savaşı ilə başladı; bel ki, hələ müharibənin gedişi sırasında 1789-da Saklaya 100 kazak ailəsi köçürülür. Kazaklar həmən qəsəbədə taxta kilsə tikirlər.

Müharibə bitən kimi Yaş sülhünə görə indiyədək  Osmanl dövlətinə daxil olan Cənubi Buq və Dnestr arasındakı “Oçakov vilayəti” deyilən ərazilər Rusiyaya verildi(2, 175). Bununla Dnestr (Turla nəhri) imperiyanın yeni sərhədinə çevrildi və təbii olaraq sərhəd xəttini möhkəmləndirmək məqsədi ilə Dnestrin sol sahili boyunca hərb qalaları salınmağa başladı. Bu minvalla 1792-də A. V. Suvorovun göstərişi ilə Dnestrin sağ sahilindəki Bəndər qalasına qarşı istiqamətdə çayın sol sahilində savaş qalasının əsası qoyuldu.

Qalanın tikintisinə de Ribas rəhbərlik edirdi; bu ərəfədə o Kaçıbey və ya Hacıbəy(Odessa) şəhərini yenidən tikdirmişdi.  Qala noqay kəndi Saklada inşa olunurdu. Suvorov qalanın coğrafi mövqeyini nəzərə alıb onu Sredinnoy (Orta) adlandırsa da tikinti başa çatıb şəhər statusunu qazanan kimi adı yeniləşir və Tiraspol adını alır(27 yanvar 1795). Tikinti getdiyi müddətcə 1792-95 illər ərzində  qala və ətraflarına ukrayna, bessarabiya, bolqar köçmənləri axışıb doluşmaqda idi(1, 81). Şəhər az bir müddətdə ticarət və sənətkarlıq mərkəzi olaraq məşhurlaşır. Moldaviya və Cənubi Ukrayna arasında önəmli ticari əlaqələr məhz Tiraspolun sayəsində baş tutur. Çox keçmir ki, Tiraspol yeni yaranmış Novorossiysk quberniyasının mərkəzinə çevrilir.

Tiraspol Dnestr çayının yunan adı olan Tiras və qədim yunanca şəhər mənasını verən polis sözlərindən formalaşdı. Ad digər adlar kimi II Yekaterina 1780-1790 illər çox məşhur olan “Yunan projesi” ilə əlaqədardır.

1812-ci il müharibəsi sonucunda Buxarest sülhü ilə Bessarabiyanın Rusiyaya birləşdirilməsi nəticəsində Rusiya sərhədlərinin Purut çayına qədər uzanması ilə özünün sərhəd qalası statusundan məhrum olan şəhər 1828-ci ildə hərbi əhəmiyyətini də itirir.

Lakin qəza şəhəri kimi inkişafını davam etdirən şəhərə dəmir yolları çəkilişi ilə əlaqədar olaraq liman şəhəri Odessa və Kişinyevlə əlaqələri artmış olur. Bu da Tiraspolun taxıl və şərab ticarətinin sürətlə artmasına öz təsirini göstərir.

Şəhərin qədim adı sakla~saklya türk sözü olub (3. 3,547)“qarğı qamışdan hörülmüş, palçıqla suvanaraq tikilmiş dam, ev; ” Qafqaz dağlılarında çox geniş yayılmış ev tipi; daxma, qazma”(Radlov, 4,526, 527)

Hazırda Tiraspol Moldova Respublikası Dnestrətrafı vilayətinin baş kəndi kimi inkişaf etməkdə və bir Avropa şəhərinə çevrilməkdədir…

Minəxanım Təkləli-Nuriyeva
Professor

İstifadə olunan ədəbiyyat

  1. Тимофеенко Владимер. Города СеверногоПричерноморья во второй половине XVIII века. — Киев : Наукова думка, 1984
  2. Yasar Yücel, Ali Sevim. Türkiye Tarihi, 4 c.,TK Basımevi, Ankara, 1992
  3. Fasmer Maks,3,547

Tiraspol qalasının maketi

 

Tiraspol qalasının barıt anbarı(müasir foto)

Qalanın istehkamları(müasir foto)

Share: