test üçün

“Gürcü Arzusu” arzusuna çatmadı…

“News Day Georgia” informasiya agentliyinin direktoru, Qlobal Jurnalistlər Birliyinin (GJC) Gürcüstan təmsilçisi Avtandil Otinaşvili ölkəsində genişmiqyaslı etirazlara səbəb olan “Xarici agentlər haqqında” qanun layihəsi və kütləvi aksiyalarla bağlı Modern.az-ın suallarını cavablandırıb

Həmin müsahibəni təqdim edirik:

– Son günlər dünyanın diqqəti Gürcüstana yönəlib. Xarici agentlərlə bağlı qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etirazlara səbəb oldu. İndiki məqamda belə qanun layihəsinin ərsəyə gətirilməsi nədən irəli gəlir?

– Gürcüstan parlamentinin sürətləndirilmiş rejimdə “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləməsindən sonra məlum hadisələr baş verdi. Məlumat üçün bildirim ki, ilk oxunuşda sənədin qəbulunun lehinə 76 deputat, əleyhinə isə 13 deputat səs verib.

“Xalqın Gücü” hərəkatının parlamentə təqdim etdiyi sənədi hakim “Gürcü arzusu” partiyasının üzvləri dəstəkləyib. Əlbəttə, müstəqil vətəndaş birliklərinin azad olması demokratiyamızın nailiyyətlərindən biridir. Bu gün Gürcüstanda hakim çoxluq və hökumətin buna açıq şəkildə qarşı çıxması cəmiyyətimizin demokratik həyat tərzinə ziddir. Onların baxışı reallaşarsa (xarici agentlər haqqında qanun layihəsi qəbul edilərsə), Gürcüstanda hökumətin nəzarətində olmayan təşkilatlar artıq fəaliyyət göstərməyəcək. Məhz bundan sonra Rustavelinin mərkəzində, Gürcüstan parlamentinin qarşısında etiraz aksiyaları başladı. İlk günlərdən Gürcüstanın ali təhsil müəssisələrinin tələbələri də bu aksiyalara qoşuldular, gənclər nümayişlərin əsas qüvvəsini təşkil etdilər.

Nümayişçilər ölkə parlamentindən xarici agentlərlə bağlı qanun layihələrinin dərhal geri götürülməsini tələb edirdilər. Üç günlük nümayişdən sonra hakim “Gürcü arzusu” partiyası qeyd-şərtsiz sözügedən qanun layihəsini geri götürdükləri barədə bəyanat verdi.

– Sizcə, bu proseslərdə Qərbin əli varmı?

– Xeyr, Qərbin etirazlarla heç bir əlaqəsi yoxdur. Hakim “Gürcü Arzusu” partiyasına qarşı etiraz aksiyası öz-özünə baş verib.

Qeyd edək ki, Qərb ölkələri və ABŞ dərhal bu qanun layihəsinin qəbuluna qarşı çıxıb və bildiriblər ki, həmin qanun insan hüquqlarını pozur və demokratik proseslərə uyğun gəlmir. Qərb bəyan edib ki, bu qanunun qəbulu ilə Gürcüstan Avropa İttifaqına namizəd üzv statusu almaq yolunda gedə bilməyəcək.

 

 

– Bəs medianın qalmaqallı qanun layihəsinə münasibəti necədir?

– KİV və QHT-lərin qanun layihəsinə münasibəti yekdil və mənfidir. Onlar iddia edirlər ki, bu, vaxtilə Rusiya Federasiyasında qəbul edilmiş “Rusiya tipli qanun”dur. Gürcüstanda media və QHT-lər belə bir qanunun qəbuluna imkan verməyəcəklərini və sona qədər mübarizə aparacaqlarını bildirirlər.

– Bu gün etirazların başa çatması barədə xəbərlər yayıldı. Lakin bəzi ekspertlər hökumət əleyhinə nümayişlərin davam edəcəyini deyir. Siz necə düşünürsünüz, etirazlar davam edəcəkmi?

Bəli, əgər Gürcüstan hökuməti və parlamenti ölkənin hazırda Qərbə və ABŞ-a yönəlmiş hazırkı siyasi kursunu dəyişməyə cəhd etsə, etirazlar və aksiyalar davam edəcək. Nümayişçilər açıq şəkildə bəyan etdilər ki, onlar referendumda Gürcüstan əhalisinin əksəriyyətinin seçdiyi bu kursun dəyişməsinə heç vaxt icazə verməyəcəklər. Onlar öz çıxışlarında qeyd etdikləri kimi, Gürcüstan heç vaxt “kiçik Rusiya”ya çevrilməyəcək. Əksinə, bu gün Gürcüstan əhalisi Avropa İttifaqı və NATO-ya daxil olmaq yolunu seçir.

– Aksiyalar zaman hökumətin istefası və parlament seçkilərinin keçirilməsi tələbləri də irəli sürüldü. Bəzi iddialar var ki, aksiyalar əslində hökumətin devrilməsinə hesablanıb. İndiki durumda hakimiyyət dəyişikliyi mümkündürmü?

– İndiyə qədər bu barədə danışılmayıb, lakin bunu da istisna etmək olmaz. Hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək. Əgər Gürcüstan hökuməti və parlamenti ölkənin qərbyönümlü kursunu dəyişməyə yönəlmiş fəaliyyətlərini davam etdirsələr, o zaman yenidən etirazlar başlayacaq və ola bilsin ki, hakimiyyət dəyişikliyi məsələsi gündəmə gələcək.

Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Sənəddə xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. 76 deputat qanun layihəsinin lehinə, 13 deputat isə əleyhinə səs verib.  Layihənin birinci oxunuşda qəbul edilməsindən sonra Tbilisidə parlament binası önündə genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiya zamanı polis etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazlardan istifadə edib. Gürcüstan parlamenti qarşısında keçirilən aksiya zamanı 100-dən çox şəxs saxlanılıb.

İki gün davam edən aksiyalardan sonra hakim “Gürcü arzusu” partiyası qanun layihəsini geri götürəcəyini açıqlayıb. Parlamentin bu gün keçirilən iclasında qanun layihəsi ikinci oxunuşda rədd edilib. 


Share: