Tacir atanın rəssam oğlu və ya 25 il sürgündə keçən həyat – Ələkbər Rzaquliyev

Həyatın insana nə gətirəcəyini əvvəldən bilmək olmur. Bir insana “yaşama” demək, bunu ona hökm eləmək mümkündürmü?! Əsla.

İstedadı basdırmaq da ən az onun qədər imkansızdır. Şairə “yazma”ğı, rəssama “çəkmə”yi qadağan eləmək onu nəfəssiz buraxmaqdır. Ələkbərin taleyinə də bu yazılır. Hələ uşaqkən babası onun haqqında axunda danışanda, axund insan şəkli çəkməyin dində qadağan olduğunu əsas gətirib balaca Ələkbəri fikrindən daşındırmağı tövsiyə edir. Axundun sözünə qulaq asan olmur, sənədlərini Bakı İncəsənət Məktəbinə verirlər. 1922-ci ildə kolleci bitirən Ələkbər 1925-1928-ci illərdə də Moskva Rəssamlıq Universitetində təhsil alır. İrəlidə onu gözləyən qara günlərdən xəbərsiz Kommunist partiyasına üzv olur.

Azərbaycanda yarandığı gündən Kommunist partiyasını dəstəklədiyi halda, pan-Türkist fikirlərin yayılması maddəsi ilə həbs edilən İbrahimlə dostluğundan nəsibini alır. O da tutulur və altı il müddətinə Arxangelskə sürgün edilir. Həbsdə olanda ailəsi onu evləndirir. Bir qızı dünyaya gəlir. Azadlığa çıxıb Bakıya qayıdandan sonra bolşevik rəhbərlərindən biri olan Ruhulla Axundovla qarşılaşır, bu təsadüf Ruhulla Axundovu qəzəbləndirir və o yenidən həbsə göndərilir. Bu vaxt qızı Adilə altı aylıq körpəydi. Onlar bir də on il sonra, 1947-ci ildə görüşürlər. Bakıda yaşamağa icazə verilmədiyindən Şəkidə məskunlaşan rəssam ipək fabriki üçün eskizlər hazırlamağa başlayır. 1949-cu ildə ikinci qızı Sevil anadan olandan sonra yenidən həbs olunur. Sürgündəki çətin günlər onu orada tanış olduğu alman qızı Berta ilə evlənməyə sövq edir. Qızı Aida: “Ailədə ancaq mən atamın ikinci dəfə evləndiyini bilirdim. O, acından və soyuqdan ölməmək üçün yenidən evlənmək məcburiyyətində qalmışdı və mənə məktub yazıb onu bağışlamağımı xahiş edirdi”. Rzaquliyev və Bertanın bu evlilikdən Oqtay və Aydın adlı iki oğlu, Sevil adlı qızları dünyaya gəlir. Nəhayət, 1956-cı ildə Stalin repressiyaları bitir, əfv olunub, sürgündən azad edilir. Berta və onun ailəsinə isə Bakıya gəlməyə icazə 1960-cı ildə verilir. 25 illik sürgün Rzaquliyevin səhhətində ciddi problemlər yaratmışdı. Buna baxmayaraq o inadla işləməyə başlayır. Maraqlıdır ki, Bakıya qayıdandan sonra çəkdiyi əsərlərin  hamısı ağ-qara rəngində olur. Görünür yaşadıqları onu sarsıtmışdı. Vəfatından bir az əvvəl məşhurlaşan rəssam 1963-cü ildə ilk sərgisini açır. 1964-cü ildə Əməkdar İncəsənət Xadimi adına layıq görülür. əsərləri məşhur muzeylərin divarlarını bəzəyir. Basdırılmağa çalışılan istedad gec də olsa özünü göstərir. O, 1974-cü ildə dünyasını dəyişir.

Taleyi də çəkdiyi əsərlər kimi ağ qara rəngində olan əməkdar rəssamın xatirəsini Xalq Bank özünün “Xalq Əmanəti” layihəsində yad edir. Sözün həqiqi mənasında xalqın mədəni irsinə sahib çıxan bu layihə özünün on yeddinci nəşrini məhz ona, ömrünün 25 ilini sürgündə keçirən, Azərbaycan milli qrafika sənətinin sütunlarından biri olan Ələkbər Ələsgər oğlu Rzaquliyevin(1903-1974) həyat və yaradıcılığına həsr edib.

“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə – Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, eləcə də şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunub, bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı və üçcildlik “Aşıq ədəbiyyatı antologiyası” işıq üzü görüb. 

Belə. Əməkdar rəssam Ələkbər Rzaquliyevin sərgisi Xalq Bankın əsas binasında sizin yolunuzu gözləyir. Buyurub ziyarət edə bilərsiniz.

Nigar İSFƏNDİYAR

(Azadinform.az)

Share: