Özünü qəzetçilikdə peşəkar hesab edən bəzi jurnalist soydaşlarımız Azərbaycanda qəzetlərin nüfuzdan düşməsindən təəssüflənərək peşəkar jurnalistləri həmrəyliyə səsləyirlər, amma bunun səbəblərini peşəkarcasına izah etməkdən yayınırlar.
Qəzetlərin oxucu kütləsini itirməsi bir neçə ciddi sosial, iqtisadi və texnoloji amillərlə bağlıdır. Bu proses birdən-birə baş verməyib və qlobal tendensiyaların yerli reallıqlarla birləşməsinin nəticəsidir. Qəzetlərin nüfuzunu itirməsinin əsas səbəblərindən biri çap mediası xəbəri növbəti gün çatdırdığı halda, onlayn media, sosial şəbəkələr və xəbər saytları hadisəni anında təqdim etməsidir. Artıq insanlar xəbərləri pullu qəzetlərdən oxumaqdansa, mobil telefonları vasitəsilə tamamilə pulsuz və sürətli şəkildə əldə etməyə üstünlük verirlər. Qəzetlərin əksəriyyətində rəsmi dövlət xəbərlərinin, press-relizlərin və eyni məzmunlu məlumatların üstünlük təşkil etməsi oxucunu yorub. Araşdırma yazılarının, tənqidi analitikaların və müstəqil reportajların azlığı qəzetlərə olan ictimai etimadı azaldıb. Çox vaxt fərqli adlar daşıyan qəzetlərin birinci səhifələrində tamamilə eyni manşet xəbərləri yer alır. Bu da rəqabəti və oxucu marağını öldürür. Fərdi abunə mədəniyyəti demək olar ki, tarixə qovuşub. Bu gün çap olunan qəzetlərin əksəriyəti dövlət müəssisələrinin məcburi abunəsi hesabına mövcudluğunu qoruyur, bu isə real oxucu sayını əks etdirmir. Komersiya şirkətləri artıq reklam büdcələrini qəzetlərə deyil, daha böyük auditoriyaya çatan sosial şəbəkələrə və populyar xəbər saytlarına yönəldirlər. Reklam gəlirləri olmayan qəzetlər keyfiyyətli kadrları- peşəkar jurnalistləri, redaktorları saxlaya bilmir. Bu da birbaşa qəzetin intellektual səviyyəsinin və məzmun keyfiyyətinin düşməsinə səbəb olur. Gənc nəsil uzun mətnləri qəzet vərəqindən oxumaq istəmir. Onlar qısa, vizual, video formatlı və multimedia elementləri ilə zənginləşdirilmiş kontentə üstünlük verirlər. Nəticə etibarilə, Azərbaycanda ənənəvi qəzetlər müasir dövrün tələblərinə uyğunlaşa bilmədiyi və oxucunun informasiya ehtiyaclarını qarşılamadığı üçün öz keçmiş nüfuzunu və statusunu çoxdan itirib. Odur ki, bəzi “köhnə qvardiyaçıların” düşündüyü kimi, səbəbləri zamanədə yox, elə peşəkar jurnalistlərin özündə axtarmaq lazımdır. Çünki Azərbaycandan fərqli olaraq dünyanın hər yerində qəzet bu gün də yaşamaqdadır. Məsələn, ABŞ-da şahidi olmuşam ki, qəzetləri orta və ziyalı təbəqə hələ də oxuyur. Təsəvvür edin ki, “The New York Times” qəzetinin hazırda 13,5 milyon abunəçisi və milyonlarla pərakəndə alıcısı var. Bilirsinizmi, Azərbaycanda qəzetlər niyə tarixə qovuşur? Ona görə ki, burada əlahəzrət qəzet öz nüfuzunu itirərək, sadəcə kağız parçasına çevrilib. Necə deyərlər, onu bu günə elə qəzetçilərin özləri salıb. Sovetin “Kommunist” qəzeti indiki hər hansı bir mənəm-mənəm deyən qəzet və saytdan daha çox oxucu etibarı qazanmışdı. Məsələ orasındadır ki, saytlarımız da heç yönlü çalışa bilmir. Hansısa xəbərin adını dəyişməklə bütün xəbər portalları bir-birilərini təkrarlayır. Vəziyyət o yerə gəlib çatıb ki, bu sahəyə nəzarət edən dövlət qurumu saytların hər birindən gün ərzində heç olmazsa iyirmi fərqli yazı tələb edir. Necə deyərlər, bundan da Fatıya tuman olmaz…
Elman Eldaroğlu




















