Slavyan gözəlinin diktaturası… – Bahəddin Həzi

 

(esse)

Daha əvvəl bir essemdə yazmışdım:
“O qədər gözəl qızlar var ki, xoşbəxt deyil, o qədər xoşbəxt qızlar var ki, gözəl deyil”.

İvan Buninin “Zərif nəfəs”indəki Olya Meşşerskayadan danışacam… Bu talesiz slavyan gözəlinin obrazını unuda bilmirəm. Xeyli müddətdir, hekayənin təsiri altındayam. Olya yaşından qabaq – vədəsi çatmamışdan əvvəl… qadın olmaq istəyirdi. Ya da özünü qızcığaz kimi hiss etməkdən bezmişdi deyək. Ancaq bu, onun ölümcül səhvi idi. Çünki Olya qadın olmaq üçün hələ yetişməmişdi.

Bəlkə İvan Bunin bu hekayəsində slavyan tələskənliyinin bir mübhəm kodunu açır; ova gedərkən ovlananların faciəli təfəkkür tərzini, davranış modunu incələyir. Bax, elə günün bu günündə Don çöllərində aqressiv slavyan səbirsizliyinin ova gedərkən ovlandığını görürük.

…Şübhəsiz ki, qadın öz ruhunun və bədəninin gözəlliyindən sevdiyinə pay verdikcə, ruhunun və bədəninin gözəlliyi daha da artır; qarşılıqlı sevgi və düzənli intim həyat yaşayan qadın gözündəki işıqdan, parlaq üz dərisindən bilinir. Bir yeniyetmə qızın da öz qadınlığına tələsməsi bəlkə bu pəncərədən baxana təbii refleks kimi görünə bilir. Amma qadın bəxtəvərliyinin də axı öz vaxtı, məqamı var. Bəxtsizliyə də ki Zamanın qapısı-bacası hər zaman açıqdır, elə deyilmi?! Bir az əvvəldə dediyim o qaçılmaz son – ova gedərkən ovlanmaq ən acı-ağrıdıcı bəxtsizlik olsa gərək!

Olya – tipik, qənirsiz slavyan qızcığaz özünü artıq ovçu bilirdi, ancaq özü də bilmirdi ki, əksinə, elə özü ovdur.

Məşhur Oskar Uayld qadın gözəlliyini hökmdar sayırdı və bəlkə haqlıydı da. Bəs hökmdar məgər hər şeyə hökm edə biləndirmi?! İqtidarın iqtidarı da axır bir nöqtədə iqtidarsız qalır, atam-qardaşım!

Hökmdar bir zaman, bir yerdə və bir yerə qədər özünü hökmdar saya bilər. Çünki bütün zamanlarda bütün hökmdarlardan böyük olan Allah var.

…Hökmdar da hər gün qorxu ilə yatır, nifrətlə oyanır, doğrudurmu?! Daim ən yaxınlarından belə şübhə etmək zorundadır. Ən doğmalarından ölümcül sürpriz gözləyən adam hər gün ölüb-dirilir və hər dəfə diriləndə daha çox… ölür.

Bəli, diktator – diktator olmağa qərar verdiyi gün öz ölüm hökmünü özü imzalayıb artıq.

Taleyin ironiyası, yaxud faciəvi gerçək! Yer üzündə bir yerdə milyonlara hökmün varsa, deməli, artıq… bir hökmün var sənin! Özün haqqında hökmün. Həm də öz əlinlə yazdığın!

Doğrusu, bu haqda çox düşünmüşəm və çox qüssəli, daha doğrusu, dəhşətli bir nəticəyə gəlmişəm:

DİKTATURA – ƏBƏDİ VƏ ŞƏRİKSİZ HAKİMİYYƏT İLLÜZİYASINA MƏĞLUB OLMUŞ BİRİNİN ÖZ XALQI ÜZƏRİNDƏ QAZANDIĞI “PİRR QƏLƏBƏSİ”DİR.

Özününkü bilmədiyi öz xalqı üzərində!

Öz “qələbə”sindən asılıb qalmış adamın benefisi! Asılı qalmış…

Soruşuram: hökm etmək məgər həmişə xoşbəxtlikdirmi?!

Hökm edirsənsə, başqalarını xoşbəxt etməklə mükəlləfsən, ya da bədbəxt etmək zorundasan. Zirvədə olmaq səni ordan endirmək ehtirası ilə alışıb yanan başqa güclərin amansız sürətlə və ölümcül ölçüdə artması demək deyilmi?! Böyük olmaq daha asan hədəf olmaq deyilmi?! Böyük olanın səhvləri də böyükdür axı. Və faciəsi də.

Bir başqa yazımda da Nitsşenin bir fikrini iqtibas gətirmişdim (dərin fəlsəfə hər gün yaxamızdan yapışıb bizi əməllicə silkələyib ayıldır, bu dəfə məni də silkələdi). Bəli, təkrar xatırladacam. Nitsşe deyirdi: “Zənginlər kasıblara Tanrıdan başqa heç nə buraxmadı”. Deməli, özlərinə Tanrıdan başqa hər şeyi qamarlayıb götürə bilərlər. Və sonda Tanrı o qamarladıqlarının hamısını tutub alanda dünənki zəngin həmişəki yoxsuldan daha da yoxsul olur; çünki dünənki yoxsulun, heç olmasa, Tanrısı var…

Çox hallarda insan “yox”dan deyil, “çox”dan ölür; bəzən fərqinə varanda da gec olur. Başı daşa dəyəndə birdən “ayılır” ki, sən demə, “çox”dan və həm də lap çoxdan ölübmüş.

Axır ki fərqinə varır: başı dəyən və… başına dəyən hər daş da bir azca elə əhlət daşı imiş!

…Şəhərin tən ortasında oturduğum kiçik bir kafenin divarında məşhur fransız filminin baş personajı Leonun şəkli asılıb; əlində lüləsinə səsboğucu taxılmış tapança var. Tətikçi “qəhrəman”, ya da “qəhrəman” tətikçi öldürdüyü hər adamla birlikdə bir az da ölür. Və sonda tamam ölür!

Bəli! Legitim gücün xain çıxdığı yerdə səhnəyə muzdlu tətikçi çıxmışdı. Həm də… qəhrəman kimi! Və yəqin ki, onun yaşamaq üçün səbəbi bu imiş! Öldürərək yaşamaq. Yarımçıq qoyduğu ömürlərin üstündən adlayıb uzun ömür sürmək illüziyası idimi bu yoxsa?!

Şəksiz-şübhəsiz!

Silaha sarılıb yaşayan adama həyat deyil, ölüm hər gün daha çox sarıldı. Ətrafını sardı. Əlindəki silah axıradək onun əlindən tuta bilməzdi ki! Hər zaman və hər kəsdən qoruya bilməzdi axı! O silah Leonun həm gücünün rəmzi, həm də gücsüzlüyünün rəsmi idi… Adının mənası aslan demək olsa belə…

Aslanın da təbiətdəki şahlığının bir dirənən yeri varmış!

Əlindəki o silah Leonu qanunun şah olduğu məkandan hər gün daha da uzaqlaşdırırdı. Qaçılmaz təbii sona, kədərli məntiqi sonluğa yaxınlaşdırırdı. Leon bunu bilə-bilə yaşayırdı, yaşaya-yaşaya ölürdü.

Hərənin yaşamaq üçün min səbəbi, fəqət ölmək üçün bir bəhanəsi var. Bəlkə elə hərə öz əcəlini, qatilini öz içində gəzdirir. Kim bilir?!

Buninin Olyasını isə öz bənzərsiz şarmının, qənirsiz estetikasının təkəbbürü öldürdü.

Dedim axı: bəzən insanın gücü onun hansısa nöqtədə ən ölümcül gücsüzlüyüdür. Göz qamaşdıran eleqansı erkən qadınlığın özgüvənini yaşayan slavyan qızcığazı o qəzəbli kazak zabitin gülləsindən qoruya bilməmişdi. Özünü tanıyandan bəri qısa həyatı boyunca Olyaya elə gəlirdi ki, Tanrının verdiyi bu gözəllik onun ən kəsərli silahıdır; qarşısında hər kəs, hər güc acizdir. Ancaq ölümünə anlamış olmalı ki, hər güc bir gün bir nöqtədə gücsüz qalır. Hərədə bir nöqtədə! Gözəllik bəlkə də, Dostoyevskinin dediyi kimi, dünyanı xilas edəcək. Ancaq Olyanın simasında (və simasındakı) gözəllik onun özünü ki xilas etmək iqtidarında deyildi!

…Çox insan təbiətin füsunkarlığından zövq alır. Ancaq onların arasında təbiətin qatilləri də var. Meşələri qırıb odun-oduncaq, taxta-şalban kimi satan iş adamı da nə vaxtsa bu yaşıl cənnətin ecazkarlığına heyran olmuşdu. Bəlkə baltasının tiyəsini hər gün itiləyirdi, amma ruhunun bəsirəti hər gün korşaldı. Yaşamaq üçün daha çox qazanmaq, qazanmaq üçün daha çox yaşamaq – budur onun həyat düsturu! Fərqində deyil ki, durmadan artan məişət ehtiyacları, yüksələn xəttlə irəliləyən yaşam standartları onu daha çox ağacı kəsməyə məcbur qoyur; zövq aldığının canını almağa sövq edir. Axı ağacın da ruhu var!

Beləcə, təbiətə endirdiyi hər zərbə əvvəlcə elə özünə dəyir. Aldığı hər can öz canından qoparıb aldığı bir can parçadır. Varlı olmaq onu daha çox varlanmağa, güclü olmaq daha çox güclənməyə məhkum buraxıb; öz nəfsinin qəfəsində öz gücünün məhbusudur. Və ən acısı: sanki istəsə də dayana bilməz; həyat onun üçün aramsız fırlanan “amansız” velosiped təkəridir; velosiped dayansa, yıxılacağından qorxur. Amma, bax! İş insanı idi. İş qalır, insan əldən gedir; varlandıqca, insanlıqdan yoxsunlaşır. Ədədi silsilə ilə topladığı güc onu həndəsi silsilə ilə zəiflədir. Sonu isə faciəli son! Öz gücünə məğlub olmuş slavyan gözəlinin sonu kimi…

…Rejissor adətən filmi maraqlı etmək üçün axırda əsas qəhrəmanı “öldürür”. Bu qəhrəman mənfidir və ya müsbət -fərq etməz. Bizim də həyat hekayələrimizin Rejissoru var; biz də hər birimiz bir filmin qəhrəmanıyıq. Mənfi, ya müsbət. Ya da həm mənfi, həm müsbət!

Kiminin filmi tammetrajlıdır, kimininki qısametrajlı. Kimininki rəngli, kimininki ağ-qara. Kimininki dram, faciə, kimininki komediya. Ya da ən pisi: tragikomediya…

Sən sən ol, öz Rejissorundan daha böyük olduğunu zənn etmə. Şükranlıq duyğusu ömrün cövhəridir; təşəkkür uzun yaşadır, təkəbbür isə… erkən öldürür. Sən öz filminin qəhrəmanı ola bilərsən. Ancaq bir gerçək var: kim olursan-ol, axırda öz Rejissoruna qayıdacaqsan…

(Bizimyol.info)

Bahəddin Həzi

2023

Share: