Tural BALABƏYLİNİN yeni şeirləri
Məndən olsaydı…
Məndən olsaydı,
səndən çoxdan ayrılardım.
Nə dünəni yığışdırardım,
nə sabahı gözləyərdim.
Elə günü bu gün…
Çünki gecikən ayrılıqlar
sevgini yox,
adamı öldürür.
Sən elə bilirdin
insan hər dəfə bağışlayanda
bir az da çox sevirmiş.
Yox.
İnsan hər dəfə bağışlayanda
bir az da uzaqlaşır.
Bir gün baxırsan,
yanındadır,
amma çoxdan gedib
həm ndə yazıqlaşır.
Məndən olsaydı,
adını son dəfə pıçıldayıb
sükutumu götürərdim.
Çünki bəzi insanlar üçün
ən ağır cəza
tərk edilmək deyil…
Bir daha heç vaxt
xatırlanmamaqdır.
*****
Şuşa,
sən dağların alnına çəkilmiş
bir zəfər nişanısan.
Dumanların içindən boylanan qalaların
qədim bir dastana bənzəyir,
hər daşı bir əsr danışır,
hər küçəsi bir xatirənin nəfəsi kimi
ürəyə toxunur.
Küləklər sənin adını
Qarabağın sinəsindən keçirib gətirir,
sanki ana laylası kimi,
sanki unudulmayan bir nəğmə kimi.
Bir zaman Qarabağ xanlığının
qürur tacı idin sən.
Pənahəli xanın qurduğu yurdun
ürək döyüntüsü,
tarixin daş kitabı idin.
Şuşa, dağlar oylağı,
Tariximin qaynağı.
Qaya-qaya ucalan,
Qarabağın bayrağı.
Sənin küçələrində
Molla Pənah Vaqifin sözü gəzir hələ də.
Misraları bulaq suyu kimi
daşlardan süzülür.
Natavanın xeyirxah əlləri
yenə şəhərin başını sığallayır,
onun qəlbi
yağışdan sonra açılan göy qurşağı kimi
insanlara ümid olur.
Üzeyir Hacıbəyovun notları
sənin səmasında qanad açır,
muğamın səsi
qartal kimi zirvələrdən süzülüb
vadilərə enir.
Xan əminin nəfəsində,
xanəndələrin avazında,
tarın tellərində,
kamançanın kövrək səsində
Şuşa yenidən doğulur.
Muğam qalxar dağlara,
Səs salar oylaqlara.
Şuşanın hər daşında,
Bir nəğmə var çağlara.
İsa Bulağı…
Sərinliyi ilə
yorğun ruhlara məlhəm olan bir dua kimi.
Xarı Bülbül…
Torpağın sinəsində bitən
bir sevda möhürü kimi.
Elə bil Qarabağın ürəyi
çiçəyə dönüb,
elə bil vətən öz adını
ləçəklərlə yazıb.
Sonra qara günlər gəldi.
Şəhidlər…
Adları ulduz kimi
gecələrimizin üstünə düzüldü.
Onlar torpağa düşən toxumlar kimi
ölümü deyil,
əbədiyyəti cücərtdilər.
Ana göz yaşları
çaylara qarışdı,
ata duaları
göylərə yüksəldi.
Və 44 günlük müharibə başladı.
Dəmir yumruq
ildırım kimi endi düşmənin üstünə.
Əsgərlər
dağ cığırları ilə qalxarkən
sanki qayalar yeriyirdi,
sanki vətənin özü silaha sarılmışdı.
Hər addımda bir şəhid,
hər yüksəklikdə bir qəhrəman,
hər zəfərdə bir xalq dayanmışdı.
İlham Əliyevin
qətiyyətli səsi
millətin iradəsinə çevrildi.
Və o tarixi xəbər gəldi —
“Əziz Şuşa, sən azadsan!”
O an
dağlar danışdı,
qayalar sevindi,
bulaqlar nəğmə oxudu.
Şuşa azad, dağ azad,
Qalxıb uca bayraqlar.
Şəhid qanı ilə yazdıq,
Zəfər adlı dastanlar.
Bu gün Şuşa
yenidən Azərbaycanın ürəyində döyünür.
Muğam yenə səslənir,
Xarı Bülbül yenə açır,
İsa Bulağı yenə çağlayır.
Vaqifin sözü,
Natavanın nəfəsi,
Üzeyirin musiqisi
yenə bu şəhərin küçələrində gəzir.
Şuşa,
sən təkcə bir şəhər deyilsən.
Sən daşdan yonulmuş qürursan,
sən şəhidlərin əmanətisən,
sən Azərbaycanın
səmaya qaldırılmış alnısan.
Səlim Babullaoğluna
Şair,
Siz sözləri yazmırsınız.
Onları
bir dildən o biri dilə,
bir ömürdən o biri ömrə
köçürürsünüz.
Bəlkə də buna görə
tərcümə
ədəbiyyatın ən səssiz vətənidir.
Borxesin labirintində
itən adam
bəlkə də Homerin
evə qayıda bilməyən qəhrəmanıdır.
Kafka hələ də
bir səhər oyanır.
Kamyu
daşını yenə dağa qaldırır.
Rilke
mələklərlə danışmağın
insan üçün nə qədər ağır peşə olduğunu
bizdən yaxşı bilir.
Siz isə
bir misranın içində
bütün bu adları
heç kimin ayağına dolaşdırmadan
keçirə bilirsiniz.
Şeir bəzən
əlifbanın bacarmadığını edir.
Siz əlifbasız da
Sözləri mətnə
Köçürə bilirsiniz
Söz
öz dilində doğulur,
başqa dildə isə
ikinci dəfə nəfəs alır.
Bu, tərcümə deyil.
Bu,
mətnin yenidən dünyaya gəlməsidir.
Düşünürəm,
hər şair
bir az filoloq,
bir az səyyah,
bir az da arxeoloqdur.
Çünki hər misra
zamanın altında qalmış
qədim bir qabın
ilk dəfə gün işığı görməsi kimidir.
Sizin şeirlərinizdə
sükut da danışır.
Orada
pauzaların da sintaksisi,
susmağın da qrammatikası var.
Bəlkə də
ədəbiyyatın son məqsədi
həqiqəti demək deyil.
Onun məqsədi
həqiqətin qarşısında
insanı səssiz saxlaya bilməkdir.
Bu gün
Sizə təşəkkür edirəm;
Yazdıqlarınıza görə yox.
Sözün
hələ də
insanı xilas edə biləcəyinə
inanmağa davam etdiyinizə görə.
Sənsizliyin səsi…
Saatın əqrəbləri yox,
divardan asılan o sükut irəliləyir indi.
Biz eyni qatarda fərqli pəncərələrdən baxırdıq,
mən yağışı görürdüm, sən yoldakı tozu…
O qatarın dayandığı vağzalda
heç kim perrona düşmədi
baxışlarımız bir daha görüşmədi…
Biz bir-birimizin yanından yox,
ömründən keçdik,
iz buraxmadan.
Sadəcə baxışlarımızla toxunaraq
gerçək həyatdan xatirələrə köçdük..
Biləsən nə nifrət var içimdə, nə də o köhnə sızıltı.
Sadəcə bir otaq dolusu boşluq qaldı bizdən,
bir də bir küncdə unudulmuş,
payızı yarımçıq qalmış şəkillər,
şəkillərdə zəif ümüd, işıltı
bizə xəbərlər verirdi özümüzdən.
.
İndi hər şey öz rənginə qayıdır:
göy üzü yenə boz,
küçələr yenə yad,
mənim yaddaşımda yağış
sənin nbaxışlarında toz
Addımlarım yenə təkcə mənimdir
səni özü ilə apara bilmir
belədir sənsiz, yeknəsək həyat…
Bu bir ayrılıq deyil əslində,
sadəcə, iki ayrı hekayənin
birləşə bilməyən nöqtəsidir.
Yaxşı ki gəldin,
və… yaxşı ki
qəfil yağan yağış kimi bitdin
bu şeir sənsizliyin səsidir.




















