Şair Əkbər Qoşalının “ÇOBANBAYATI” SEVDASI – Əlirza HƏSRƏT yazdı

Şair qardaşım Əkbər Qoşalının “Ədəbiyyat qəzeti”ndən oxuduğum “Çobanbayatı” dastan-poeması Dədə Qorqud avazında yazılmış, klassik gələnəklərlə cilalanmış möhtəşəm bir əsərdir.

Süjet xətti olduqca rəngarəng notlar üstündə köklənmiş bu poemanı oxuduqca, incə-incə düzülmüş sözlərin ahəngi, obrazlı fikirlərin ecazı, misraların yaz çiçəkləri kimi yaraşığı adamı riqqətə gətirir, könlünü yerindən oynadır. Bu əsəri mənzum roman kimi də, sehrli hekayə kimi də, obrazlarla zəngin bir bədii film kimi də təqdim etmək olar…
“Çobanbayatı” çobanın təbiətlə möhürlənmiş həyatıdır deyir
müəllif…
“Dedim, pəki, qızındımı yamacda çiçək yığan?
Dedi, qızımdır, əmisi, çobanyastığı yığar.
Dedim, boğazım quruyub,
Tez səslədi övladını,
Dedi, götür kuzəni, en bizim Çobanbulağa”…

Və ya:
“Dedim, urfan çobanısan – görürəm,
Ona görə də adam kimi danışırdı tütəyin”...

Yaxud da:
Çobankənd, Çoban talası, Çobanyastığı, Çobanbayatı klmələri müəllifi heyrətləndirdiyi kimi, əsərdə o heyrət oxucuya ötürülür…
Şair Sevərək, sevinərək, heyrətlənərək, havalanaraq deyir, hər yerə adınızı qoymusunuz. Əhsən sənə irfan çobanı! Alqış sizin varlığınıza!
Bu adları xana-xana, yana-yana, heyran-heyran sadalandıqca, “Çobanbayatı”nın həzin, həzinliyi qədər kövrək, kövrəkliyi qədər də sevdalı, sevdalılığı qədər qərib fəlsəfi melodiyası adamı çəkib aparır uzaqlara, zirvəsi dumanlı dağların döşündə otlayıb-oynaşan qoyun-quzuların yanına, təbiətin qoynuna… Adamı heyrətləndirir, kövrəldir, misra-misra, sətir-sətir xumarlandırır “Çobanbayatı”nın xariqələr yaradan, əvəzolunmaz həsrət dolu melodiyası…
Şair deyir,
“Cana hopur yaylağın-yamacın yovşan ətri,
Biz bəsləyən heyvanların əti, südü, qatığı,
Bulaması, dələməsi, süzməsi, şor-pendiri,
Damaqlarda dad olur- hər biri bir aləmdir”…

Böyük Şəhriyar işığından, Şəhriyar heyrətindən, Şəhriyar dilindən, avazından su içib qanadlanan bu poetik obrazlarda sevgi dolu nə istəsən taparsan. – Təbiət sevgisi, ağız dadı, ruzi-bərəkət halallığı taparsan bu poemada. Bal kimi şipşirin duyğularla zəngin, möcüzə dolu məhəbbətlə ərsəyə gəlmiş bu əsər “Çobanbayatı” avazında qanadlandırır divanə ruhları, təlatümə gətirir sevdalı könülləri…
Sözə bax e:
“Çadırında saz da vardı, tütək də,
Əlyerində xəncəri, divarında tüfəng də”…
Və ya:
“Eyni yerdən gələr, başqadı adı,
Başqadı səs dadı, başqa söz dadı.
Səslərin gözəli qara sazdadı,
“Kərəmi” çağırar, “Dilqəmi” səslər”…

Şair çobanın süfrəsini gör nə gözəl tərənnüm edir. – Obrazlar adamı elə iştaha gətirir ki:
“Mal-heyvan örüşə yollanan vaxtdı, Günəş qalın ağacların arasındaydı. Hələ istiliyi çox uzaqdaydı,
Amma isti samovar, isti çay hazır idi.
Pendir, yağ, südlə qaymaq,
isti xamlalı və bal varıydı süfrədə.
Könül vardı, inam vardı, iman vardı süfrədə”…

Bax budur Dədə Qorqud ideyası, budur Türkçülüyün əbədi yaşarlığı!..
Çoban deyir,
“Biz də su kimiyik,
Hara getsək, oralara uyğunlaşar, orda həyat qurarıq”.

Müəllif də heyranlıqla deyir ki:
həyat kimi adamdır,
adam kimi həyatdır…

Sevgi dolu ürəyin qanıyla yazılmış əsərmi deyim, dastan-poemamı deyim, mənzum romanmı deyim, nə ad verim? – bilmirəm…
Kuliminasıya nöqtəsinə bax hələ! –
“Ay dolandı, illər keçdi, qızım kamala doldu,
Tələbəydi, dedi, ata, Kəlbəcərə gedəcəm.
Orda “Elat bayramı”var, qardaş ellər gələcək.
Biz də orda “könüllüyük” gərək iznin ola.

O torpaqlar uzun illər işğal altda qalmışdı,
Azad olduğu ilk gündən dirilirdi,
qurulurdu – bilirdim;
İndi orda bayram varsa, mən qızıma nə deyim? –
Duyğuluydum, çox danışsam, ağlardım,
Bircə kəlmə “Get” söylədim –
təki günü ağ olsun”…

Kəlbəcərdən üç gün sonra qayıdan tələbə qızın ovqatının bir başqa cür dəyişməsi, anasıyla pıçıldaşıb, uzun-uzun danışması qəhrəmanımızı şübhələndirmişdi. – Poemanı oxuyanlar bilir nəyi nəzərdə tutduğumu – Bəlli olur ki, qəhrəmanın artıq qazi olan adaşı – Çobanın oğlu,
“Doğma yurdda anasının adaşına vurulmuşdur”…

“Çobanbayatı” dastan-poemanın belə gözəl həyacanlı, heyrətamiz, ibrətamiz sonluqla bitməsi, oxucunu da heyrətləndirir, həyacanlandırır. Budur Əkbər Qoşalı qələminin qüdrəti, budur klassikayla çağdaşlığın vəhdədi.
Bu sevdalı gənclərin ömür yollarının Kəlbəcərdən doğan Günəşin parlaq şəfəqlərinə boyandığını görməyimiz, illərlə işğalda olan torpaqlarımızın ağrı-acısını bizə unutdurmasa da, bir təsəlludir. Əkbər Qoşalının “Çobanbayatı”sının ahəngi adamı inam dolu, işıq dolu gələcəyə məhəbbətlə, sevgiylə yaşamağa səsləyir.

Son zamanlar oxuduğum ən gözəl nəzm əsərlərindən olan şair dostum Əkbər Qoşalının “Çobanbayatı” dastan-poeması bütün şeir sevənlərin ürəyincə olacaq…

Sevgilərlə,
Əlirza HƏSRƏT

Share: