Sadıq və Süleyman Rəhimovlar rəhbərlikdən necə uzaqlaşdırıldı? – Cəmil HƏSƏNLİ yazdı

Sadıq və Süleyman Rəhimovlar rəhbərlikdən necə uzaqlaşdırıldı? – Cəmil HƏSƏNLİ yazdı

Mirzə İbrahimovdan təxminən altı ay sonra Azərbaycan SSR Nazirlər Sovetinin sədri Sadıq Rəhimov da Moskvanın “tövsiyəsi” ilə vəzifəsindən getməli oldu. Əgər Mirzə İbrahimov millətçiliyin qızışdırılmasında təqsirli bilinirdisə, Sadıq Rəhimov yerliçilik üstündə hökumət başçılığından uzaqlaşdırıldı.

Yerliçilik ifadəsinin əhatə dairəsi həmin vaxtlar indiki anlamdan fərqli idi. 1957-ci ildə ittifaq orqanlarının tövsiyəsi ilə Azərbaycan qazının Gürcüstan və Ermənistana nəql edilməsi məsələsi müzakirəyə çıxarılanda Sadıq Rəhimov Azərbaycan KP MK bürosunda çıxış edərək bunun yolverilməz olduğunu əsaslandırmışdı.
O, qeyd etmişdi ki, bizim rayonlarda qaz çatışmadığı halda, biz Azərbaycana məxsus qazı gürcülərə və ermənilərə verə bilmərik. Bu məsələ ilə bağlı mübahisələr SSRİ Nazirlər Sovetinə qədər gedib çıxmışdı. Neft məhsullarına gəldikdə isə Sadıq Rəhimov ilk növ¬bədə Azərbaycanın öz ehtiyaclarının ödənilməsi və artıq qalan məhsulların qonşu respublikalara verilməsinə tərəfdar idi. Bu isə ona gətirib çıxarmışdı ki, 1958-ci ildə Ermənistan nəzərdə tutulduğundan 7,5 min ton, Gürcüstan isə 10 min ton az mazut almışdı.
Nəticədə Rustavi zavodunun iş qrafiki pozulmuşdu.
Azərbaycan hökuməti, ilk növbədə onun sədri Sadıq Rəhimov Mingəçevirdən qonşu respublikalara elektrik xəttinin çəkil¬məsinə, habelə Daşkəsən filizinin Rustaviyə daşınmasına da etiraz etmişdi. Məhz bütün bunlar həmin dövrdə Moskva tərəfindən yerliçilik kimi qiymətləndirilirdi və Sadıq Rəhimov da bu “yerliçiliyin” qurbanı olmuşdu.
Sadıq Rəhimovu Nazirlər Sovetinin sədri vəzifəsindən uzaqlaşdırmağın əsl səbəbi bu olsa da, məsələ ayrı cür sənədləşdirildi. Onun vəzifədən uzaqlaşdırılması məsələsi gündəliyə gələndə 1957-ci ilin mart-aprel aylarında Sov.İKP MK nümayəndələrinin iştirakı ilə keçirilmiş ziddiyyətli müzakirələr yada düşdü.
Sadıq Rəhimovun Ermənistan və Gürcüstana müna¬sibətdə yerliçilik nümayiş etdirməsi Sov.İKP MK-nın məsul işçilərinin yazışmalarında öz əksini tapsa da, onu işdən azad etmək üçün əsas kimi bunu götürmədilər. Azərbaycan SSR Nazirlər Sovetinin sədri Sadıq Rəhimov haqqında İmam Mustafayev tərəfindən MK bürosuna təqdim edilmiş məlumatda məsələyə daha çox yerli xarakter verilmiş və onun işdən azad edilməsi 1957-ci ilin mart-aprel aylarında MK katibliyində və bürosunda müzakirə edilən məsələlərlə əlaqələndirilmişdi.
Azərbaycan KP MK bürosunun 27 iyun 1958-ci il tarixli iclasının qərarında deyilirdi: “Yoldaş Mustafayevin Azərbaycan SSR Nazirlər Sovetinin sədri Sadıq Rəhimov haqqında məlumatını müzakirə edərək Azərbaycan KP MK bürosu qeyd edir ki, dörd ildən artıq Nazirlər Sovetinin sədri vəzifəsində olan Sadıq Rəhimov bütün vasitələrlə Nazirlər Sovetini Mərkəzi Komitəyə qarşı qoymağa, respublika xalq təsərrüfatının maliyyələşdirilməsi və plan¬laşdırılması kimi mühüm məsələlərin həllində MK-ya etinasız yanaşmağa cəhd göstərmişdir. Bütün məsələləri öz əlində cəmləşdirməyə çalışan Sadıq Rəhimov müavinlərinə, dövlət plan komitəsinin rəhbərliyinə münasibət¬də açıq etibarsızlıq nümayiş etdirmiş, respublika Xalq Təsərrüfatı Şurası tərəfindən irəli sürülən məsələlərə qeyri-obyektiv yanaşmışdır.
Azərbaycan KP MK bürosu xüsusi olaraq qeyd edir ki, Sadıq Rəhimov onun doğru olmayan hərəkətləri və ona etibar edilmiş vəzifədən sui-istifadə ilə bağlı 1957-ci il mart ayının 8-də və aprel ayının 5-də keçirilmiş MK bürosunun müzakirələrindən düzgün nəticə çıxarmayaraq büro üzvləri arasına etimadsızlıq və nifaq toxumu səpməklə öz riyakarlığını davam etdirmişdir. Azərbaycan KP MK bürosu belə hesab edir ki, Sadıq Rəhimov faktiki olaraq qrupbazlıq və intriqa yoluna qədəm qoymuş, Azərbaycan KP Bakı şəhər komitəsinin katibi, MK bürosunun üzvü Tofiq Allahverdiyevi öz tərəfinə çəkmək istəmişdir. Lakin Tofiq Allahverdiyev təxribatlara uymamış və bu barədə MK-ya məruzə etmişdir. Sadıq Rəhimov dəfələrlə MK bürosunun ayrı-ayrı üzvləri ilə və rəhbər işçilərlə təhqiramiz formada söhbətlər aparmışdır. Azərbaycan KP MK bürosu ümumdövlət əhəmiyyətli ayrı-ayrı məsələlərin həllində Sadıq Rəhimovun siyasi cəhətdən səbatsızlıq və məhdudluq göstərməsini yolverilməz hesab edir.
Şəxsi sədaqət və dostluq münasibətləri prinsiplərini rəhbər tutaraq Sadıq Rəhimov kadrların seçilməsində və yerləşdirilməsində qeyri-obyektivliyə və dolaşıqlığa yol verir. Azərbaycan KP MK bürosu Sadıq Rəhimovun respublikanın rəhbər işçilərinə münasibətdə nümayiş etdirdiyi təkəbbürü, nəzakətsizliyi, kobudluğu, tez-tez öz tabeliyində olanları təhqir etməsini dözülməz hesab edir”.
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bütün bun¬lardan sonra büro İmam Mustafayevin Azərbaycan SSR Nazirlər Sovetinin sədri Sadıq Rəhimov haqqında məlumatı doğru və vaxtında atılmış bir addım hesab edirdi. Büronun qərarında göstərilirdi: “Partiya üzvünə yaraşmayan fəaliyyətinə, respublika Nazirlər Sovetini MK-ya qarşı qoymağa yönəlmiş hərəkətlərinə, MK bürosu üzvləri arasında dedi-qodu, intriqa və qarşılıqlı etimadsızlıq yaratmaq cəhdlərinə, ümumdövlət məsələlərinin həllində siyasi səbatsızlıq və məhdudluq göstərdiyinə, tabeliyində olan işçilərlə kobud və təhqiramiz rəftarına görə Rəhimov Sadıq Hacı Yarəli oğlu Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsindən azad edilsin”.
Göründüyü kimi, qərarda qeyd edilən nöqsanların çoxu təxminən il yarım əvvəl Azərbaycan KP MK bürosunda müzakirə edilmiş və bunlara görə Sadıq Rəhimov partiya cəzası almışdı. Yalnız qərarda qeyd edilən “ümumdövlət əhəmiyyətli ayrı-ayrı məsələlərin həllində Sadıq Rəhimovun siyasi cəhətdən səbatsızlıq və məhdudluq göstərməsi” ifadəsi qonşu respublikalara qaz, filiz və neft məhsulları verilməsi məsələsində onun prinsipiallığına üstüörtülü formada toxunulan yeganə bir eyham idi.
Lakin bu qədər ağır qərardan sonra Sadıq Rəhimov işsiz qalmadı. İyul ayının 8-də o, Azərbaycan KP MK bürosunun təqdimatı ilə respublika Nazirlər Soveti yanında sənayedə aparılan işlərin təhlükəsizliyinə nəzarət üzrə dövlət komitəsinin sədri təyin edildi. Sadıq Rəhimov 1961-ci ilə kimi bu vəzifədə çalışdı, 1961–1965-ci illərdə Bakı baş tikinti idarəsinin rəisi oldu, 1965-ci ildə isə Vəli Axundovun təqdimatı ilə respublika yüngül sənaye naziri təyin edildi və 1975-ci ildə vəfat edənə qədər bu nazirliyə rəhbərlik etdi.
İyun ayının 27-də MK bürosu Sadıq Rəhimovu Nazirlər Sovetinin sədri vəzifəsindən azad etdikdən sonra İmam Mustafayev həmin vəzifəyə Mərkəzi Komitə katibi Vəli Axundovun namizədliyini irəli sürdü və büro onun namizədliyini təsdiq etdi. Bununla da 1958-ci ildə respublika rəhbərliyində ikinci böyük dəyişiklik baş verdi. Lakin istər 1958-ci ilin yanvarında Mirzə İbrahimovdan sonra Ali Sovetin Rəyasət Heyətinin sədri təsdiq edilmiş İlyas Abdullayev, istərsə də Nazirlər Sovetinin yeni sədri Vəli Axundov 1959-cu ilin iyun-iyul aylarında Moskvanın Azərbaycanda gedən proseslərə açıq müdaxiləsinə qədər respublikada onlardan əvvəl başlanmış işlərin davam etdirilməsinin iştirakçısına çevrildilər.
İmam Mustafayev 1958-ci ilin yanvarında, Azərbaycan KP XXII qurultayı ərəfəsində daha bir əleyhdarının vəzifədən getməsinə nail oldu. Yanvar ayının 16-da keçirilən Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin iclasında ittifaqın sədri Süleyman Rəhimov “öz xahişi” ilə vəzifəsindən azad edildi. Süleyman Rəhimov iclasdakı qısa çıxışında qeyd etdi ki, Yazıçılar İttifaqına rəhbərlik etdiyi zaman öz mənafeyi üçün çalışmamış, bütün yazıçıların mənafeyi üçün çalışmışdır. O, dedi: “Yazıçılar İttifaqının işində ayrı-ayrı kiçik nöqsanlar olsa da, ümumən Azərbaycan ədəbiyyatı yüksəliş yollarındadır”. Yazıçılar İttifaqına sədrlik etmək onun vaxtını çox aldığından və yaradıcılıq işlərinə mane olduğundan Süleyman Rəhimov Yazıçılar İttifaqının rəhbərliyindən azad edilməsini xahiş etdi.
İclasda ilk söz alan Əli Vəliyev dedi ki, Süleymanın sözləri səmimidir. Doğrudan da iş onun yaradıcılığına mane olur. Biz onun xahişini yerinə yetirməliyik, lakin bu elə olmamalıdır ki, biz onu azad edib kənara buraxaq, həm MK, həm də rəhbərlik onun yaradıcılığı üçün şərait yaratmalıdır. Müzakirələrə qoşulan Mirzə İbrahimov Yazıçılar İttifaqında işin ağır olduğunu bildirdi: “Bu idarəyə rəhbərlik etmək üçün böyük səbir, əsəb, güc lazımdır. Süleyman ədəbiyyatımızın ən çətin dövrlərində bu ağırlığı öz üzərinə götürüb”.
Osman Sarıvəlli isə deyilənlərlə razılaşmadı. O, bildirdi ki, Süleyman Rəhimovun ərizə verib işdən getməsi və MK-nın Yazıçılar İttifaqının işini canlandırmağa cəhd göstərməsi doğru addımdır. Sarıvəlli dedi: “Mənə elə gəlir bu gün burada Süleyman Rəhimov öz nöqsanlarından danışmalı idi ki, yeni rəhbərlik həmin nöqsanları təkrar etməsin. Süleyman Rəhimovun işdən getməsi sadə bir həvəs deyildir. Son zamanlar Yazıçılar İttifaqının Rəyasət Heyətinin işində qüsurlar çoxdur və bizim təşkilatın işi elə də yaxşı vəziyyətdə deyildir ki, hesabatını dinləmədən Süleyman Rəhimovu işdən azad edək. Yaxşı olar ki, yaxın iclasların birində onun fəaliyyəti haqqında hesabat dinlənilsin”.
Bu çıxışdan narahat olan MK katibi Abdulla Bayramov məsələnin belə məcraya yönəlməsinə lüzum olmadığın bildirdi. O, dedi ki, təşkilatın işində nöqsanların olduğu bizə də məlumdur. Yaxın iclasların birində bu haqda ətraflı surətdə danışmaq olar. Nöqsanlara göz yummaq lazım deyil. Süleyman Rəhimov işdən öz xahişi ilə gedir. Mən sizi əmin edirəm ki, bu ancaq onun yaradıcılığı xətrinə olur və sizdə elə təəssürat yaranmasın ki, Süleyman Rəhimovu bu işə vadar edən olub. Biz onunla üç nəfər büro üzvü birlikdə söhbət etmişik. Onun Yazıçılar İttifaqına rəhbərlik etdiyi dövrdə təşkilatın işində ciddi və xırda nöqsanlar olub. Bunları biz bilirik və bu barədə vaxtı ilə göstəriş verilib. Nöqsanların bir hissəsi aradan qaldırılıb, bəziləri düzəlməyib. Bu nöqsanları yaxın iclasların birində müzakirə etmək olar.
Share: