Rəşad İlyasovun “musiqili hesabatı”

Yeni musiqili layihədə Səlim Babullaoğlu və Leyla Əliyevanın şeirləri səslənəcək
Yanvarın 3-də, saat 16.30-da Azərbaycan Televiziyasında əməkdar artist, tanınmış kanon ifaçısı və müğənni Rəşad İlyasovun konesrti efirə gedəcək. Geridə buraxdığımız 2023-cü ili əsas hadisələrinə ithaf olan konsert proqramı, repertuar ilə bağlı Rəşad İlyasovdan və Səlim Babullaoğlundan açıqlamalar aldıq.
Rəşad İlyasov:
“Yola saldığımız il ölkəmiz üçün, Vətənimiz üçün bir çox hadisələrlə yadda qaldı. Çox keşməkeşli, itkilərimiz olsa da amma sonu uğurlu hadisələr baş verdi. Eyni zamanda əlamətdar il oldu. Belə ki, arxada qoyduğumuz 2023-cü il ilk əvvəl Ulu öndər Heydər Əliyevin adı ilə bağlıydı, “Heydər Əliyev ili” idi. Həmçinin “Şuşa dünyasının mədəniyyət paytaxtı” oldu. TÜRKSOY təşkilatının 30 illiyi, Azərbaycan teatrının 150 illiyi qeyd olundu. Qardaş Türkiyə Cumhuriyyətinin 100 illiyi qeyd olundu. Və bu fonda ölkəmizin tarixi üçün ən ciddi hadisə baş verdi, lokal anti-terror əməliyyatı baş verdi, Qarabağ məsələsinin nöqtəsi qoyuldu, torpağımız bütövləşdi. Şükür Allaha. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Mən də bu ölkənin musiqiçisi kimi, sənətkarı kimi, vətəndaşı kimi istədim ki, bu ilə öz yanaşmam, öz töhfəm olsun. Bilirsiz ki, mənim rəhbəri olduğum “Şərqin bərqi” adlı musiqi heyətim var. Bir konsert proqramı düşündüm, musiqi, mahnı, ədəbiyyat-şeir çələngi düşündüm, bir layihə işlədim. Cahangir Cahangirovun “Yallı”sı, İlyas Mirzəyevin “Üç dənizin simfoniyası” əsərindən “Qara dəniz türküləri”, xalq mahnımız “Küçələrə su səpmişəm”, türk musiqisindən “Üsküdara gedərkən…” və “Məmləkətim…” , böyük Əhməd Cavad və Üzeyir Hacıbəyovun birgə və bütün türk dünyasında məşhur olan “Çırpınırdı Qara dəniz” əsərlərindən reperuar tərtib etdim. Bu musiqi əsərlərinin səsləndiyi, ifa olunduğu və əlavə olaraq şeirlər səslənən bir konsert. Poeziya hissəsində daha əvvəllər də səslənmiş klassik mətnlər, Yunus Əmrə, Rumidən seçmələrlə yanaşı ilk dəfə olaraq Leyla xanım Əliyevanın babası, Ulu Öndər Heydər Əliyevə yazdığı şeiri Səlim Babullaoğlunun tərcüməsində və eyni zamanda Səlim Babullaoğlunun “Azərbaycan” şeiri səslənir konsert proqramında. Əsasən instrumental ifalardır. Məni dediyim kimi “Şərqin bərqi” musiqi heyəti müşayiət edir məni. İki əsəri isə müğənni kimi ifa eləmişəm. Çəkilişlər “SS production”un yardımlarıyla olub. Konsertin televersiyasının rejissoru tanınmış televiziya rejissoru Sərxan Aydınoğludur, mən bu işi az vaxta gördüyünə görə təşəkkür edirəm, eyni zamanda menecer Pərvinə və əlbəttə ki, şair Səlim Babullaoğluna işlərinə görə, müraciətlərimizi cavabsız buraxmadıqlarına görə təşəkkür edirəm.
Eyni zamanda, saytınızın əməkdaşlarına da ilginiz üçün təşəkkür edirəm. Bildirirəm ki, konsert yanvarın 3-ü saat 16.30-da Azərbaycan Dövlət Televiziyasında ilk dəfə efirə gedəcək. Son sözü isə əlbəttə həmişəki kimi əziz tamaşaçılar deyəcəklər.”
Səlim Babullaoğlu:
“Rəşad İlyasovun təklifini məmnuniyyətlə qəbul etdim. Onu 20 ilə yaxındır ki, tanıyıram. Həm kanon ifaçısı kimi, həm müğənni kimi, həm də televiziya aparıcısı kimi ona hörmətlə yanaşıram. İstedadlı və özünəməxsus adamdır, ziyalıdır. Bir axşam, hətta gecə vaxtı gördüm ki, ondan mesaj gəlib, görüşmək istədiyini yazmışdı. 1 saat sonra görüşdük, gəzişdik, söhbətləşdik. Layihəsi ilə bağlı fikirlərini dedi, ilin əsas hadisələri ilə bağlı müvafiq mətnlər istədi, təkliflərini verdi. Bir müddət sonra mən ona 2 orijinal mətn və 1 tərcümə mətni verdim. Şeirlərin ikisinin müəllifi mən özüm idim, bu layihədə onlardan birini istifadə edib. Və Leyla xanım Əliyevanın babası, Ümummilli lider Heydər Əliyevı yazdığı “Yesli b zvyozdı stupenkami stali…” şeirini o layihə üçün məmnuniyyətlə tərcümə etdim. Həmin şeir də səslənib konsertdə. İnşAllah yaxın vaxtlarda efirə gedəcək. Hamı kimi mən də efirdən izləyəcəm konserti. Necə deyərlər, uğurlu olsun!”

 

 

Share: