Həyatın mənası təkcə illərin axarında yaşamaq deyil, həm də o illərə dərin məzmun vermək, cəmiyyətə və bəşəriyyətə işıq payı bəxş etməkdir. Bu işığın ən parlaq təzahürlərindən biri insan hüquqlarının müdafiəsinə, qanunun aliliyinə və elmin keşməkeşli yollarına həsr olunmuş fədakar ziyalı ömrüdür. Tanınmış hüquqşünas alim, hüquq üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramını uğurla tamamlamış Mahir Nəcəf oğlu Məmmədovun ömür yolu məhz belə şərəfli və örnək bir həyat hekayəsidir.
Mahir Məmmədov 31 avqust 1968-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan, özünün zəngin tarixi və ziyalılıq mühiti ilə seçilən Lənkəran rayonunun Separadi kəndində, nurlu bir ziyalı ailəsində dünyaya göz açmışdır. Təbiətin poetik gözəlliyi və ailə mühitinin elmə verdiyi yüksək dəyər onun gələcək taleyinin bünövrəsini qoydu.
1975–1983-cü illərdə Separadi kənd orta məktəbində təhsil alan Mahir Məmmədov hələ erkən yaşlarından öz zəkası və çalışqanlığı ilə həmyaşıdlarından seçilir və səkkizinci sinfi “Fərqlənmə Diplomu” ilə bitirir. Bu uğur onun elm dünyasına atdığı ilk böyük addım idi. Ardınca, 1983–1986-cı illərdə Bakı Maliyyə-Kredit Texnikumunda orta ixtisas təhsili alaraq analitik təfəkkürünü inkişaf etdirir. 1986–1988-ci illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət borcunu yerinə yetirən gənc Mahir, vətənpərvərlik və intizam prinsiplərini öz xarakterində daha da möhkəmləndirir.
Hərbi xidmətdən sonra doğma rayona qayıdaraq 1989–1991-ci illərdə Dövlət Sığorta Müfəttişliyində və inzibati vəzifələrdə çalışan M. Məmmədovun qəlbindəki ədalət və hüquq sevgisi onu ölkənin baş məbədinə Bakı Dövlət Universitetinə aparır. 1992–1997-ci illərdə BDU-nun Hüquq fakültəsinin əyani şöbəsində yüksək qiymətlərlə təhsil alaraq, hüquq elminin incəliklərinə dərindən yiyələnir.
Məzmunlu bir alim ömrü həm də gələcək nəsillərə ötürülən biliklərin zənginliyi ilə ölçülür. Mahir Məmmədov 1998–2005-ci illərdə vəkillik fəaliyyəti ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, habelə “Odlar Yurdu”, “Azərbaycan İctimai-Siyasi” və “Müstəqil Azərbaycan” universitetlərində gənc hüquqşünasların yetişməsində gərgin əmək sərf etmişdir.
Onun elmi axtarışlara olan tükənməz həvəsi onu Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutuna gətirir. Burada “Cinayət hüququ və Cinayət prosesi” şöbəsinin dissertantı kimi elmi araşdırmalar aparan M. Məmmədov, 26 noyabr 2012-ci ildə “Fərariliyə görə cinayət məsuliyyəti və cəza təyini məsələləri”mövzusunda dissertasiya işini uğurla müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülür.
Alimin elmi zirvəyə doğru yürüşü bununla bitmir. O, 2019–2024-cü illərdə BDU-nun Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasında elmlər doktoru proqramı üzrə doktorantura təhsilini tamamlayır. Onun mühüm beynəlxalq və milli əhəmiyyət kəsb edən “İnsan alveri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji aspektləri,hüquq və azadlıqların təmini kontekstində” mövzusunda hazırladığı doktorluq dissertasiyası müasir hüquq elminin ən aktual problemlərindən birinə işıq tutur.
Mahir Məmmədov bir monoqrafiyanın, beş fundamental kitabın və ölkəmizdə, eləcə də Belarus, Ukrayna kimi xarici dövlətlərin nüfuzlu elmi jurnallarında işıq üzü görmüş çoxsaylı elmi məqalələrin müəllifidi.
Mahir Məmmədovun həyatının ən məsuliyyətli və şərəfli səhifələrindən biri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatındakı fəaliyyətidir. 2005-ci ildən bu mötəbər qurumda fəaliyyətə başlayan alim, 2008-ci ildən Elmi-analitik sektorun müdiri vəzifəsini uğurla icra edir. Dövlət qulluğunun müşaviridir.
Onun hüquqi dühası və analitik təfəkkürü dövlətimizin qanunvericilik bazasının gücləndirilməsində əvəzsiz rol oynamışdır. Mahir Məmmədov insan hüquq və azadlıqlarının daha dolğun təmin edilməsi məqsədilə yüzlərlə normativ-hüquqi akta dair rəy və təkliflər hazırlamışdır. Bu təkliflər Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qanunvericiliyə edilən əlavə və dəyişikliklərdə birmənalı olaraq nəzərə alınmışdır. Onun rəy verdiyi aktlar sırasında,
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu,
Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası, Mülki, İnzibati Xətalar, Miqrasiya, Əmək, Ailə məcəllələri,Uşaq hüquqları, Əlilliyi olan şəxslərin hüquqları, Gender bərabərliyi və Sosial xidmətlərə dair qanun layihələri yer alır.
Eyni zamanda, BMT və Beynəlxalq Əmək Təşkilatının insan hüquqları, təhsil və analığın mühafizəsi ilə bağlı mühüm konvensiyalarına ölkəmizin qoşulması prosesində onun hazırladığı elmi-analitik rəylər böyük əhəmiyyət kəsb etmişdir.
Mahir Məmmədov rəhbərlik etdiyi sektor tərəfindən Ombudsmanın sorğuları əsasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanlanmış çoxsaylı müraciətlər hazırlanmışdır. Bu müraciətlər əsasında Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilən tarixi qərarlar (məsələn, Mülki Məcəllənin 228.5-ci maddəsi, Cinayət-Prosessual Məcəlləsinin 448.5-ci və 455.0.3-cü maddələri, Əmək Məcəlləsinin 144-cü maddəsinə dair 2008-2026-cı illəri əhatə edən qərarlar) ölkədə vahid məhkəmə təcrübəsinin formalaşmasında mühüm rol oynamışdır.
Alimin bu sahədəki gərgin əməyi“Ombudsmanın sorğuları əsasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilmiş aktların toplusu” (2015) və BDU Elmi Şurasının qərarı ilə nəşr edilən “Ombudsman və Konstitusiya Məhkəməsi arasında qarşılıqlı əməkdaşlıq, aktlar toplusu (2002–2022-2023)” adlı fundamental kitablarda öz əksini tapmışdır.
Mahir Məmmədov təkcə kabinet alimi deyil, o, həm də canlı ünsiyyəti, mühazirələri ilə gələcək hakimləri, prokurorları, vəkilləri və dövlət qulluqçularını yetişdirən böyük bir müəllimdir. Dövlət İdarəçilik Akademiyasında, Ədliyyə Akademiyasında etdiyi məruzələr onun intellektual zənginliyinin bariz nümunəsidir.
Bu böyük ziyalının həyat təməli, onun mənəvi güc mənbəyi isə gözəl, nümunəvi ailəsidir. Mahir Məmmədov sadiq bir ömür-gün yoldaşı, qayğıkeş ata və babadır.
Ömür-gün yoldaşıNailə xanım Məmmədova ADPU-nun Filologiya fakültəsinin məzunudur, Bakı şəhərində fəaliyyət göstərən 250 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi və Həmkarlar Komitəsinin sədri kimi gənc nəslin mənəvi tərbiyəsi ilə məşğuldur.
Oğlu Elmin Məmmədzadə atasının yolunu seçərək Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir və hazırda Şirvan şəhər Prokurorluğunda prokurorun böyük köməkçisi kimi qanunların keşiyində dayanır.
Qızı Nərmin xanım Məmmədzadə ixtisasca həkimdir, paytaxtın 11 saylı poliklinikasında insanların sağlamlığının keşiyindədir.
Oğlu Elnur Məmmədzadə BDU-nun Hüquq fakültəsinin əlaçı tələbəsidir. O, xarici dillərə sərbəst yiyələnməklə yanaşı, cüdo idman növü üzrə Respublika və Avropa çempionatlarının mükafatçısı olaraq ölkəmizi beynəlxalq arenalarda şərəflə təmsil edir.
Lənkəranın Separadi kəndinin yaşıl cığırlarından başlayan bu ömür yolu bu gün Azərbaycan hüquq elminin və dövlətçiliyinin uca zirvələrində bərqərar olmuşdur. Mahir Məmmədov öz elmi dərinliyi, insani keyfiyyətləri və xalqa, dövlətə olan sarsılmaz bağlılığı ilə hər bir gənc üçün əsl örnək, canlı bir məktəbdir. Qələminiz hər zaman iti, elmi yollarınız aydın və gələcək uğurlarınız sonsuz olsun doğma insan.
Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru,dosent
Lənkəran Tarix Diyarşünaslıq Muzeyi nin direktoru
Leyla Qadir qızı Məcidova






















