Petrosyanla Köçəryan arasında hakimiyyət uğrunda mübarizə başladı

Yunus Oğuz: “Ermənistanda Rusiyadanqaçma prosesi sürətlənib”

 

Son vaxtlar Ermənistanda  açıq şəkildə müharibə ritorikası müşahidə edilir. Baş nazir Nikol Paşinyanın Fransaya, xarici işlər naziri Ararat Mirzoyanın isə Birləşmiş Ştatlara səfərlərindən sonra İrəvan Azərbaycanla danışıqlar prosesini davam etdirməkdən daha çox Bakıya qarşı təhdid dolu bəyanatlar səsləndirməyə üstünlük verir. Bəs, görəsən bütün bunlar və Ermənistanın müharibə hazırlıqları yeni hərbi qarşıdurma və genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilərmi? Bu və   digər suallarla Milli Vəhdət Partiyasının sədri Yunus Oğuza müraciət etdik.

-Yunus bəy, son vaxtlar Ermənistan tərəfindən səsləndirilən təhdid dolu bəyanatlar və müharibə hazırlıqları yeni bir savaşa gətirib çıxara bilərmi?

-44 günlük müharibə kimi genişmiqyaslı bir savaşın olması gözlənilmir. Əslində buna Ermənistanın silahlı qüvvələri də hazır deyil. Digər tərəfdən hazırkı situasiyada daha çox Ermənistan daxili siyasi proseslərin gərginliyi, həmçinin İrəvanın Rusiyadan qaçmaq istədiyi müşahidə edilir. Baş nazir Nikol Paşinyanın Fransaya səfəri, bu ölkənin KTMT-də iştirakdan imtina etməsi barədə səsləndirilən fikirlər, eləcə də Fransa və Amerikadakı erməni lobbilərin məlum bəyanatları bir daha onu göstərir ki, Ermənistanda Rusiyadanqaçma  prosesi sürətlənib. Bunun da səbəbi məlumdur. Çünki Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın düşmüş olduğu vəziyyət Ermənistanı özünə daha güclü ölkə tapmaq məcburiyyətində qoyub. Rusiya Ukrayna müharibəsinə qədər nə qədər güclü, qüdrətli idisə, Ermənistan onun yanında idi. Ukrayna ilə müharibə başlayandan və ona qarşı sanksiyalar tətbiq ediləndən sonra Rusiyanın əli, təsiri bir qədər zəiflədiyi üçün Ermənistan ondan yan qaçnağa üstünlük verib. Ancaq Rusiyadan kənarlaşmaq Ermənistana çox ağır başa gələ bilər. Faktiki olaraq bu gün Ermənistanın bütün strateji istiqamətlərini, hava məkanı, gömrük, dəmir yolu, elektrik enerjisi, təbii qaz kimi vacib sahələri Rusiya idarə edir. Bundan başqa Rusiyanın Gümrüdə 102-ci bazası mövcuddur. Bir sözlə Rusiyadan uzaqlaşmaq istiqamətində aparılan fəaliyyətlə Ermənistanın uçuruma yuvarlanmaq prosesinə təkan verilir. Cərəyan edən hadisələrin fonunda Nikol Paşinyanın hakimiyyətdən getmək məsələsi gündəmə gəıib. Əgər Rusiya əlini Paşinyanın üstündən çəksə və onun hakimiyyətdə qalmasını istəməsə, təbii ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcək. Onu da qeyd etmək lazımdır ki, son günlər Ermənistanda hakimiyyət uğrunda gedən mübarizədə iki əsas fiqur diqqət çəkir, onların proseslərin önündə getdiyi müşahidə edilir. Bunlar sabiq prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryandır. Robert Köçəryan birbaşa Rusiyaya, Ter-Petrosyan isə daha çox Qərbə, Amerikaya meyillidir. Eyni zamanda onun xalqın içərisindəki nüfuzu Köçəryandan daha çoxdur. Onu da qeyd etmək yerinə düşər ki, hər iki şəxsin Azərbaycan və Türkiyəyə qarşı loyal münasibəti hiss olunur. Düzdür, Qarabağ Petrosyanın Ermənistan prezidenti, olduğu illərdə işğal edilib. Məhz Köçəryanın separatçıların lideri olduğu zamanda Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirilib.  Ancaq indiki halda müşahidə edilən mənzərə ondan ibarətdir ki, onlar mövcud reallıqlarla barışdıqlarını ifadə edirlər. Məsələn, Köçəryanın son müsahibəsi əvvəlki müsahibələrindən tamamilə fərqlənir. O artıq Hadrut və Şuşanın adını çəkmir. Açıq şəkildə bildirir ki, Rusiya ilə Azərbaycanın müttəfiqliyi var və Moskva Ermənistana görə Bakı ilə münasibətləri pozmayacaq. Fakt ondan ibarətdir ki, artıq hər üçü, həm Petrosyan və Köçəryan, həm də Paşinyan Qarabağ adını çəkmir və Azərbaycanla, eləcə də Türkiyə ilə normal münasibətlərin formalaşdırılmasına maraqlı olduğunu sərgiləyirlər. Bu baxımdan hesab edirəm ki, yaxın vaxtlarda Petrosyanla Köçəryan arasında hakimiyyət uğrunda çox ciddi mübarizə başlayacaq. Proseslər hətta vətəndaş müharibəsi səviyyəsinə belə çata bilər.

-Bu həm də Qərblə Rusiyanın Ermənistan uğrunda mübarizəsi sayıla bilərmi?

-Əslində çox maraqlı proseslər gedir. Ermənistan həm KTMT-də Rusiyanın müttəfiqidir, həm də qeyd etdiyimiz kimi bu ölkənin bütün strateji nöqtələri Rusiyanın nəzarəti altındadır. Rusiyaya Ukrayna müharibəsi səbəbindən sanksiyalar tətbiq edilsə də, lakin eyni addım Ermənistana qarşı atılmır. Niyə? Çünki Ermənistan-Azərbaycana münasibətlərində Qərb, Avropa və Rusiya birləşmişdi. Ancaq son zamanlar hiss olunur ki, Rusiya həmin faktordan ayrılıb və Qərb yenə də eyni mövqedə qalır. Ermənistana nəinki Qərb tərəfindən sanksiyalar tətbiq olunur, əksinə ona dəstək verilir. Düşünürəm ki, bu da Qərbin ənənəvi olaraq nümayiş etdirdiyi ikili standartlardan irəli gəlir. Hazırda Qərbin Ermənistan qarşısında qoyduğu seçim ondan ibarətdir ki, KTMT-dən çıx, səni yanımıza alaq. Ancaq qeyd etdiyim kimi belə bir addım atmaq Ermənistan üçün acı nəticələrə gətirib çıxara bilər. Ermənistan nəzərə almalıdır ki,  atları döngədə dəyişməzlər.

-Bu arada İranın və Hindistanın Ermənistana hərbi yardım etməsi, o cümlədən Amerika və Fransanın İrəvana hərbi yardımlar ayıracağı barədə yayılan xəbərlər İrəvanın əlini nə qədər gücləndirmiş olacaq?

-Bu cür informasiyalar dövriyyəyə burxılsa da, əslində onlar hələ öz təsdiqini tapmayıb. Məsələn, Amerikanın Ukrayna kimi, Ermənistana da silah-sursat verəcəyi bildirilirdi. Ancaq sonradan bəyan edildi ki, həmin silahlar Ermənistana verilə bilməz. Çünki həmin silahların sirrini Rusiya əldə edə bilər. Yəni, bu da o anlamı verir ki, Rusiyadan uzaqlaş, bundan sonra həmin silahları sənə verək. Ancaq düşünürəm ki, Rusiya buna imkan verməyəcək.  Moskvanın Nikol Paşinyanı hakimiyyətdən devirmək üçün elə də ciddi fəaliyyətə ehtiyacı yoxdur. Ter-Petrosyan, yaxud Köçəryanın əli də Paşinyan hakimiyyətdən devrilə bilər.

O ki qaldı İrana, bu ölkə doğrudan da Ermənistana dəstək verir və bu dəstək hər zaman olub. Ancaq hazırda İranın başı özünə qarışıb.  Artıq iki həftədir ki, bu ölkədə igtişaşlar davam edir. Əslində İranda iğtişaşların baş verməsinin səbəbi bir nəfərin baş örtüsünü atması və ona qarşı törədilən cinayət deyil. Çünki ötən illər ərzində ondan da cəmiyyət tərəfindən tanınan, xüsusi fəallığı olan şəxslər qətlə yetirilib, lakin İran bu şəkildə ayağa qalxmayıb. İnsanlar, cəmiyyət ciddi bir şəkildə etiraz etməyib. İranda 40 ildən artıqdır ki, insanlar rejimdən yorulub, daim təqib olunmaq, izləmməkdən beziblər. Siyasi azadlıqları bir tərəfə qoyaq, hətta sosial azadlıqlardan məhrum olmaları, bəzi təhlükəsizlik qurumlarının hətta dövlətdən üstün mövqedə durması insanları tamamilə yorub və onlar bununla barışmaq istəmirlər. Sadəcə olaraq həmin xanımın öldürülməsi İranda bir qığılcım oldu və partlayışa çevrildi. Bundan sonra isə artıq siyasi mübarizə başlayır və düşünürəm ki, həmin siyasi mübarizəyə Güneydə yaşayan soydaşlarımız da qoşulacaq.  Çünki Güneydəki soydaşlarımızın da artıq özlərinin şüarı var. Bunlar “milli hökumət”, “azadlıq” və “ədalət” şüarlarıdır. Hesab edirəm ki, İranda bundan sonra təlatümlər çox olacaq. Çünki İranda hakimiyyət, rejim dəyişikliyində Amerika da maraqlıdır və Birləşmiş Ştatlar istəyir ki, köhnə şah rejimini bərpa etsin. Ancaq hesab edirəm ki, indi həmin dövr deyil. Amerikaya daha çox demokratik bir dövlət lazımdır. Hər halda Amerika istəyir ki, demokratik dövlət adı altında İranda da İraq kimi bir şey yaratsın. Beləliklə, İranı da öz bildiyi kimi idarə edib onun nefti, qazını ələ keçirsin. Bir sözlə, İranda hələ çox hadisələr baş verəcək.

Füzuli

Share: