Osman ÖZTÜRKün şeirləri

Osman ÖZTÜRKün şeirləri

Azərbaycan dilinə uyğunlaşdıran: Həyat ŞƏMİ

 

BƏZİ QADINLAR MƏMLƏKƏTƏ BƏNZƏR

 

Bəzi qadınlar məmləkətə bənzər.

Bir qadın keçdi ömrümdən –

adı indi hansı şəhərdə gizlənib bilmirəm,

amma bəzən,

Boğaz sahilinə yanaşan bir gəminin dumanında

görürəm onu yenidən.

 

Təbəssümü günəşin özü kimi,

üşümüş küçələrə səpilən bir yaz gülüşü.

Bir yol üzünə baxdınmı,

uzun zaman

qış yox olardı.

Baxışları –

gecəni daşıyan ay işıqlı pəncərələr…

Səssizdi,

amma o səssizlikdə

qırılmış quşların qanadı,

yağmur içmiş məktublar,

və gec qalmış sevdalar vardı.

 

Həsrətin rəngindəydi gözləri,

bir qatar yolu qədər tənha,

bir mayak qədər uzaq idi.

 

İnsan baxdıqca

öz içindəki itirilmişliyi görürdü.

Və sentyabr çiçəklərinin hüznü

asta-asta düşmüşdü yanaqlarına.

Sanki bütün son baharlar

onu incitmədən keçmək istəyirdi.

 

Mən o zamanlar

həyatı bir az əksik yaşayan bir adamdım.

Ciblərimdə yarımçıq qalan şeirlər,

ağlımda köhnəlməyən nəğmələr.

içimdəsə uşaqlığımdan çıxa bilməyən

fındıq yaşılı bir məmləkət vardı…

 

O, gəldi,

bir otağın qaranlığı dəyişdi,

saatlar daha yavaş işlədi,

çay daha isti içildi,

yağış da bambaşqa yağdı İstanbula.

 

Sonra hər kəs kimi getmədi,

bir mövsüm kimi çəkildi içimdən.

Amma bəzi insanlar gedərkən

özlərini deyil,

bir ömrün əksikliyini buraxarlar..

İndi hansı şəhərə baxsam

bir parça üzü düşür onun gecəyə.

Hansı şeiri yazsam,

bir yanı ona bənzəyir.

 

Və mən hələ də

bəzi qadınların niyə məmləkətə bənzədiyini

onun yoxluğunda anlayıram

və onu bir məmləkət kimi arayıram…

 

12 iyun 2026

İstanbul

 

BİR İŞIĞIN ARDINCA

 

Bir xəyal uğruna

atıram özümü dalğalara,

gecəni yaran bir qağayı səsiyəm,

açılıram sonsuz maviliklərə.

Arxamda sahillər qalır,

susqun limanlar,

yarım qalmış vidalar…

Önümdə isə

üfüqlə göyün bir-birinə qarışdığı

o sonsuz mavi röya var…

Dəniz qoxuyar içim,

duz qoxuyar əllərim,

rüzgar savurar saçlarımı,

və mən hər dalğada

bir az daha yaxınlaşaram özümə.

Çünki insan bəzən

özünü tapmaq üçün

qeyb olmalıdır sonsuz dənizlərdə…

 

Gözlərim hey üfüqlərdədir,

bir az da göy üzündə…

Bir yanda

tənha qayalıqların üstündə duran

köhnə bir mayak.

O biri yanda

qaranlığın bağrına asılmış

səssiz bir Qütb ulduzu…

 

Mayak

saralmış işığını göndərir gecələrə.

Yorğun gəmilərə ümid olur,

azmış duyğulara yön verir.

Hər yanıb sönəndə

ürəyimdə bir cəsarət böyüyür.

Dalğalar böyüsə də qorxmuram artıq,

çünki bilirəm

ümid də bəzən

uzaqdan görünən kiçik bir işıqdır.

Mən o işıq uğruna

gecələr gündüzləri aşaram,

bəzən fırtınalar çıxar içimdə,

dalğalar böyüyər,

göyüzü qaralar,

rüzgar bütün xatirələri savurar üzümə,

amma yenə də buraxmaram yolumu,

çünki insan hara getdiyini unudarsa,

dəniz belə sahib çıxmaz ona.

 

Bilirəm,

bir gün mayağın işığı sönə bilər,

qayalıqlar susa bilər,

limanlar tərk edilə bilər,

 

Bax, bu üzdən

gözlərimi ayırmaram göy üzündən,

çünki orada əsla itməyən bir işıq var:

Qütb ulduzu.
səssiz, amma güclüdür,

İddiasız, amma sonsuzdur.

Qaranlığın ən dərin yerində belə,

insana yönünü xatırladar.

 

Ömrünü dənizlərdə keçirənlər bilir,

bəzi ulduzlar

yalnız göyə deyil,

insanın qəlbinə də doğar.

Mən bu həyatda işığı sevdim,

bir uşağın gözlərindəki ümidi,

Ayın bəyaz səssizliyini,

Günəşin qızıl vidasını,

Ulduzların gecəyə saldığı

o sonsuz parıltını.

Çünki ümid dediyin şey

bir mayak kimidir.

Uzaqdan da olsa görünməlidir insana.

Və insan dediyin

nə qədər yorulursa yorulsun

bir Qütb ulduzu daşımalıdır içində.

Mən hələ də

sonsuz maviliklərə qol atan,

o əski yolçuyam.

Bir əlimdə xəyallarım,

bir əlimdə ümidlərim,

gözlərimdə dənizlərin mavisiylə

keçirəm gecənin içindən.

Bəlkə çox uzaqlarda

məni gözləyən bir gündoğumu vardır.

Bəlkə də bütün yolçuluqlar

bir işığı aramaq üçündür.

24 may 2026 Giresun/Şeyxli

 

SƏNİ SEVƏN MƏNƏM, YAR!

 

Gözümdə göz izin var,

Könlümdə söz izin var,

Səni kim sevdi yarım?

Səni sevən mənəm, yar!

Səni mən sevdim, ey yar!

 

Gözlərinin içində

Gözlərimin rəngi var.

Könlümün hər yerində

Eşqimin kədəri var.

Dodağında hələ də

Al qırmızı busə var.

Səni çox sevdim yarım,

Səni sevən mənəm, yar.

 

Gözlərinin rəngində

Gözlərimin izi var,

Yanaqlarında eşqin

Qızılı qönçəsi var,

Səni çox sevdim yarım,

Sənsiz olmaz ki, ey yar!

 

Könlünə bir sözüm var,

Gizlə o gözlərini,

Heç kimsə görməsin yar.

Elə darıxdım ki, ah!

İçim yanar da, yanar.

Səni çox sevdim yarım,

Darıxdım, ey dildarım…

 

Məndən bir başqasına

Baxmasın o gözlərin.

Silinməsin heç bir gün

Qəlbindəki izlərim.

Səni çox sevdim yarım,

İnan, səni çox sevdim.

 

Qəlbimin hər yerində,

Bu eşqin izləri var,

Canlanar gözlərimdə

O əski xatirələr.

Səni düşündüyüm an,

Canım yanar da, yanar.

 

Könlümün ta içində,

Könlünün sevdası var.

Dodaqlarında eşqin

Sönməyən arzusu var.

Səni çox sevdim yarım,

Səni çox sevdim, ey yar!

May, 2026 / İstanbul

GECƏ VƏ SARALMIŞ SƏHİFƏ

 

Gecənin pası dəydi vücuduma,

üşüdüm.

Sanki min illik yuxudan

oyanmış daş bir heykəl kimi

dururam öz-özümə.

Tarixin zibilliyindən qopmuş

cırıq bir səhifə kimi hiss edirəm,

kimsənin oxumadığı,

kimsənin maraqlanmadığı.

 

Gecə uzun…

Sonsuzluğun içində

rəngi solmuş bir film

dönüb keçir,

səs yox, üz yox.

Arsız gecələrin səhəri

peşmanlıq qoxuyur.

 

Ağlımda möhürlü suallar,

hər biri yavaşca

qaranlığın zəncirlərini dartışdırır.

 

Və düşünürəm:

Mən bu ömrü yaşadımmı gerçəkdən?

Yoxsa başqasının röyasını gördümmü?

 

O illər ki…

Məni ayların, günlərin, əsrlərin arasına sovurdu.

İndi təqvimlərdən düşmüş

saralmış bir yarpaq kimiyəm.

Yerdə deyil,

havada da deyil,

arada – bir yerdəyəm

heç bir mövsümə toxunmadan.

GÖY ÜZÜNDƏN DÜNYA

 

Bir bulud meşəsi uzanır göyüzündə,

ağ çiçəklər açmış üfüq boyunca.

Dəstə-dəstə budaqları göyə dəyir,

kök atmış Göy ağacları sıra-sıra.

altımda mavi bir dəniz uzanır,

Qara dəniz.

 

Qaranlıq ağır-ağır enir üstünə,

bir təyyarə qanadından baxıram dünyaya –

Göy üzünə və Yer üzünə.

Yuxarıda rüzgarın təmiz nəfəsi,

aşağıda kirli bir çağ…

 

Bütün iyrəncliklər aşağıda qalmış kimi,

torpaq kirlə yuyulmuş,

dağlar yad,

şəhərlər yad,

insanlar bir-birinə yad.

Tanımıram belə bir həyat…

 

 

Bir qağayı kimi süzürəm

Qara dənizin sahillərində,

azad bir quş kimi.

amma içimdə ağır bir daş var.

 

Soruşuram özümdən:

Necə bir dünyada yaşayırıq biz,

savaşların, ölümlərin, harayların arasında?

Qara dənizin o tayında

yaralı uşaqlar zarıyır,

üzür Qəzza qan gölündə,

bir şəhər olmaqdan çıxıb,

bir ağıya dönüb artıq.

Neçə ölkədən müharibə səsi gəlir,

Neçə ölkədə göy üzü bombalarla parçalanır.

Zalım bombalar yağır göydən

atəş kimi,

ölüm kimi…

 

Uşaqların qışqırıqları

dəlib keçir insanlığın vicdanını.

 

Amma dünya susur,

 

Soruşuram:

harada qaldı insanlıq?

Haradadır sülh?

Harada qardaşlıq?

Sanki bütün bu vəhşətlər

alışılmış bir tale kimi,

Vicdanını itirmiş bir dünyada

zalımlıq ayaq tutub yeriyir.

Əllərdə qan damcıları,

Göylərdə əksik buludlar,

Savaşın işi,

boz rəngə boyamış mavilikləri.

 

Və insanlıq

itirmiş öz simasını.

 

İndi yağmur yağır,

amma bu yağmur,

sadəcə göydən deyil,

buludlardan deyil,

insanlığın yaralı

vicdanından yağır.

İstanbul 2026

 

 

Share: