Oğuz yurdu: BOZ TOĞAN (BOZ DOĞAN). SARAQAP

Əski çağlarda toğan (doğan) şöhrətli titul kimi şəxsiyyət adlarına əlavə edilən Toğan-Tuqan ləqəb olmuşdur: Fəxrəddin Toğan Yürək Səlcuqlar dövründə Azərbaycanın Arran hakimlərindən biri idi; Şəmsüddövlə Tuğan Arslan isə Arran, Bitlis, Divin əmiri olmuşlar. Yenisey abidəsində El Tuğan Tutuq əsilzadə adlarındandır və s. (1,78). Toğan~ Doğan bir çox türk dillərində”qırğı, şunqar, çalağan, ağ quş” mənalarında işlənir.

Ədəbi dilimizin əski dövrlərinə aid mənbələrdə ov quşu adı kimi alıcı quş; şahbaz mənasında rast gəlinir: Toğan quş oluban uçayımmı? (KDQ); Şah İsmayıl Xətaidə :

Dörd şey vardır:

Ovçu almış dəstinə.

Bir şahin, bir doğan,

Bir əspir, bir baz.

Coğrafi adları həm tarixin, həm də dilin yadigarları sayılmaqda haqlıyıq.

Azərbaycanda “toğan”la bağlı yer adları: Laçın rayonunda Boztoğan və Xanlar rayonunda Toğanalı kəndləri vardır. Ehtimal ki, bu adı daşıyan etnik dəstə üçün şahin quşu totem olmuşdur. Doğan, Doğanlar Türk dünyası xəritələrində Doğançı (Batı Trakyada), Doğan kəndləri (Diyarbəkir, Ərzincan,Tuncelidə) Doğanlar, Doğan Şehir (Malatyada), Doğanlı Qara Hisarı (Maraşda)2, 170) İstanbulda tarixi yer – Bozdoğan su kəməri adında yaşayır.

Bu uğurlu adın coğrafiyası genişdir: Kırımda Ay Tuqan, El Tuqan

Samara ətrafında (Rusiya) Bay Tuqan

Tatarıstanda Jan Tuqan

Qazaxıstanda Ak Toğan və s. kənd adları olmuşdur.

Türkiyə ərazisində Doğanların, о cümlədən Boz Doğanların güclü tayfa olması səbəbilə Mehmet Eroz Bozdoğan böyük bir yörük boyudur; Adana ətrafında çox sayda Bozdoğan köyü vardır(3,113) deyə qeyd edir.

Boz Toğan Müasir Ermənistanda tarixi kəndlərimizdən (Şirak əyaləti) olmuşdur. Burada bir çox qiymətli türk adları kimi Boztoğan adı da saxlanılmamış, Saraqap adıyla əvəz olunmuşdur. Lakin bu işıqlı tarixi faktın xəfif şəkildə olsa da izləri saxlanılmaqdadır: Bozdoğan Curank (Bozdoğan su anbarı) şəklində bu ad qədim türk torpaqları olan Ermənistanda yaşamaqdadır. Toğan~Doğan “şahin quşu”  adının işlənmə alanı qeyri məhdudur: Rus dilində türk mənşəli familiyalardan olan Tuqanov, Tuqanovski soyadları türk sözü Toğan, Tuqan quş adıyla bağlıdır.

Minə xanım Nuriyeva-Təkləli

Professor

 

  1. Малов С. Е. Памятники древнетюркской писменности, M- L., 1951
  2. Ahmet Turan. Trakya ve doğu Anadoluda köy adları. Türk Dünyası Araşdırmaları,1991 №71.
  3. Mehmet Eröz. Atatürk. Milliyyetçilik. Doğu Anadolu, İstanbul, 1987

 

 

 

 

 

 

 

                           

Share: