O açılan güllərin şehli ləçəklərinə, Üz qoymağa gəlmişəm, anamın dizi bilib…

İbrahim RÜSTƏMLİ

SEVGI NƏĞMƏSİ

Axtarıb tapdım axır… səsində, nəfəsində
O sönməz hərarətə baş əyən ruhum əsir…
Gecələrin elçisi gündüzlər göy üzündə,
Qaraçarşab buludlar, sevgilim, ocaq gəzir…

Qovursa bahar qışı sonsuz haraylarıyla,
Bu hayda pəncərənə o qərib səs yetirsə,
Ağsaçlı ağacların nimdaş ağrılarıyla
Təzə-tər çiçəklərə sevgisi bəs edirsə,
And içib, səcdə qılıb yaşıl biləklərinə,
Bu qaranlıq dünyanın nurlu gündüzü bilib,
O açılan güllərin şehli ləçəklərinə,
Üz qoymağa gəlmişəm, anamın dizi bilib…

Bağışla, ötən ömrüm, bağışla, ötən xəyal,
Bir də nura tamarzı gözlərimi qırpmaram.
Sevgidən çadar-çadar tumurcuq ürəyim lal,
Mən səni qısqanmağa özümdə güç tapmaram…

Yaşıl budaqlar üstə oxuyan quşlar qoşa,
İməkləyən sevgimin dil açan havasıdı.
Allah, özün rəhm elə, bu dünya başdan-başa
Palçığı qurumamış qaranquş yuvasıdı…

Qaynayar bulaq kimi fərəhindən gözlərim,
Şikəst ruhum duyduğu hərarətə sarmaşar.
Bir ağac budağında duyğularım, hisslərim,
Bir ağac gövdəsində itkin ünvanım yaşar…

 

Share: