Milli dilin qayğıları: Adlarımız…

Payızın əzəlidir,

Bağların xəzəlidir.

Adına qurban olum,

Adların gözəlidir.

Ana laylamızdan bir oxşama payı götürdüm, ana üçün balanın canı, sağlığı nə qədər əzizdirsə, adının necəliyi də mühümdür. “Adıyla böyüsün…” alqışı sevənlərin körpəyə – gələcək ölkə vətəndaşımıza sağlıq duasıdır.

Övlad doğulan gündən valideynin onun sağlamlığı, rifahı, gələcək xoşbəxtliyi yolunda görəcəyi işlər ən əvvəl ona necə ad qoyması ilə başlayır. Bu da ata-ananın övladına sonsuz qayğılarından biri, daha doğrusu birincisidir.

Ad ciddi məsələdir.      İnsan həyatda  “Sənin adın nədir?” sualı qədər bəlkə heç bir sualla bu qədər çox qarşılaşmayır.  Ad, insanı bütün ömrü boyu müşayiət edir, onunla birlikdə yaşayır.  Və hətta özündən sonra belə onu xatırladıb yaşada bilir. Yeridir desək ki, insan bəzən öz  cansağlığından belə adını üstün tutur. Düşünməli olursan, “adlı-sanlı”, “ad çıxarmaq”, “ad qazanmaq”, “adını qorumaq”, və ya “adın batsın” dedikdə əlbəttə bu ifadələrdə adın “şərəf-şan” məqamında işlənməsi nəzərə alınmışdır. Belə olan təqdirdə isə adın öz gözəlliyinin də qayğısına qalmaq da  məqsədə müvafiq görünməlidir. Yəni ada bu qədər önəm verildiyi şəraitdə nə üçün onun öz keyfiyyətinə laqeyd qalınmalıdır.

Əlbəttə, öz övladlarına ad seçməkdə valideynlər sərbəstdirlər. Lakin bu sahədə əldə olan müəyyən təcrübələr göstərir ki, milli şüurumuzun, habelə özünüdərkin kifayət qədər möhkəm olmaması üzündən (ifadəyə görə üzr istəyirik)  bu “sərbəstlik” arzuolunmaz nəticələr verməkdədir. Hər kəsə məlumdur ki, ad seçərkən doğma ənənələr, millilik şərtləri əsas götürülməlidir. Bu cəhətlər ona görə vacib sayılmalıdır ki, adlarımızın arasında hələ də müəyyən qədər Mobil, Roman, Elmir, Elton, Roza, Novella, Almara, Rafael, Famil, Flora, Brilliant, Famil, Familə, Alina, Stella,Venera, Telman kimi adlara rast gəlinir.

Azərbaycan ad sistemi çox mürəkkəb tarixi-coğrafi və linqvistik özəllikləri daşımaqla uzun dövrün məhsuludur. Qədim məxəzlər, əfsanə və dastanlarımız, digər el ədəbiyyatı nümunələri eyni zamanda şəxs adlarımızı mühafizə edib saxlayan etibarlı, sağlam mənbələrimizdir. Hətta ən lakonik, sadə, lakin olduqca qədim  parçalar olan atalar sözü və məsəllər belə şəxs adlarımızla bağlı mühüm keyfiyyətləri əks etməkdədir: Adın nədir Rəşid; birin de, birin eşit və ya, ölməz Xədicə, görər nəvə-nəticə; Adın nədir-Daşdəmir. Yumşalırsan yumşalı; Adın İsmətdir, nə versən qismətdir və s.

Tarixi sima adlari olan İlgəray,  Ak Kurt, İlbek, Batır, İlxan, Bilgə, İlarslan; örnək olaraq Astarxan hakimi İsmayıl mirzənin (məşhur knyaz Yusupovların babası) oğlanlarının adlarını götürək: Kalay, Orak, Saydak, Kaplan, Karatal, Kopak, Şamay, Tutay… kimi şəxs adları arixi Türk adları mənzərəsini əks edir.

Bunun kimi, hazırda tez-tez rastlanan – Leyla, Zeynəb, Bahar, Mehriban, Dilşad, Dilbər, Pəri, Gülüstan, Gülnar, Nigar, Gülgəz, Sona, Xavər, Şövkət, Şirin, Türkan, Turan, Gülşən, Süsən, Xatın, Humay (qadın adları), Tərlan, Bahadır, Səməd, Yusif, Mahmud, Oqtay, İzzət, Ziya, Cavanşir, Sərvər, Sərdar, Qafur, Murad, Mustafa, Fərrux, Fərhad, Mənsur, Maqsud qəbilindən adlarımız tarixi, həm də etnoqrafik dəyərləri də əks etməklə keçmişdən bu günümüzədək yaşatdığımız, həmişəyaşar adlardır. Bu işlək adlarımızla bərabər qədim dastanlarımızda işlənən və həm də tarixən istifadə edilsə də indi fəallığını itirən  Qanturalı, Buğaç, Aruz, Qaraca, Qarcar, Muğan, Selcan, Gülşah, Banu Çiçək, Sərvişah və s.  adlarımızı da canlandırılaraq bərpa edə bilərik.

Lakin təəssüf ki, zahirən milli görünən, əslində süni, yapma adlar son illər sürətlə çoxalıb artmaqdadır. Belə adlar sözlərə (adlara) uyğunsuz şəkildə artırılan  “-ə” şəkilçisinin qoşulması ilə ifrat dərəcədə yaradılan şəxs adlarıdır. Əlbəttə, çoxlarına məlumdur ki, türk dillərində cins kateqoriyası olmadığından bu məqsədlə morfoloji əlamət də yoxdur. (qeyd: Cəmilə, Adilə, Həlimə, Səlimə, Tahirə, Fəridə kimi ərəb mənşəli onlarla adlar dilimizə hazır şəxs adları kimi formalaşmış şəkildə keçmişdir. Yüksək mənəvi, habelə kamil fiziki qabiliyyətləri əks etdirən bu məfhumlar eyni dərəcədə kişi və qadın adlarını formalaşdırır) türk dillərində cins kateqoriyası olmadığından şəxs adlarını cinsə görə yalnız onun semantikası əsasında müəyyən etmək olur.

Lakin son zamanlar şəxs adlarını cinslərə görə fərqləndirən formal əlamətə (-ə) xüsusi bir aludəçilik özünü göstərir; həmin model əsasında çoxlu yanlış deyə biləcəyimiz  adlar meydana gəlmişdir: Çinarə, Ceyhunə, Riyadə, Sahilə, Ulduzə, Aynurə, Gülnarə, Nuranə, Vüsalə, Turanə,Talehə, Xəyalə...(siyahını uzatmaq olar) və ya bunun daha gülünc bənzərləri müşahidə olunur; daha çox  kişi adları tək istifadə edilən şəxs adlarından Anarə, İlqarə, Müşfiqə, Natiqə, Aqşinə… kimi “ad” qəlibində uydurmalar artıq həmin mənanı ifadə edə bilmirlər. İnsan inana bilmir ki, valideyn övlad qədər əziz varlığa bu qədər biganə olsun?! Sadəcə bir  yada salsaq ki, Azərbaycan dilində tam mənalı lüğəvi vahid kimi çinar,  gülnar, vüsal, xəyal, ilqar sahil, ulduz, Ceyhun(məşhur çayın adı), Turan və s. kimi sözlər müəyyən mənaya malik olduqları halda onlardan -ə morfeminin köməyi ilə yaradılan “şəxs adları” artıq heç bir məna daşımayan lüzumsuz adlardır və elmi cəhətdən də etibarsızdır. Çünki belə adlarda dilin normaları pozulmuşdur. Gəlin müqayisə edək: həmin yanlış adları öz əslində – Gülnar, Nuran, Aynur, Vüsal, Xəyal, Sahil şəklində işlədə bilmərikmi?! Bir halda ki, dilimizdə müştərək adlar (həm oğlana, həm də qıza qoyulanlar) Arzu, Qüdrət, Hilal, Yadigar, İntizar, Şövkət, Pərvin, Səxavət, İzzət, İsmət, Dilavər, Hicran, Şirin, Tərlan, Dursun, Ağca, Fərasət, Şücaət, Qəmərşah… Aləmşah kimi adlar vardır.

Son illərdə çoxalmaqda olan, çox təəssüf ki, mənşəyi, mənbəyi bilinməyən, heç bir izahata sığışmayan və ya mənasız səs  yığımından ibarət olan Röyalə, Ülvan, Nurvin, Sevanə, Fənarə, Ruhanə, Ruhin, İlkanə, Elanə, Elvin, Familə, Famil, Filman, Elton, Elnar, Mobilkimi adlar hansı mülahizələrə sığışa bilər? Belə soyuq və süni adlar artıq bəzi surət və personajlara verilməklə bədii ədəbiyyat nümunələrimizə keçməkdədir; bu məzmunsuz adlar restoran, ticarət müəssisələri, şadlıq evləri kimi idarə təşkilat adları sırasına yol açmaqla ümumi mədəni səviyyəmiz, savadımız, dünyagörüşümüz barədə onun zərərinə çox söz deyə bilir.

Və bir də sevdiyimiz personaj adıdır, deyə Hamlet, Rafael, Esmira, Zaur, Elza, Amaliya, Aftandil, Elvira, Ofelya, Ancelika, Canella  adlarını övladlarımıza verməklə dilimizin milli onomastik tərkibinə doldururuqsa, bu məhdud, aşağı zövqün acısını ən çox dilimiz, mədəniyyətimiz çəkir.

Çünki adlar (şəxs adları) xalqın bir çox milli xüsusiyyətlərini – onun dünyagörüşünü, mədəni səviyyəsini, zövqünü, həyat və məişətini və s. əks etdirə bilir. Eləcə də insanın mədəni və intellektual səviyyəsi adlara münasibətdə müəyyən olunur. Məsələn, gəncin adı Müavvin qoyulmuş, lakin bu adın yanlış tərzdə tələffüzü və öz növbəsində qələt yazılışı bu kişi adının cəmiyyətdə gülünc qarşılanması üzündən gənc bu addan imtina etməyi qərarlamış və adını dəyişmişdir. Əslində onun adı Allahın gözəl adlarından Müavvin “yardımçı, köməkçi” əsil tələffüzdən uzaqlaşdığına görə Mavin şəklində anlaşılmaz, həm də xoşagəlməz adlardan hesab olunmuşdur.

Burada yeri gəlmişkən deməliyik ki, Azərbaycan türkcəsindən qonşu xalqların dilinə çoxlu sözlər daxil olduğu kimi, şəxs adları da keçmişdir. Belə olan halda qədim və gözəl şəxs adlarımız qonşu xalqların arasında geniş yayıldığı halda, özümüzün ad sistemimizə xələl gətirmək onu yoxsullaşdırmaq, yaxud lüzumsuz, saxta adlar hesabına nüfuzdan salmaq nəyə lazımdır?! Həmişə nəzərdə saxlamaq lazımdır ki, ümum Qafqazda bizim adlar sevilən, rəğbət oyadan adlar olmaqla daim qonşu xalqlar arasında geniş istifadə olunmuşdur. Maraqlı və dolgun semantikaya, bəlli bir tarixə malik olan Əmir, Əsgər, Bəxtiyar, Elbəyi, Yenibəy, Yenixan, Dönməz, Baba, Əzizbəy, Yengibar, Yıldırım, Yaxşı, Xatın, Gülnaz, Çiçək, Könül, Şilan (şölən “bayram”), Ağazadə, Bəynəzər kimi şəxs adlarımız erməni dilində yaşamaqdadır. Axı son zamanlar bir çox maddi dəyərlərimiz kimi mədəniyyət örnəklərimizin də ermənilər tərəfindən mənimsənilməsindən çox bəhs edirik. Şübhəsiz bu, həmin dəyərlərimizə vaxtında lazımi qiymət verə bilmədiyimizdən irəli gəlir. O cümlədən ermənilərin hələ Səcuqlular dövrü (9-12 əsrlər: türk xalqlarının təşkilatlanma və birləşmə dövrü) ilə səsləşən qədim türk soyadlarını, eləcə də şəxs adlarını daşıması yenə bizim öz adlarımıza olan biganəliyimizdən, laqeyd münasibətlərimizdən doğur.

Uydurma şəxs adlarına uymaqla bizim üçün yüksək dəyər kəsb etməkdə olan ümumtürk, ümumislam ad sistemindən uzaq düşürük. Bu gün isə təəssüf ki, belə “yanlış” adlar sürətlə çoxalmaqla və yeni nəsil arasında yayılmaqla adlarımızın sayı süni surətdə çoxalıb yayqınlaşmadadır. Unutmayaq ki, böyük və mədəni xalqların ad sistemi o qədər də “zəngin” deyil. Əksinə, adların tez-tez təkrarı milli mənsubiyyəti qoruyub saxlamağa şərait yaradır. Bununla bağlı yerində qeyd etmək lazım gəlir ki, şəxs adlarımızın toplandığı qalın kitabların elə qalınlığı insanda şübhə və təşviş oyadır. Nə etməli, Azərbaycan şəxs adlarının yaranma yolları, tərkibi, quruluşu və istifadəsi ilə bağlı bir çox xüsusiyyətlər işıqlandırılmaqla yanaşı, şübhəsiz, belə lüğətlər isə məhz çox zaman süni adlar hesabına şişib həcmini böyütmüşdür. Ad sisteminin bütöv, bununla yanaşı dəqiq olması qayğısına qalınmalıdır; adlarımızın da soyadı kimi hər zaman, hər yerdə milli mənsubiyyəti əks etdirməsi məqsədəuyğundur.

Adları düzgün tələffüz edək, çünki bu öz növbəsində rəsmi sənədlərə də yol açır: Xəccə, Aşa, Yağıb, Meyti, Hürü, Usub, Mıxdar… Yeni doğulan uşağa ad qoymaqda valideynlərin zövqü, dünyagörüşü ilə bərabər VVAQ  işçilərinin savadı və məsuliyyəti mühüm rol oynayır. Unutmayaq…

…Çox istəyirsən bir gülüzlü körpənin, yaxud, yenicə ilk əzbərini söyləyən və səndən “afərin” gözləyən nazlı bir uşağın tellərinə sığal çəkə-çəkə adını sorduğunda – yerbəyerdən: Gülüş, Ülfət, İqbal, Sürəyya, Şərəf, Taclı, Güldərən, Sona, Leyla…Murad, İbrahim, İlqar, Cəfər, Heydər, Maqsud, Araz, Arslan, Atlıxan ….. deyə cavabların.

Minaxanım Təkəli

Professor

Share: